Elşən Manafov: “Fikrimcə, onlar Qarabağ məsələsində bir sıra məqamlara Paşinyandan aydınlıq gətirilməsini istəyirlər”
Məlum olduğu kimi, Münhen Təhlükəsizlik Konfransı fevralın 15-dən 17-dək keçiriləcək. Belə ki, bu il Münhen Forumunda təhlükəsizlik siyasəti sahəsində mütəxəssis olan 600 nəfər, o cümlədən 35 dövlət və hökumət başçısı, 80 müdafiə və xarici işlər naziri iştirak edəcək.
Forumun rəhbəri Volfqanq İşinger jurnalistlərə açıqlamasında qeyd edib ki, bir neçə yüksək çinli siyasətçinin iştirakdan imtina etməsinə baxmayaraq, builki Münhen Təhlükəsizlik Konfransı 50 ildən çox tarixi ərzində ən vacib və böyük konfrans olacaq.
Konfransda iştirakdan imtina edənlər arasında Fransa Prezidenti Emmanuel Makron və İsrail Baş naziri Binyamin Netanyahu kimi şəxslər var. Eyni zamanda, Netanyahu ABŞ və Polşa tərəfindən təşkil edilən Yaxın Şərq Təhlükəsizlik Konfransına qatılmaq qərarı verib.
Münhendə ABŞ-ı vitse-prezident Mayk Pens, Nümayəndələr Palatasının sədri Nensi Pelosi, həmçinin, Trampın qızı İvanka və onun həyat yoldaşı Cared Kuşner təmsil edəcək.
Bu il Münhen Təhlükəsizlik Konfransında, həmçinin, Almaniya Kansleri Angela Merkel, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini, NATO Baş katibi Yens Stoltenberq iştirak edəcəklər.
Diqqətçəkən məqamlardan biri odur ki, Ermənistan kimi aqressor dövlət də sözügedən konfransda iştirak edəcək. Hansı ki, bu dövlət təhlükəsizliyə hər zaman potensial təhdid yaradıb. Cənubi Qafqazda uzun illərdir işğalçılıq siyasəti həyata keçirir. Bu cür dövlətin belə bir mötəbər tədbirə dəvət edilməsi nə dərəcədə doğru və məntiqli qərardır?
Məsələyə münasibət bildirən politoloq Elşən Manafovun sözlərinə görə, Münhen Təhlükəsizlik Konfransının keçirilməsi ənənə halını alıb: “Təəssüf ki, müəyyən səbəblərdən Ermənistan kimi aqressor dövlət də konfransa dəvət edilib. Cənubi Qafqazda mövcud sabitliyə, təhlükəsizliyə özünün təcavüzkar siyasəti ilə ciddi təhlükə təşkil edən Ermənistanın konfransa dəvət olunması suallar doğurmaya bilmir. Görünən odur ki, Azərbaycan kimi, Ermənistan da ümumavropa institutu sayılır. Faktiki olaraq, AŞPA-da təmsil olunur. Zaman-zaman sözügedən qurum Dağlıq Qarabağla bağlı müəyyən qərarlar qəbul edib. Bu gün əsas amil ondan ibarətdir ki, Qərb, xüsusən də Birləşmiş Ştatlar Ermənistanı nəyin vasitəsilə olursa-olsun Rusiyanın təsir dairəsindən çıxarmaq istəyirlər. Çünki Ermənistanda baş verən məlum “məxməri inqilab”dan sonra Paşinyan hakimiyyətə gəldi. Paşinyanın özü isə Sorosun “uşaqlarından” biri kimi dəyərləndirilir. Bu faktın özü onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişikliyi Qərbdəki müəyyən dairələrin maliyyə dəstəyilə reallaşıb. Ona görə də Qərbin Paşinyan iqtidarından müəyyən gözləntiləri var. Paşinyanın ata biləcəyi addımlar diqqətlə izlənir. Belə olan halda, Paşinyanı Münhenə dəvət etməyə bilməzlər. Bax, bu amilin də bunda müəyyən rolu var. Paşinyan isə provokativ açıqlamalar verir. O bəyan edib ki, Ermənistan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli variantına razıdır, amma bu modelin müqabilində heç bir ərazi güzəştlərindən söhbət gedə bilməz. Bütün bunlar onu göstərir ki, hər halda, Cənubi Qafqazdakı bu problemlər Avropanın ümumi təhlükəsizliyini düşünən dairələrin diqqət mərkəzindədir. Yəqin ki, Paşinyandan onun verdiyi bu açıqlamaların müqabilində hansı qərarlar verib-verməyəcəyinə aydınlıq gətirilməsi tələb olunacaq. Fikrimcə, onlar bu məsələdə bir sıra məqamlara Paşinyandan aydınlıq gətirilməsini istəyirlər”.
Vidadi ORDAHALLI