Elçin Mirzəbəyli: “Bir vaxtlar Fransanın müstəmləkəsi olan ölkələrdə, eləcə də Yaxın Şərqdə həyata keçirdiyi soyqırım aktlarının, terrorun digər tərəfi artıq özünü bu ölkədə də büruzə verməyə başlayıb”
Bu gün vətəndaş-hökumət qarşıdurmasının yaşandığı Fransada 2 il əvvəl qüvvəyə minən terrorla mübarizə qanunu çərçivəsində (?) 7 məscidin bağlandığı bildirilir. Fransanın Daxili işlər Nazirliyinin bu barədə yaydığı məlumata görə, qurum 10 terror aktının qarşısını alıb. Nazirlikdən bildirilir ki, məscidlərin bağlanması da bu amillə bağlıdır.
Təbii, bütün dövlətlər terrorla mübarizə aparmalıdır və bu, vətəndaşların təhlükəsizliyi baxımından çox vacibdir. Amma hansısa bir dövlət “terrorla mübarizə” adı altında məscidləri bağlayırsa və müsəlmanları “terrorçu” adlandırırsa, bu tamamilə onun başqa məqsəd güddüyünü ortaya qoyur. Fransa hökuməti öz daxilində baş verənləri nizamlamaq, vətəndaşlarının sosial rifahının təmin edilməsi istiqamətində yürütdüyü siyasətə müsbət çalarlar əlavə etsə, bu daha yaxşı olardı.
On illərdir dünyanı qorxu içində saxlayan və həm ideoloji, həm də fiziki cəhərdən silahlanmış “Daşnaksütyun” partiyasının tərəfdarlarına, erməni terror hərəkatına “dayan, dur” demədən havadarlıq edən bəzi Avropa dövlətləri kimi, Fransa da onlara dəstək verir. Əsl terrorçuya “terrorçu” demir, lakin “terrorla mübarizə” adı altında məscidləri bağlayır. Ermənilərin dünyada törətdiyi terror aktlarından yalnız türk xalqı deyil, Fransanın və onun qonşularının az əziyyət çəkmədiyi məlumdur.
Politoloq Elçin Mirzəbəyli “Bakı-Xəbər”ə bildirdi ki, ümumiyyətlə, Fransada, başqa Avropa dövlətlərində də mövcud olan məscidlərə kameralar quraşdırılır və bu baxımdan “terrorla mübarizə” adı altında məscidlərin bağlanması yolverilməzdir. “Fransada və bütövlükdə, Avropa ölkələrində məscidlərin hər birində müşahidə kamerası quraşdırılıb. Terrora cəhd edənlərin böyük əksəriyyəti elə Fransa vətəndaşlarıdır. O aktları miqrantlar törətmir. Əslində, Fransa problemin səbəbini dində, islamda və başqa amillərdə deyil, yürütdüyü ikili standart siyasətində axtarmalıdır. İŞİD terror təşkilatının tərkibində də kifayət qədər Fransa vətəndaşı olub. Bu ölkədə məscidlərin bağlanması heç vaxt çıxış yolu ola bilməz, çünki məscidlər terror yuvası deyil və terrorun mənbəyini islamda axtarmaq düzgün deyil. Bunun səbəbini ikili standartlarda və geosiyasi maraqlarda axtarmaq lazımdır” - deyə E.Mirzəbəyli qeyd etdi.
E.Mirzəbəylinin sözlərinə görə, Fransanın özü tarixdə bir sıra soyqırımlar, terror aktları törədən bir dövlətdir və onun terror bəhanəsi ilə müsəlmanları, məscidləri hədəfə alması doğru sayıla bilməz. “Fransa terrorla mübarizə aparırsa, onda bəs nə üçün erməni terror təşkilatlarına dəstək verir? Erməni terror təşkilatları indiyə qədər dünyanın müxtəlif ölkələrində böyük terror aktları həyata keçiriblər. Həmin terror aktları, həmçinin, Fransa diplomatlarına, fransalılara qarşı da baş verib. Ermənilərin Azərbaycanda, eləcə də dünyanın müxtəlif ölkələrində həyata keçirdikləri terror aktları haqqında məlumatlar kifayət qədərdir. Bu aspektdən terror hadisələrini stimullaşdıran bir ölkəyə, topluma dəstək verən Fransanın başqalarını terror törətməkdə ittiham etməyə haqqı yoxdur. “Yaxşı terrorçu”, “Bizim terrorçu” deyilən bir təfəkkürü ilə terrora qarşı mübarizəni hər hansı bir formada təşkil etmək olmaz. Terrorçunu məscidlərdə deyil, Fransanın ikili siyasətində axtarmaq lazımdır. Fransa özü erməni terrorunu dəstəkləməklə yanaşı, həm də Yaxın Şərqdə törətdiyi terror aktları ilə tanınır. Bilirsiniz ki, Fransanın Liviyaya müdaxiləsi nəticəsində sabit ölkə olan Liviya terror yuvasına çevrilib. Digər tərəfdən, bir vaxtlar Fransanın müstəmləkəsi olan ölkələrdə, eləcə də Yaxın Şərqdə həyata keçirdiyi soyqırım aktlarının, terrorun digər tərəfi artıq özünü bu ölkədə də büruzə verməyə başlayıb.
Hər şeyin bir ikinci tərəfi var. Prosesin özü, istər-istəməz, bumeranq kimi ölkənin özünə qarşı yönələcək, necə ki, Fransaya qarşı yönəlib. Terrora qarşı mübarizəyə birmənalı münasibət olmadığı təqdirdə, heç bir ölkə, o cümlədən, Fransa bu cür problemlərdən sığortalanmayıb” - deyə E.Mirzəbəyli bildirdi.
İradə SARIYEVA