Müsavat Partiyasında yeni saxta sənəd qalmaqalı ortaya çıxıb. Daha doğrusu, partiya funksionerlərinin mühacir biznesində əllərinin olduğuna dair sübutlar ictimailəşdirilib. Ən maraqlısı isə budur ki, həmin sənədi Müsavat funksionerlərindən biri digərinə qarşı olan kompromat material kimi paylaşıb.
Məlum olub ki, xaricə saxta yolla gedən bir şəxsə partiya adından verilən sənəddə Müsavat funksioneri Yadigar Sadıqlının imzası var. Hadisə Müsavat funksionerləri arasında əsl qalmaqala səbəb olub. Onlar sosial şəbəkələrdə açıq mətnlə bir-birini qınayıblar. Hətta belə fikirlər də səslənib ki, qalmaqala Y.Sadıqlının partiya başqanı olmaqla bağlı açıq iddia ortaya qoyması səbəb olub. Sosial şəbəkələrdə yayılan məlumatlarda görünür ki, bu məsələ böyüyəndən sonra Müsavatda müzakirəyə çıxarılıb. Partiya funksioneri Elman Fəttah bildirib ki, müzakirələrdə Y.Sadıqov iştirak etmədiyindən, bu barədə onu məlumatlandırmaq lazımdır. Ancaq başqan müavini Səxavət Soltanlı təkliflə razılaşmayıb. Sonda qərara gəlinib ki, saxta sənəd müzakirələri barədə heç kimə məlumat verilməsin.
Maraqlısı odur ki, sənədin gizli saxlanmasının tərəfdarı olan S.Soltanlı məsələni özü ictimailəşdirib.
Saxta sənədə imza atdığı deyilən Y.Sadıqlının isə məsələyə münasibəti belə olub ki, bu təxribat partiyada onun başqanlığa namizəd olmağını istəməyən qüvvələr tərəfindən, iqtidarın əməli kimi təqdim edilməklə törədilib: “Beləcə, bütün söz-söhbətlərdən sonra partiya rəhbərliyi bir saxta sənəd tapıb, o da mənim adım keçən. Bu sənədin haradan gəlməsini bilmək mənim hüququmdur. Həmin sənədlə sosial şəbəkədə tanış olduğuma görə elə burada da S.Soltanlıdan sənədin mənbəyi haqqında məlumat istəyirəm. Kim göndərib və nə vaxt göndərib? Və cavabın şifahi deyil, “skrinşot”la verilməsini tələb edirəm”.
Artıq bu faktın özü bir daha sübut edir ki, Müsavat Partiyasında daxili çəkişmələr özünün pik həddinə çatıb. Hətta o vəziyyət yaranıb ki, funksionerlər bir-birnə qarşı açıq kompromat savaşına çıxıblar. Bu məsələdə saxta mühacir biznesi ilə əlaqəli detalların üzə çıxması isə yeni mövzu deyil. Zaman-zaman müxalif partiyalara qarşı belə iddialar səsləndirilib.
Mövzu ilə bağlı əlaqə saxladığımız Müsavat funksionerlərindən heç biri mövzunu şərh etmək istəmədilər. Səbəbini də belə izah etdilər ki, bu, partiyadaxili mövzudur, siyasi təşkilatın ziyanına işləyə bilər. Əgər sandıq açılıb, pambıq da çölə tökülübsə, burada partiyalıq nəsə qalmadı...
Məhəmmədəli QƏRİBLİ