İşğalçı Ermənistanda son vəziyyətin təhlili burada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ziddiyyətli bir vəziyyətin formalaşmaqda olduğunu göstərir. Belə görünür ki, Qarabağ məsələsi erməni cəmiyyətində yaşanan qütbləşməninin daha da dərinləşməsinə rəvac verəcək. Real mənzərə göstərir ki, baş nazir Nikol Paşinyan bir-birindən fərqli açıqlmalar versə də, hələ Qarabağa dair heç bir ciddi danışıqlar başlatmasa da Ermənistanda keçmiş hakimiyyətin nümayəndələri, eləcə də Qarabağdakı erməni səhra komandirləri də ona qarşı şiddətli hücum başladıblar.
Onlar Paşinyanı Qarabağa dair hansısa gizli plan qurmaqda günahlandırır və onun, ümumiyyətlə, danışıqlara qatılması faktını satqınlıq əlaməti hesab edirlər. Paşinyan bütün bunlara qarşı çıxsa da, əsas etğibarı ilə “Qarabağ klanı”nın bu xüsusda hücumları getdikcə şiddətlənir. Bunu erməni mediası, ekspert açıqlamaları, keçmiş hakimiyyət təmsilçilərinin fikirləri fonunda kifayət qədər aydın şəkildə sezmək mümkündür.
Belə görünür ki, barəsində bəhs edilən dairələr ölkədə Qarabağ münaqişəsi ətrafında yeni qarşıdurmaya belə getməyə hazırdır. Bunu Ermənistanın Respublika Partiyasının üzvü, erməni parlamentinin sabiq sədr müavini Eduard Şarmazanovun açıqlamalarından da aydın görmək olar. O bildirib ki, Nikol Paşinyan dövlətin qarşısında duran, eləcə də Qarabağ məsələsində olan çağırışlara tab gətirməyə qadir deyil, belə davam etdiyi halda yeganə çıxış yolu Nikol Paşinyanın istefasıdır. Özünün "Facebook" səhifəsində Eduard Şarmazanov daha sonra yazıb: "Paşinyan dövlətin qarşısında duran çağırışlara tab gətirməyə qadir deyil. Azərbaycan müharibəyə hazırlaşır, Nikolun hakimiyyəti isə Qarabağın "qəhrəmanlarına" hörmətsizlik edir. Pantürkizm təhlükəsi artır. Nikol Paşinyan isə cəmiyyəti inqilabçılara və əks inqilabçılara ayırır. Dövlət maraqlarımıza zərbə vuran, əvvəlkilərin hörmətdən salınması ilə bağlı bəyanatlar verir. Bölücü xətlər çəkmək və alternativ fikir dinləməmək, inqilabsayağı hərəkət tərzi bizim dövlətə baha başa gələ bilər. Hakimiyyət, həm də dövlət oyuncaq deyil ki, necə istəyirsən elə də sürəsən. Belə davam etdiyi halda bir çıxış yolu var. Bu çıxış yolu Nikolun bir an öncə istefa verməsidir. İstefadır".
Ermənistanın “Arovat” nəşri isə diqqəti buna yönəldir ki, Paşinyan Azərbaycan Prezidenti İlham Əliyev qarşısında duruş gətirə bilmir və bu fonda o, Qarabağ münaqişəsi ilə bağlı Bakının istəklərinə boyun əyəcək. Qəzet erməni cəmiyyətinin bunu nəzərə almasının vacid olduğunu yazır. Davosda İlham Əliyev və Nikol Paşinyanın saat yarım davam edən qeyri-rəsmi görüşü barədə isə politoloq Qurgen Yegiazaryan qəzetə açıqlmasında qeyd edir: “Burada biz Əliyevin istehzalı təbəssümü və özünü itirmiş Paşinyanı gördük. Ölkəmizi təmsil edən şəxs çox savadlı, böyük siyasi təcrübəsi olan adamla görüşüb. Odur ki, söhbət uğurlu alınmayıb. Bunu görüşdən çəkilmiş şəkillərdən də anlamaq olur. Simasında istehzalı təbəssüm olan Əliyev və özünü itirmiş Paşinyan. Şəkildən hər şey aydın olur. Vəziyyət niyə belədir? Niyə bu günə düşmüşük?”. Politoloq xatırladıb ki, bəzi mənbələr son zamanlar azərbaycanlıların Naxçıvan istiqamətində xeyli irəlilədiyini deyir: “Kənd bələdiyyələrinin başçıları əhali arasında əsassız təlaş yaradırsa, sərt şəkildə cəzalandırılmalıdırlar. Yox, belə deyilsə, 11 min hektar ərazinin itirilməsini necə başa düşək? Bundan öncə də 800 hektar torpağı geri verib adını “lazımsız ərazi” qoydular. Bu 11 min hektar da lazımsızdır?”.
