Aydın Mirzəzadə: “O bir vətənpərvərdir, adət-ənənələrimizi dərindən bilir, milli liderliyi yüksək səviyyədə bacarır”
Son vaxtlar ölkə başçısı İlham Əliyevin fəaliyyətində xalqla birbaşa təmas qurmaq kimi siyasətin yürüdülməsinə dair əlamətlər nəzərə çarpır. Əslində, İlham Əliyev hər zaman xalqla təmasda olub, ancaq indiyə qədər bunun daha çox məmurlar vasitəsilə tənzimləndiyinin şahidi olurduq.
Son bir ay ərzində baş verən bəzi hadisələr zamanı Prezidentin davranışları göstərir ki, artıq o, xalqla daha yaxından əlaqə yaratmağa meyllidir. Əhalinin problemlərini şəxsən onların öz dilindən eşidib, real qərarlar qəbul etməyi daha üstün tutur. Şəhid vərəsələri ilə bağlı yaranan anlaşılmazlığın aradan qaldırılması da məhz bu formatda baş tutdu. Prezident şəxsən özü şəhid ailələri ilə görüşdü. Biz eyni addımları Şamaxıda baş verən zəlzələ zamanı da gördük. Hiss edilir ki, dövlət başçısının ölkədə baş verən istənilən sosial-siyasi, mədəni hadisələrə dərhal reaksiya verməsi insanlarda ruh yüksəkliyi yaradır, dövlətə, dövlət başçısına rəğbətin artmasına səbəb olur. Xüsusən texnogen qəzalar və fövqəladə hadisələr zamanı insanlara dəyən ziyanın aradan qaldırılması, təbii fəlakətdən zərər çəkmiş insanlara maddi və mənəvi dəstəyin verilməsi barədə göstəriş verməsi vətəndaşların dövlətə inamını daha da artırır. Məlumat üçün qeyd edək ki, dövlət başçısı İlham Əliyev Prezidentliyi dövründə təbii fəlakətdən ziyan çəkmiş insanlara dəstək olduğunu öz əməli fəaliyyəti ilə dəfələrlə sübut edib. Belə ki, vaxtilə Kür və Araz çaylarının daşması nəticəsində bölgələrdə baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması istiqamətində dövlət başçısının həyata keçirdiyi tədbirlər razılıqla qarşılanmışdı. Çünki evləri dağılan vətəndaşlar üçün dövlət başçısının göstəriş və tapşırıqları əsasında yeni mənzillər tikilib istifadəyə verilmişdi.
Prezidentin Beyləqan rayonuna etdiyi səfər zamanı da biz maraqlı hadisənin şahidi olduq. Ölkə başçısı rayon əhalisi ilə çox yaxın təmasa keçdi, hətta onlarla birlikdə vətənpərvər mahnı da oxudu.
Sadalanan faktlar deməyə əsas verir ki, xalqın birmənalı seçiminin Prezident İlham Əliyev olması təsadüfi deyil. Çünki Prezident hər zaman xalqın yanındadır və onların qayğıları ilə yaxından maraqlanır. Dövlət başçısının şəhid ailələri, hərbi qulluqçular, gənclər və digər kateqoriyadan olan vətəndaşlarla görüşü bunu bir daha təsdiq etmiş olur.
Aydın şəkildə hiss edilir ki, ölkə başçısının xalqla birbaşa təmasları hətta onun opponentləri tərəfindən müsbət qarşılanır. İlham Əliyevin bu jestinin, birmənalı olaraq, müsbət qarşılanmasının sirri nədədir?
Millət vəkili Aydın Mirzəzadə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, xalqla təmas, xalqın problemi ilə dərindən maraqlanmaq cənab Prezident üçün hər zaman xarakterik olub: “Yadınıza salım ki, 1990-cı ilin yanvar ayının 21-də o, mərhum Heydər Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedib, SSRİ qoşunlarının Bakıda qətliam törətməsinə etirazını bildirib. Bu faktın özü göstərir ki, İlham Əliyev hələ Prezident olmadan öncə də xalqla birlikdə olub. Bu onun xarakterinin göstəricisidir. Cənab Prezident dəfələrlə regionlarda səfərdə olub. Bu isə o deməkdir ki, o, Azərbaycanı kifayət qədər dərindən və yaxşı tanıyır. Onun vaxtaşırı olaraq vətəndaşlarla keçirdiyi görüşlərin ayrı-ayrı, bir-birindən fərqlənən anları isə daim diqqəti cəlb edir. O bir vətənpərvərdir, adət-ənənələrimizi dərindən bilir, milli liderliyi yüksək səviyədə bacarır. Bu baxımdan da onun seçkilərdə yüksək səs toplaması tam və qanunauyğun məsələdir. Cənab Prezident həm xalqın qayğıları ilə yaşayır, həm də onlarla təmasdan sonra əldə etdiyi informasiyalarla bağlı ciddi addımlar atır. Biz müşahidə etmişik ki, sonrakı dönəmlərdə təmasda olduğu regionun problemləri ilə bağlı ciddi tapşırıqlar verir. Elə olur ki, həmin yerdə məmurlara tapşırıqlarını deyir. Elə məsələlər də olur ki, onların həllini Bakıya qayıtdıqda edir. Cənab Prezident xalqın içindən çıxdığına, Azərbaycan xalqının taleyüklü problemlərini həll etmiş ulu öndər Heydər Əliyevin ailəsində böyüdüyünə görə onun indiki addımları və fəaliyyəti də xalq tərəfindən daim yüksək səviyyədə dəstəklənir”.
Məhəmmədəli QƏRİBLİ