Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistanda bu gün ən böyük tənəzzül müşahidə edilən sahələrdən biri də ölkə ordusudur. Belə görünür ki, ölkədə hakimiyyət dəyişikliyinə rəğmən, ordunun çöküşü əvvəlki dinamika ilə davam edir. Bunu hətta müvafiq rəsmi dairələr də təsdiq edir. Ermənistanın hərbi prokuroru Vaqe Arutyunyan 2018-ci ildə hüquq-mühafizə orqanlarının silahlı qüvvələrdə cinayətkarlıqla mübarizə üzrə hesabatını təqdim edərkən qeyd olunan xüsusda çox maraqlı məqamlar açıqlayıb.
O bildirir ki, 2018-ci ildə Ermənistan silahlı qüvvələrində 3525 fövqəladə hadisə qeydə alınıb. Onlardan 235-i (66,9%) qanun pozuntusu, 1140-ı (36,2%) isə cinayətdir. Arutyunyanın sözlərinə görə, ötən il Ermənistan ordusunda ağır cinayətlərin sayı 8,1% artıb. Xüsusilə ağır cinayət hadisələrinin sayı 43 fakt təşkil edib. Bu cinayətlərin içərisində hərbçilərin öz xidməti yoldaşına atəş açaraq qətlə yetirməsi və mülki şəxsin hərbçini öldürməsi halları da var. Ermənistanın hərbi prokuroru bildirib ki, ötən il hərbi qulluqçuların bir-birinə müxtəlif bədən xəsarətləri yetirməsinə dair ümumilikdə 1173 hal qeydə alınıb. Ağır xəsarət alan hərbçilərin sayı isə 54 olub. Hərbi prokurorluğun hesabatına əsasən, 2018-ci ildə Ermənistan silahlı qüvvələrində 182 korrupsiya faktı qeydə alınıb ki, bu da 2017-ci illə müqayisədə 66 % çoxdur. Həmin korrupsiya faktları üzrə 173 cinayət işi açılıb. Onların içərisindən 83 nəfərə qarşı ittihamın irəli sürüldüyü 43 cinayət işi məhkəməyə göndərilib. Rəsmi məlumatlara əsasən, 2018-ci ildə Ermənistan ordusunda baş verən qanun pozuntuları və fövqəladə hadisələr səbəbindən dövlətə ümumilikdə 863 min ABŞ ziyan dəyib. Bu isə 2017-ci ilin göstəricisindən 7,3 dəfə çoxdur.
Amma müstəqil rəsmi mənbələr cinayət və ölüm hallarının daha çox, korrupsiyanın miqdarının isə daha yüksək olması qənatəindədir. Məsələn, Ermənistan Xüsusi İstintaq Xidməti sabiq müdafiə nazirinin müavini, “Yerkrapa” könüllü döyüşçülər təşkilatının rəhbəri general Manvel Qriqoryanın milyonlarla dollar mənimsədiyini üzə çıxarıb. Qeyd olunub ki, açılan cinayət işi çərçivəsində aparılan ilkin istintaq nəticəsində əldə olunan faktlar üzrə Qriqoryan külli miqdarda silah və döyüş sursatının qanunsuz saxlanmasında, 1 milyard 228 milyon dram məbləğində vergidən yayınmada, 101 milyon 232 min dəyərində əmlakın və dövlətin 1 milyard 225 milyon dram vəsaitini qanunsuz şəkildə mənimsəməkdə, həmçinin şantaj yolu ilə 37 milyon 101 min dəyərində mülkiyyətə sahiblənməkdə ittiham olunur. İstintaq nəticəsində sabiq müdafiə nazirinin müavininə qarşı ittihamların sayı artmaqla yanaşı, onun həyat yoldaşı Nazik Amiryana qarşı da ittiham irəli sürülüb. Ermənistan Xüsusi İstintaq Xidmətindən bildirilib ki, Manvel Qriqoryan və xanımına qarşı başladılan cinayət işi baxılması və müvafiq cəza qərarının çıxarılması üçün məhkəməyə göndəriləcək. Manvel Qriqoryanın oğlu Arman Qriqoryan isə axtarışa verilib. Bundan başqa, ordudakı ölüm hallarının gizlədilməsi də qalmaqala səbəb olub. Cari ilin ilk günündə aldığı xəsarətlərdən ölən erməni hərbi qulluqçu Edqar Qriqoryan olayı buna konkret nümunədir. Xatırladaq ki, yeni il gecəsi Ermənistan ordusunun müqaviləli hərbi qulluqçusu Edqar Qriqoryan odlu silah yarasından ölsə də, Müdafiə Nazirliyi və ya İstintaq Komitəsi bu barədə məlumat yaymayıb. İntihar həddinə çatdırma maddəsi üzrə cinayət işi açılıb.
Hərbi hüquq sahəsində ixtisaslaşmış vəkil Norayr Norikyan bu faktın uzun müddət gizlədəiliəsini ordudakı böyük cinayət şəbəkəsinin mövcuduluğunu göstərən amil kimi dəyərləndirib: “Yeni il gecəsi odlu silah xəsarətlərindən ölən müqaviləli hərbi qulluqçu ilə bağlı baş vermiş fakt barədə məlumat verilməməsi səhlənkarlıq nəticəsi deyil. Bu məsələdə hansı dövlət orqanının səhlənkarlığa yol verməsindən asılı olmayaraq, bu, hərtərəfli yönləndirilmiş və bundan irəli gələn nəticələrlə bağlı bir təlimat olub. Bir şey aydındır ki, bu kimi halların gizlədilməsi ictimaiyyət içərisində silahlı qüvvələrə, onun rəhbərliyinə qarşı şübhə toxumları yayır. Mən bunu yolverilməz davranış tərzi hesab edirəm”. Onun sözlərinə görə, bu hərəkət tərzinin bir izahı var və o, iki və ya üç orqan tərəfindən eyni vaxtda yol verilən nöqsan ola bilməz. Jurnalistin “Müdafiə Nazirliyinin bir sıra vəzifəli şəxsləri, informasiyaya cavabdeh olanları, həmçinin müdafiə naziri qeyd edib ki, hadisəni gizlətmək və ya ört-basdır etmək kimi bir niyyətləri yoxdur. Nazir isə qeyd edib ki, kiçik xidməti araşdırma təyin edilib. Kiçik xidməti araşdırma nə deməkdir və məgər bu böyük məsələnin cavabını verə bilər” deyə verilən suala vəkil belə cavab verib: “Əvvəla, kiçik və ya böyük xidməti araşdırmalar olmur. Bundan başqa, praktika göstərir ki, bu barədə hərbi hissə komandiri məlumat vermir. Müdafiə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsi, yaxud İstintaq komitəsinin mətbuat katibi müvafiq bəyanatla çıxış edir. Buna görə də hər hansı elmi tədqiqat fəaliyyəti açmaq və yaxud böyük, kiçik xidməti araşdırma aparmaq lazım deyildi. Problem bəyanatın açıqlanması tərzində deyil, hadisənin motivini gizlətmək kontekstindədir”.
Nahid SALAYEV