Ermənistanın eks-deputatı Ruben Akopyan da bildirir ki, İlham Əliyevlə Nikol Paşinyanın Davos görüşündə Qarabağ konflikti müzakirə edilib: “Xarici siyasət sferası kölgədə və kulisdə olur. Hesab etmirəm ki, Davosda müzakirə edilənlər dərhal açıqlanmalıdır. Azərbaycan tərəfinin görüşdən öncə söhbətin nədən gedəcəyi ilə bağlı tam məlumatlı olması artıq başqa məsələdir. Bizim baş nazir görüşün 1,5 saat davam etdiyini və təsadüfi olduğunu deyəndə bir növ kəndçi hiyləgərliyi etməyə çalışdı. Aydın olan odur ki, tərəflər Qarabağdan danışıb və növbəti gün məhz Davosda Paşinyana Bolton zəng etdi və söhbət Qarabağdan getdi”. Onun sözlərinə görə, Paşinyan məsləhətlərə qulaq asmayacağı halda bütün Ermənistan ağır məsuliyyət altında qalacaq: “Xalqları sülhə hazırlayın” deyəndə nəyinsə baş verdiyi, prosesin getdiyi nəzərdə tutulur. Biz gərək səhvlərimizdən nəticə çıxaraq. Bütün bu dövr ərzində Azərbaycan tərəfi udub. Paşinyanın icra edilməyəcək razılaşma barədə hesabat vermə vaxtı çatıb. Xalqı həyəcanlandırmaq istəməzdim, amma müharibə heç də uzaqda deyil. Allah eləsin ki, mən yanılım”.
O hesab edir ki, Qarabağ münaqişəsinin həlli prosesində sülh qarşılığında ərazilərin qaytarılmasına razılaşmaq Ermənistan üçün məğlubiyyət deməkdir: “Sanki biz yalvarırıq: xahiş edirəm bizi döyməyin. Əlimdəki bulkanı da sizə verəcəyəm, əmi, yalvarıram, bircə bizi döyməyin... Paşinyan deyir ki, heç zaman “sülh qarşılığında ərazilər” ifadəsini işlətməyib. Əlbəttə, bunu deməyəcəksən. Çünki bu artıq “Madrid prinsipləri”ndə əks olunub. Sən məhz bunun sayəsində baş nazir olmusan. 2017-ci ilin sentyabrında Serj Sarkisyan artıq çantasını toplayaraq qaçmağa hazırlaşırdı. Sadəcə, hakimiyyəti təhvil verməyə adam tapmaq lazım idi, o da səni tapdı. Hakimiyyəti sənə verdi ki, evində rahat otursun”.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın razılıq verdiyi “Madrid prinsipləri” ətrafında da Ermənistanda ziddiyyətlərin dərinləşməsi hiss olunur. Qafqaz institutunun direktoru, erməni politoloq Aleksandr İsgəndəryan qeyd edir ki, Bakı “Madrid prinsipləri” üzərində danışıqları davam etdirməyə hazırdır və bunun üçün Ermənistana təzyiqlərini də artırır: “Paşinyan bu təzyiqlərə davam gətirə bilməyəcək. Düzdür, “Madrid prinsipləri” münaqişənin yekun həllinə nail ola bilməz, sadəcə əsaslı danışıqlar üçün şərait yarada bilər". Onun sözlərinə görə, Qarabağ münaqişəsi ilə bağlı “Madrid prinsipləri” öz aktuallığını itirməyib.
