Elçin Mirzəbəyli: “Xarici KİV-lərin İlham Əliyevə göstərdiyi diqqət həm də onun populyarlığından və şəxsiyyətinə olan hörmətdən xəbər verir” Azər Həsrət: “Ölkədə nə baş versə, şəxsən özü ilkin mənbələrdən məlumat alır”
Azərbaycan Prezidenti İlham Əliyev REAL televiziyasının rəhbəri Mirşahin Ağayevə müsahibəsində yerli media ilə bağlı ciddi fikirlər səsləndirib. İlham Əliyev qeyd edib: “Mən də öz işimdə mediadan gələn xəbərlərə istinad edirəm, bəzi hallarda mediadan bir çox məsələləri öyrənirəm, dərhal reaksiya verirəm.
Siz bilirsiniz ki, mən Azərbaycan mediasına həmişə böyük dəstək göstərmişəm. Mənim media nümayəndələri ilə çoxsaylı görüşlərim bunun əyani sübutudur və həmişə çalışmışam ki, öz işimlə medianın inkişafına dəstək verim. Şadam ki, Azərbaycan mediası bu gün ölkəmizin həyatında önəmli rol oynayır. Deyə bilərəm ki, mən də öz işimdə mediadan gələn xəbərlərə istinad edirəm, bəzi hallarda mediadan bir çox məsələləri öyrənirəm, dərhal reaksiya verirəm. Bu barədə mən bir neçə dəfə öz fikirlərimi bildirmişəm və hesab edirəm ki, gələcəkdə Azərbaycan mediası ölkəmizin həyatında bundan da böyük rol oynayacaq.
Onu da bildirməliyəm ki, bəzən belə bir sual verilir, nə üçün Prezident xarici mediaya daha çox müsahibə verir? Bunun iki səbəbi var. İstərdim ki, bu barədə də öz fikrimi bildirim, Azərbaycan mediası da bunu bilsin. Birincisi, bu gün Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq xüsusi əhəmiyyət daşıyan bir məsələdir. Çünki bu gün dünyada informasiya mübarizəsi gedir”.
İlham Əliyev vurğulayıb ki, Azərbaycana qarşı bir sıra hallarda çox əsassız ittihamlar irəli sürülür, qərəzli, saxta məlumatlar dərc edilir: “Bunun məqsədi ölkəmizin imicinə zərbə vurmaq, ölkəmizi inkişaf, müstəqillik yolundan döndərmək və Azərbaycanı geridə qalmış ölkə kimi təqdim etməkdir. Ona görə xarici mediada bizim mövcudluğumuz, sözlərimizin çatdırılması xüsusi əhəmiyyət daşıyır. Yəni bizə qarşı aparılan bütün bu təbliğatın qarşısında öz həqiqətlərimizi ortaya qoyuruq, Azərbaycanı müasir, güclü dövlət kimi tanıtdırırıq və ölkə haqqında həqiqətləri çatdırırıq. Bu, birinci səbəbdir. İkinci səbəb ondan ibarətdir ki, mən ölkə daxilində gedən işlərlə bağlı öz fikirlərimi müntəzəm olaraq müxtəlif formatda bildirirəm. Mənim çıxışlarımın bir çoxu hesabat xarakterlidir”.
Prezident bildirib ki, Nazirlər Kabinetinin müntəzəm olaraq keçirilən toplantılarında həm görülmüş işlərə qiymət verilir və ən önəmlisi, görüləcək işlər haqqında danışılır: “Regional inkişaf proqramlarının icrası ilə bağlı tədbirdə il ərzində görüləcək işlər haqqında çox aydın ifadələr ortaya qoyulur. Beləliklə, Azərbaycan vətəndaşları həm məndən eşidirlər ki, hansı işlər görülüb, biz harada uğurlara nail olmuşuq, harada hələ ki, həll olunmamış problemlər, nöqsanlar var və həm də görüləcək işlərlə bağlı fikirlər ortaya qoyulur. Müxtəlif mövzularla bağlı müntəzəm olaraq öz fikirlərimi çatdırıram. Yenə də deyirəm ki, bu həm hesabat xarakterli, həm də görüləcək işlər, istiqamətlərlə bağlı istiqamətverici çıxışlardır. Ona görə bu məsələ ilə bağlı iki amil mövcuddur və istərdim ki, Azərbaycan mətbuatı bunu bilsin. Ancaq, eyni zamanda, bugünkü müsahibəmiz onu göstərir ki, mən həmişə Azərbaycan mətbuatına da açıq olmuşam, bundan sonra da belə olacaq”.
