Nəzakət Məmmədova: “Türkdilli respublikalarda Xocalı abidələrinin qoyulması üçün TÜRKSOY tərəfindən təşəbbüslər göstərilməli, işlər görülməlidir”
27 il bundan əvvəl Xocalıda ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırım aktı bəşər tarixində ən qanlı cinayətlərdəndir. Xocalı soyqırımını, xocalıların harayını bütün dünyaya yaymaq və bəşəriyyəti ermənilərin həyata keçirdiyi genosiddən xəbərdar etmək üçün dövlət səviyyəsində genişmiqyaslı işlər görülür.
Son illər Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlərdən biri xarici ölkələrdə Xocalı soyqırımını əks etdirən abidələrin qoyulmasıdır. Bu gün qardaş Türkiyə Cümhuriyyəti başda olmaqla, bir neçə ölkədə Xocalı abidələri qoyulub.
Qeyd edək ki, Türkiyənin Ankara, İzmir, İzmit, Uşak, Dənizli məkanlarında Xocalı abidələri qoyulub. Hətta bu ölkənin bir neçə şəhərində bir deyil, iki Xocalı abidəsi ucaldılıb.
Bundan əlavə, Almaniyanın Berlin, Meksikanın Mexiko, Niderland Krallığının Haaqa, Bosniya-Hersoqovinanın Sarayevo şəhərlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb.
Türkiyə Cümhuriyyəti istisna olmaqla, demək olar ki, heç bir türkdilli dövlətdə Xocalı soyqırımı abidəsi qoyulmayıb.
Respublika “Xatirə kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova “Bakı-Xəbər”ə bildirdi ki, türkdilli ölkələrdə Xocalı abidələrinin qoyulması olduqca vacibdir. O hesab edir ki, bu gün Türkiyənin müxtəlif şəhərlərində Xocalı abidələrinin qoyulması digər türkdilli respublikalar üçün böyük nümunədir. N.Məmmədovanın fikrincə, türkdilli respublikalarda Xocalı abidələrinin qoyulması məsələsində TÜRKSOY xüsusi aktivlik göstərməlidir. “Mənə belə gəlir ki, türkdilli respublikalarda Xocalı abidələrinin qoyulması üçünTÜRKSOY tərəfindən təşəbbüslər göstərilməli, işlər görülməlidir. Yəni türkdilli respublikalar arasında əlaqələrin qurulmasında, ortaq dil, ortaq mədəniyyət, ortaq tarix, türk birliyi ilə bağlı çoxlu işlər görən TÜRKSOY-un görməli olduğu işlərdən biri Xocalı dəhşətini türkdilli xalqlar arasında, türkdilli respublikalarda tanıdılması olmalıdır. Bu qurumun xəttilə türkdilli dövlətlərdə Xocalı abidələri ucaldılmalıdır. Həmin respublikalarda Xocalı abidələrinin qoyulması ümumtürk birliyinə xidmət edərdi. Erməni vəhşiliyi, separatizmi ilə yalnız Azərbaycan və Türkiyə qarşılaşmayıb, həmçinin, ermənilər Orta Asiyada da tükürpədici qətllər, terror aktları törədiblər. Bunu sübut edən yüzlərlə fakt var. Türkiyədə bir deyil, bir neçə Xocalı abidəsi qoyulub. Qardaş ölkənin bu addımı başqa türkdilli respublikalar üçün də örnək olmalıdır. Qardaş qardaşın yanında olanda güclərimiz birləşir və biz daha güclü oluruq. Bütün türk xalqları erməni terrorunun, vandalizminin dünyaya yayılmasında həmrəy olmalı, birgə fəaliyyət göstərməlidirlər.
Bilirsiniz, ermənilər öz yalanlarına “həqiqət donu” geydirib bütün dünyaya yayırlar. Ermənilər Qarabağda yüzlərlə azərbaycanlını qətlə yetirən qatil, separatçı Avaqyana Gürcüstanda büst qoyur, onu “qəhrəman” kimi təqdim edirlər, dünya isə bir separatçıya büst qoyulmasına reaksiya vermir. Ermənilər Xocalı qətliamını törədənlərə nəinki Ermənistanda, eləcə də başqa respublikalarda abidə qoyulmasına nail olurlar. Əlbəttə, biz bunu kəskin pisləyirik.
Bu gün Xocalı soyqırımının daha çox ölkələrə, xalqlara tanıdılması üçün türk birliyinin mütəşəkkil, məqsədyönlü fəaliyyətinə ehtiyac var”. N.Məmmədova qeyd etdi ki, TÜRKSOY-la Azərbayan arasında çox ciddi əlaqələr var və bu əlaqələr Azərbaycan həqiqətlərinin türkdilli xalqlara çatdırılmasında mühüm rol oynamalıdır. O vurğuladı ki, TÜRKSOY öz tədbirlərinə, proqramlarına Xoclı soyqırımı ilə bağlı məlumatlar daxil edir, ancaq bu, faciənin tanıdılması üçün kifayət deyil. “TÜRKSOY-un bu istiqmətdə fəaliyyətinin genişləndirilməsi mütləqdir. Çünki Xocalı soyqırımının türkdilli xalqlara bütün detalları ilə tanıdılmasına ehtiyac böyükdür”-deyə N.Məmmədova vurğuladı.
N.Məmmədova, həmçinin, qeyd etdi ki, Xocalı soyqırımı faciələrlə tarixləşib. Onun sözlərinə görə, yüzlərlə Azərbaycan vətəndaşının işgəncələrlə qətlə yetirilməsi, boranlı, qarlı-şaxtalı qış gecəsində donub ölməsi, bəzi insanların isə qaçıb canlarını qurtarması tarixin yaddaşından heç vaxt silinə bilməz. “Mən canını təsadüfən qurtaran insanlardan biri ilə təsadüfən 2013-cü ildə Əskişəhərdə rastlaşdım. Adı Gülər idi. O, 2 yaşında təsadüf nəticəsində ermənilərin əlindən canını qurtara bilmişdi. Gülər bu faciə ilə bağlı böyüdükdən sonra məlumat almışdı. O özündə təpər taparaq mənə dedi ki, o zaman Azərbaycana gələcəyəm ki, Xocalıda şəhid olmuş insanların qanı alınsın, onda ora Vətən deyib qayıdacağam. Gülər də Xocalıda ailəsi tamamilə qətlə yetirilən, məhv edilən 13 ailədən birinin təsadüfən sağ qalmış övladıdır. Mən hələ də anlaya bilmirəm ki, dünya nə üçün bu dəhşətə göz yumur? Xocalı soyqırımının törədilməsindən 27 il keçir, lakin hələ də dünya birliyi tam olaraq səsimizə, harayımıza reaksiya vermir. Dünyada sözü keçən ölkələr isə erməni vandalizminə göz yumurlar”.
İradə SARIYEVA