Məsələyə eyni yanaşmanı erməni politoloq Qrant Məlik-Şahnazaryan da sərgiləyir. O bildirir ki, Paşinyan Qarabağ məsələsinə görə sərt təzyiqlərlə üzləşir və hətta ən böyük hamisi sayılan ABŞ ondan konkret addımlar tələb edir: “Öncə xatırladım ki, ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun Nikol Paşinyanla Qarabağ münaqişəsini müzakirə etməməsi, ancaq iki-üç gün sonra Azərbaycan Prezidenti İlham Əliyevlə danışması və faktiki olaraq bu məsələni müzakirə etməsi narahatedicidir”. Erməni politoloqun fikrincə, danışıqlar prosesinin yenidən başlamasına sürətli təkan verilib, hər kəs öz sahəsində prosesi sürətləndirməyə və nəticəni təmin etməyə çalışır: “Birləşmiş Ştatlar üçün problem aydındır, onların bizim regionda İran İslam Respublikası, Yaxın Şərq və Türkiyə ilə bağlı məsələləri var. Görürlər ki, rus-türk ittifaqı yaranır, daha çox vacib problemlərin həlli üçün onlara mane ola biləcək və həmin məsələləri sınaqdan keçirirlər. Çalışırlar daha tez həll etsinlər". Ekspertin fikrincə, Qarabağ münaqişəsi bunlardan biridir: “Bu, Birləşmiş Ştatlar üçün heç bir geosiyasi vəziyyəti dəyişməyən münaqişədir. Ancaq İran sərhədi ətrafındakı gərginlik digər dövlətlərə bölgəyə daxil olmağa və öz mövqelərini gücləndirməyə imkan verəcək. İndi bunun üçün Birləşmiş Ştatlar Qarabağ məsələsinin həllinə təkan verməyə çalışır”. Şahnazaryanın sözlərinə görə, belə vəziyyətdə Qarabağ məsələsi ətrafında yaranan durumdan çıxış edib Paşinyana qarşı mövqe sərgiləmək Ermənistanda vəziyyəti daha da qarışdıracaq. O, ölkəsində yeni Qarabağ çəkişməsinin Ermənistana yeni probemlərdən başqa heç nə qazandırmayacağını da vurğulayıb. Ermənistanda “İctimai diplomatiya” mərkəzinin koordinatoru, politoloq Benyamin Matevosyan isə hesab edir ki, Paşinyan bu durumda Levon Ter-Petrosyanın taleyini yaşamaqdan qorxur: “Bu gün Paşinyanın Qarabağda müttəfiqləri yoxdur. Qarabağdakı rejim onunla birlikdə hərəkət etmir. O bu planın həyata keçirilməsində yalnız Levon Ter-Petrosyanın dəstəyinə bel bağlaya bilər”. Matevosyanın sözlərinə görə, Ermənistan indi dalana dirənmiş vəziyyətdədir: “Bir tərəfdən Rusiya ilə münasibətlər kəskinləşib, digər tərəfdən ABŞ planının reallaşmamasına görə qəzəblidir, o cümlədən, Azərbaycan danışıqların baş tutmamasına görə hərbi varianta əl ata bilər. Paşinyan bu vəziyyətdən çıxa biləcəkmi? Bu sualın cavabını zaman göstərəcək”.
“Daşnaksütyun“ Partiyasının rəsmi yayım orqanlarından biri olan “Yerkramas” portalı da bu xüsusda maraqlı məqamalara toxunub. Sayt Paşinyanın “sülh qarşılığında torpaq” formulunu özündə əks etdirən “Bolton planı”nı reallaşdırmağa hazır olduğunu bildirib: “Aydındır ki, proses dönəmində Paşinyan “Bolton planı”nın reallaşdırılması zamanı hakimiyyətini birinci prezident Levon Ter-Petrosyan kimi itirmək təhlükəsi hiss edib. Ona görə də Paşinyan geriyə çəkilərək, danışıqları dalana dirəyib. Baş nazirin problemlə bağlı dəqiq görüntüyə sahib olmaması sayəsində Ermənistan tükdən asılı vəziyyətə düşüb. Bizim Rusiya ilə münasibətlərimiz gərgindir, açıq şəkildə konfliktin hərbi həlli olduğunu bəyan edən məyus olmuş Azərbaycan və özünü aldadılmış hiss edən, planı sona qədər icra edilməyən ABŞ var. Paşinyanın son zamanlar apardığı siyasət böyük optimizm yaratmır. Belə ki, artıq Paşinyanın incə oyun aparıb hakimiyyətdə qalmaqla bərabər dövləti hərbi konfliktə cəlb etməyəcəyi inandırcı görünmür. Elə buna görə də Paşinyan Azərbaycanın istəklərini sonda qəbul etməli olacaq. Bundan istifadə edib Paşinyanı devirməyə cəhdlər göstəriləcək. Dağlıq Qarabağda “ərazilər əvəzinə sülh” variantı Nikol Paşinyanın son çıxış yoludur”. Bütün bu qeyd edilənlər bir daha Ermənistanda Qarabağ məsələsi ətrafında kifayət qədər böyük ziddiyyətlər yarandığını göstərir. Hesab edilir ki, bu gedişlə Qarabağ konflikti Ermənistanda yeni daxili qarşıdurmaya rəvac verəcək.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.