Göründüyü kimi, ölkə başçısı niyə xarici mediaya müsahibə verməkdə maraqlı olduğunu ətraflı şəkildə izah edib. Prezidentin bu mövzu ilə bağlı izahını media rəhbərləri necə qəbul edirlər?
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli qəzetimizə açıqlamasında bildirdi ki, ölkə başçısının bu yöndə verdiyi izahatı çox doğru və dəqiq ifadə olunmuş yanaşma kimi qəbul edir: “Cənab Prezident indiyə qədər Azərbaycan mediasına böyük önəm verdiyini təsdiqləyən çoxlu sayda addımlar atıb. KİV-lərə dövlət dəstəyi konsepsiyasından başlamış, ardıcıl şəkildə atdığı addımları ilə medianın dostu olduğunu sübuta yetirmiş olub. Ölkə başçısının xarici mediaya göstərdiyi diqqəti təbii qəbul etmək lazımdır. Bunun nəyə xidmət etdiyi də göz qabağındadır. Bu günə qədər Azərbaycan əleyhinə kifayət qədər təxribat xarakterli məlumatlar yayılıb. Əksər hallarda isə sübut olunur ki, bu məkrli niyyətlər ermənipərəst dairələr tərəfindən həyata keçirilir. Azərbaycan Prezidentinin müsahibə verdiyi xarici telekanalların kimlərə məxsus olduğuna diqqət yetirsək görərik ki, onların sırasında ATƏT-in Minsk Qrupuna üzv olan ölkələrə aid olanlar çoxluq təşkil edir. Təbii ki, bununla da kifayətlənilmir. Müsahibə verilən əcnəbi kanallar arasında digər ölkələrə məxsus olan populyar KİV-lər də var. Məqsəd bəllidir. Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, ölkəmizə yönələn təxribat xarakterli məlumatlara tutarlı cavab vermək. Bu həm də digər aspektə görə təqdir edilməlidir. Çünki xarici KİV-lərin İlham Əliyevə göstərdiyi diqqət həm də onun populyarlığından və şəxsiyyətinə olan hörmətdən xəbər verir. Hesab edirəm ki, ölkə başçısının verdiyi izahatda məsələnin mahiyyəti ətraflı şəkildə izah edilib”.
Mətbuat Şurasının üzvü, media eksperti Azər Həsrətin sözlərinə görə, ölkə başçısının bu izahatı bizi tam qane edir: “Biz onun ölkə mediasına necə diqqətlə yanaşdığının şahidi olmuşuq. Xarici mediaya müsahibə vermək heç də ölkə mediasını diqqətdən kənarda saxlamaq anlamına gəlmir. Mətbuat Şurasının idarə heyətinin üzvləri olaraq Prezidentlə bir neçə dəfə görüşmüşük. Orada həmişə çox açıq söhbətlər gedir. Mirşahinlə olan müsahibəyə baxanda da onu xatırladım və bu fikri də tez-tez deyirəm. Cənab Prezident görüş zamanı bizə demişdi ki, “Bəzi məmurlar mənə yalan məlumat verirlər. Ölkədəki gerçək durum haqqında bilgi vermək istəmirlər. Amma bir şeyi unudurlar ki, mən özüm hər tərəfdən informasiya alıram, xüsusən də jurnalistlərdən”. Prezident orada qeyd etmişdi ki, mən mətbuatı yaxından izləyirəm, sizin tənqidlərinizi oxuyuram və xahiş edirəm ki, siz tənqidlərinizi yazmağa davam edəsiniz. Mirşahinlə müsahibədə də eyni fikir fərqli bir formada səsləndirildi. Həqiqətən də cənab Prezident özü mətbuatın yanında olmaqla bərabər, mətbuatı çox yaxından izləyir. Hətta mən bildiyimə görə sosial medianı belə çox yaxından, şəxsən özü izləyir. Buna görə də ölkədə nə baş versə, şəxsən özü ilkin mənbələrdən məlumat alır. Mən düşünürəm ki, belə bir şəraitdə Azərbaycanda məmurlar özlərinə diqqət etməli, cənab Prezidentə yalan məlumat verməkdən çəkinməli, ölkənin doğrudan da ictimai-siyasi həyatı, ümumiyyətlə, insanların əhval-ruhiyyəsi ilə bağlı ən doğru informasiyaları Prezidentə verməyə maraqlı olmalıdırlar. Əks təqdirdə onlar cənab Prezidenti aldatmış olacaqlar və təbii ki, aldadanların da cəzalanmaları istisna deyil. Bunu da İlham Əliyev həmişə öz çıxışlarında qeyd edib ki, bizə yalan məlumat verən, ölkədəki vəziyyəti doğru dəyərləndirməyən adamlarla yollarımız ayrılacaq”.
Məhəmmədəli QƏRİBLİ