Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində aparılan araşdırma və monitorinqlərin nəticələri əsasında mövcud vəziyyət təhlil edilib, sağlamlıq, təhlükəsizlik, ekoloji mühitin yaxşılaşdırılması ilə bağlı kompleks təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub.
Bu barədə Gədəbəy rayonunun Söyüdlü kəndində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə ölkə Prezidentinin tapşırığı və Baş nazirin 2023-cü il 21 iyun tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın məlumatında deyilir.
Nəticələr göstərib ki, ərazidə fəaliyyət göstərən müəssisə tərəfindən təhlükəsizlik, ekoloji, sanitar qaydalarda pozuntulara yol verilib, istismar və tikinti prosesində müvafiq icra orqanlarının razılığı alınmayıb.
Bu səbəbdən hazırlanmış təkliflər paketində müəssisənin fəaliyyətinin müvəqqəti dayandırılması haqqında qərar verilib.
Hazırlanan təkliflər planına beynəlxalq şirkətlərin iştirakı ilə ərazidə ekoloji auditin aparılması, tullantı anbarının reabilitasiya və rekultivasiya planının hazırlanması, mövcud tullantı anbarı və bəndinin dayanıqlılığının yoxlanılması, ətraf mühitin sağlamlaşdırılması tələblərinin tam olaraq yerinə yetirilməsi məsələləri daxil edilib.
Ölkəmizdə fəaliyyət göstərən digər böyük əcnəbi şirkətlər bundan hansı nəticəni çıxarmalıdır?
Audit üzrə mütəxəssis, iqtisadçı Elçin Qurbanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə bir qərarın qəbul edilməsində ictimai fikrin önəmli rolu olub: ”Mən son parlament seçkilərində namizəd kimi iştirak etmişəm. Namizədliyimi də Gədəbəy-Tovuz dairəsindən vermişdim. Oranın insanları ilə çox yaxından tanışam. Onların düşüncə tərzinə yaxşı bələdəm. Gədəbəylilər çox obyektiv insanlardı. Həm zəhmətkeş, həm dürüst, həm də çox mehribandırlar. Total aşınma bütün insanlara təsir göstərsə də, həmin adamlar öz saflıqlarını qorumağa çalışırlar. Mən müsahibələrimdə də demişəm ki, belə bir siqnalı verdikləri üçün əhaliyə təşəkkür etmək lazımdır. Azərbaycanın belə bir dilbər güşəsindəki ekoloji tarazlığın hansısa kiçik bir müəsissəyə görə məhv edilməsi haqda həyəcan təbili çaldılar. Həmin şirkət lazım olan mənfəətini əldə etdikdən sonra ziyanla işləməyə başlayıb. Onların təbiətimizə vurduğu ziyanı milyonlarla pul xərcləyib bərpa etməliyik. Komissiyanın qərarını çox düzgün sayıram və bu məni sevindirdi. Hesab edirəm ki, belə müəsissənin fəaliyyəti müvəqqəti deyil, tam dayanmalıdır. Dünya təcrübəsinə uyğun şəkildə təhlükəsizlik tədbirlərini görəndən sonra bərpa edə bilərlər. Dünyadakı digər qızıl zavodlarının nümunəsinə baxıb örnək götürsünlər. Şirkət həm də ətraf qəsəbələrin sakinlərinə, infrastrukturlarına yönəlik sosial layihələrə dəstək verməlidir. Bunlar olmayana qədər müəssisə fəaliyyətini bərpa etməməlidir. Bildiyiniz kimi, sağlam ətraf mühitdə yaşamaq hər bir Azərbaycan vətəndaşının haqqıdır. Bu, Konstitusiyanın 39-cu maddəsində təsbit olunub. Heç kəs qanunla müəyyən olunmuş normalardan artıq ətraf mühitə zərər verə bilməz. Kimliyindən asılı olmayaraq, hər bir şəxs, şirkət buna əməl etməlidir. Heç bir iradə Konstitusiyamızdan artıq ola bilməz. Ətraf mühitlə işləyən digər şirkətlər də bundan nümunə götürməlidir. Yaradılmış Komissiya öz fəalityyətini bununla yekunlaşdırmalı deyil. Belə müəssisələrin fəaliyyətini hər zaman nəzarətdə saxlamalıdırlar”.
Məhəmmədəli QƏRİBLİ