Müşfiq Ələsgərli: “Prezident ötən illərdə də jurnalistlərlə görüşlərdə bu fikri dəfələrlə səsləndirmişdi”
Prezident İlham Əliyev Azərbaycan mediasının qayğı və problemlərini diqqətdə saxlayır və çağdaş mətbuatımızın inkişafı üçün mühüm sərəncamlar, proqramlar imzalayır. Bu gün mətbuatımız dövlət başçısının birbaşa diqqət və qayğısı ilə əhatə olunub. O dəfələrlə çıxışlarında Azərbaycan mətbuatını yaxından izlədiyini və öz fəaliyyətində yerli mətbuata istinad etdiyini vurğulayıb.
Prezident İlham Əliyev “Real” televiziyasına verdiyi müsahibədə mətbuatla bağlı maraqlı fikirlər bildirib: ”Siz bilirsiniz ki, mən Azərbaycan mediasına həmişə böyük dəstək göstərmişəm. Mənim media nümayəndələri ilə çoxsaylı görüşlərim bunun əyani sübutudur və həmişə çalışmışam ki, öz işimlə medianın inkişafına dəstək verim. Şadam ki, Azərbaycan mediası bu gün ölkəmizin həyatında önəmli rol oynayır. Deyə bilərəm ki, mən də öz işimdə mediadan gələn xəbərlərə istinad edirəm, bəzi hallarda mediadan bir çox məsələləri öyrənirəm, dərhal reaksiya verirəm. Bu barədə mən bir neçə dəfə öz fikirlərimi bildirmişəm və hesab edirəm ki, gələcəkdə Azərbaycan mediası ölkəmizin həyatında bundan da böyük rol oynayacaqdır”.
Tanınmış media eksperti Müşfiq Ələsgərli “Bakı-Xəbər”ə bildirdi ki, Prezident İlham Əliyevin müsahibəsində media ilə bağlı səsləndirdiyi fikirlər onun mətbuatımızın dövlətçiliyin, cəmiyyətin inkişafında oynadığı rola verdiyi böyük dəyərdir. “Mən cənab Prezidentin çıxışını çox diqqətlə izlədim və bu, həqiqətən də, çox gözlənilən çıxış idi. Cənab Prezident müsahibəsində insanları düşündürən çox sahələrlə bağlı suallara aydın və dəqiq cavablar verdi. Prezident İlham Əliyev mətbuatımızı izlədiyini və öz işində mediada gedən yazılara, məlumatlara istinad etdiyini bir neçə il əvvəl mənim də iştirak etdiyim görürşdə bildirmişdi. Prezident ötən illərdə də jurnalistlərlə görüşlərdə bu fikri dəfələrlə səsləndirmişdi. Şahidi olmuşdum ki, o bu fikri işlətməklə yanaşı, hətta Azərbaycan KİV-lərindən nümunələr də gətirmişdi. Bu da cənab Prezidentin mediamızı izləməsindən və ona xüsusi önəm verməsindən xəbər verir. Cənab Prezident öz çıxışlarında medianı izlədiyini vurğulamasa belə, onun medianı izlədiyi, ona istinad etdiyi aşkardır. Çünki onun mediada qaldırılan problemlərə, əhalini narahat edən məsələlərə operativ reaksiya verməsi dediklərimizə sübutdur. Yəni mediada hansı trend mövzular, məsələlər qabardılırsa, buna Prezidentin reaksiyası gecikmir, o bununla bağlı müvafiq dövlət qurumlarına tapşırıqlar verir, sərəncamlar imzalayır. İnsanları narahat edən problemlər mətbuatın gündəmində müzakirə mövzusuna çevrilirsə, dərhal onun həlli ilə bağlı Prezident İlham Əliyev tərəfindən addımlar atılır. Biz bunun az qala hər həftə, hər gün şahidi oluruq” - deyə M.Ələsgərli vurğuladı.
M.Ələsgərli qeyd etdi ki, Prezident mətbuatda gedən məlumatlara istinad etməklə həm də ictimai rəyi öyrənir. “Prezident mətbuatda qaldırılan problemlərin aradan qaldırılması üçün dəfələrlə sərəncamlar imzalayıb, əlaqədar dövlət qurumlarına tapşırıqlar verib və bu da insanları narahat edən problemlərin operativ şəkildə öz həllini tapması ilə nəticələnib. Bu da Azərbaycan dövlətinin açıq bir dövlət olmasının və ictimai rəylə hesablaşmasının, eyni zamanda, ictimai rəyə işləməsinin göstəricilərindən biridir. Yəni xalqın rəyi nəzərə alınır və onu qayğılandıran məsələlərin aradan qaldırılması üçün tədbirlər görülür” - deyə M.Ələsgərli qeyd etdi.
İradə SARIYEVA