Əli Əhmədov: “İnternetin məhdudlaşdırılmasının tamamilə əleyhinəyəm, ancaq biz müzakirələr aparıb texniki və hüquqi tənzimləmə yollarını tapmalıyıq ki, bu eybəcərliklərin qarşısı alınsın” Bahar Muradova: “Bu gün Azərbaycanda insan hüquq və azadlıqlarını təmin edən bütün qanunverici əsaslar var və beynəlxalq təşkilatların standartlarına uyğundur” Azay Quliyev: “Sosial şəbəkələr vasitəsilə milli-mənəvi dəyərlərimiz mənəvi terrora məruz qalır”
Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri ilə görüş keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov, millət vəkilləri və QHT təmsilçiləri iştirak ediblər.
Tədbirdə sosial mediada təhqirlərin və digər bu kimi xoşagəlməz halların qarşısının alınması yollarının tapılması istiqamətində müzakirələr aparılıb. Həmçinin, sosial şəbəkənin yaratdığı mənfi təzahürlərdən danışılıb və bu istiqamətdə maarifləndirmə işinin gücləndiriməsinin vacibliyi vurğulanıb.
Əli Əhmədov tədbirdə çıxış edərək bildirib ki, əsas problem odur ki, sosial şəbəkələrdə özünü qanuni yolla müdafiə etmək imkanları da yoxdur: "İstənilən adamı istənilən formada təhqir etmək, mənəvi terrora məruz qoymaq çox asandır, lakin bundan özünümüdafiə mexanizmi yoxdur. Bu bir bəla olaraq bütün dünyada geniş vüsət alıb. Bu problem cəmiyyətdə bir gərginlik yaradır. Bu problem tək Azərbaycanda deyil, digər dövlətlərdə də mövcuddur. Ancaq Azərbaycanda bu hal eybəcər formadadır. Ayrı-ayrı ölkələrdə bu problemin qarşısını almaq üçün yollar axtarılır, texniki və hüquqi baxımdan cəhdlər edilir. Azərbaycanda da bu problemin qarşısını almaq üçün hüquqi normalar var, ancaq bunun tətbiq edilməsi mexanizmi mövcud deyil. Bəzi ölkələr bu problemin qarşısını almaq üçün internetin məhdudlaşdırılmasına da gedirlər. Mən internetin məhdudlaşdırılmasının tamamilə əleyhinəyəm, ancaq biz müzakirələr aparıb texniki və hüquqi tənzimləmə yollarını tapmalıyıq ki, bu eybəcərliklərin qarşısı alınsın”.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova çıxış edərək bildirib ki, bu gün dünyanın yaratdığı texnoloji yenilik ciddi problemə çevrilib: “İnternetdə təhqirlər, mənəvi terror cəmiyyət üçün ciddi problem yaradır. Bu gün Azərbaycanda insan hüquq və azadlıqlarını təmin edən bütün qanunverici əsaslar var və beynəlxalq təşkilatların standartlarına uyğundur. Lakin qanunlar internetdə baş verən bu eybəcərliklərin qarşısını almaqda acizdir. Biz qanunlara hər hansı məhdudlaşdırıcı maddələr əlavə etmək niyyətində deyilik. Bu problemin qarşısını almaq üçün mübarizə yolları tapmalıyıq”.
B.Muradovanın sözlərinə görə, bu gün Azərbaycanda əhalinin 80 faizi internet istifadəçisidir, mətbuat sərbəst fəaliyyət göstərir. Yəni Azərbaycanda fundamental azadlıqlar tam təmin olunub və bu bizim böyük nailliyyətimizdir: “Hər hansı problemlər, üzləşdiyimiz çətinliklər bizi bu nailiyyətlərdən geri çəkilməyə vadar edə bilməz. Qəbul etdiyimiz qanunlar beynəlxalq standartlara uyğundur. Ölkəmizdə KİV, sosial şəbəkələr, onlayn media elektron resurslar mövcuddur və fəaliyyət göstərirlər. Amma bu sahədə bütün dünyada olduğu kimi, ölkəmizdə də qanuni çərçivədən çıxmaq genişlənib. Sosial şəbəkələrdə yalan, böhtan xarakterli məlumatlar artır. Bu problem bütün dünyada yaşanır. Biz bu qədər informasiya axınının və onun arxasında dayanan şəxlərin administrativ yollarla cəzalandırılması metoduna üstünlük verə bilmərik. Bu bizim yolumuz deyil. Biz burada insanların mənəvi-etik çərçivələri gözləməsi üçün daha çox mənəvi kriteriyalardan istifadəyə üstünlük verməliyik. Bu da ictimai qınaqdır”.
QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev isə qeyd edib ki, sosial şəbəkələr vasitəsilə milli-mənəvi dəyərlərimiz mənəvi terrora məruz qalır: “Sosial şəbəkələrdə dövlət, hakimiyyət orqanlarını gözdən salmağa çalışırlar. Bunu düşünülmüş siyasi məqsədlərlə edirlər. Sosial şəbəkələrdə söyüş adi hala çevrilib. Müzakirələr aparmalıyıq və elə bir yol tapmalıyıq ki, insanlar söyüşə məruz qalmasın”.
Günel CƏLİLOVA