Azərbaycan ordusunun ixtiyarında olan ən müasir silahlar bu gün işğalçı Ermənistanda kifayət qədər böyük əndişə yaradır və düşmən ölkə məhz bu səbəbdən hər vəchlə Dağlıq Qarabağ münaqişəsinin yenidən başlana biləcəyindən böyük qorxu keçirdiyini gizlətmir. Çünki yeni savaşda erməni tərəfinin böyük məğlubiyyətə uğrayacağı qaçılmaz reallıq kimi çıxış edir.
Digər tərəfdən, erməni tərəfini yenə ən çox narahat edən məqamlardan biri ölkəmizin müxtəlfi xarici dövlətlərdən ən müasir hərbi texnika almasıdır. Məhz belə bir vaxtda erməni tərəfinin əndişəsini artıran növbəti hadisə baş verib. Söhbət Azərbaycanın İsraildən yeni müasir pilotsuz uçuş aparatları ala bilməsindən gedir. Xatırladaq ki, Azərbaycanın hərb potensialının güclənməsində, ordumuzun müasir texnika ilə təminatında İsraildən alınan silahların xüsusi çəkiyə malik olması heç kimə sirr deyil. Azərbaycan daim bu ölkədən ən yeni hərbi texnologiyalar idxal edir. Yayılan məlumata görə, İsrailin Müdafiə Nazirliyi “Aeronautics Defense Systems Ltd” şirkətinin Azərbaycana pilotsuz təyyarələr satması üçün lisenziyanı yeniləyib. Azərbaycan İsrail şirkətinin istehsalı olan “Orbiter 1K” pilotsuz təyyarəsini yenidən almaq istəyir. “Aeronautics” şirkətinin yaydığı məlumatda isə bu xüsusda bildirilir: “Müdafiə Nazirliyi bəyan edib ki, lisenziyanın dayandırılması ilə bağlı qoyulan qadağa təcili olaraq ləğv edilir. Şirkət yuxarıda adı çəkilən müştəriyə tez bir zamanda dronlarını çatdırmağa başlayacaq”.
İsrailin “Maariv” mətbu orqanının yazdığına görə, Azərbaycan “Orbiter 1K” kamikadze-dronları ilə maraqlanıb və bununla bağlı “Aeronautics” şirkətinə müraciət edib. Erməni şərhçi Hakop Badalyan isə yazır ki, “Aeronautics” Azərbaycanın İsraildə pilotsuz təyyarə ala biləcəyi tək şirkət deyil: “İsrailin müdafiə sənayesi üzrə ixtisaslaşmış müxtəlif şirkətləri Azərbaycanla əməkdaşlıq edir. İsrail Müdafiə Nazirliyinin sonuncu qərarı da fevralın 27-də İrana səfər etməyə hazırlaşan Nikol Paşinyana cavab hesab oluna bilər. İsrail Ermənistan-İran münasibətlərini diqqətlə izləyir”. İsrail mətbu orqanı onu da qeyd edib ki, Azərbaycan 2016-ci ilin aprel döyüşlərində İsrail istehsalı olan “Harop” kamikadze dronlarından istifadə edib. Həmin döyüşlərdə bu kamikadze dronun sayəsində bir əməliyyatda 7 erməni hərbçisi məhv edilmişdi.
Bundan başqa, Azərbaycan İsraildən "SkyStriker" zərbə PUA-sı da alıb. Bu silah İsrail hərbi sənaye kompleksinin PUA istehsalı üzrə ixtisaslaşmış dünyaca məşhur şirkəti olan "Elbit Systems" müdafiə sənaye şirkəti tərəfindən istehsal edilir. Onun da ilk xarici müştərisi Azərbaycandır. Məlumat üçün bildirək ki, "SkyStriker" taktiki zərbə təyinatlı PUA-dır. PUA müxtəlif hədəfləri aşkarlamaq, koordinatlarını təyin etmək və onlara zərbə endirmək üçün nəzərdə tutulur. Həmçinin uzaqdan idarə olunan elektro-optik tuşlamaya malik "gəzən sursat" əməliyyat sisteminə malikdir. PUA-nı idarə edən operator onu hədəfə doğru yönəltmək, praktiki olaraq təmas nöqtəsinə çatdırmaq və eyni zamanda hücumu ləğv etmək imkanına malikdir. "SkyStriker"in yüksək texniki xüsusiyyətləri operatorlara hədəfləri aşkarlamağa, koordinatlarını təyin etməyə və onu hədəflə təmas nöqtəsinə dəqiq zərbə endirməyə imkan verir. Uçuş vaxtı diqqət cəlb edən hədəf müəyyən edilmədikdə operator PUA-nı geri qaytarır və o, paraşütün köməyi ilə yerə enə bilir. Uçuş sürəti qabiliyyətinə görə PUA bir neçə dəqiqə ərzində onlarla kilometr məsafə qət edə bilir. Hədəf bölgəsinə çatdıqdan sonra PUA iki saata qədər hədəfi müşahidə və ya operatorun komandası ilə hədəfə zərbə endirə bilər. Hədəfə zərbə bomba və yaxud raket vasitəsilə deyil, daxili enerjisi sayəsində PUA-nın yüksək sürətlə özünü hədəfə çırpması metodu ilə endirilir. Onun əməliyyat sistemi istənilən hədəfi istənilən istiqamətdən, istənilən bucaq altında məhv etməyə imkan verir. "SkyStriker" operatoru zərbədən iki saniyə əvvəl döyüş başlığının istifadə əmrini ləğv edə və ya onu yenidən aktivləşdirə bilər, məhv edilməsi üçün hədəf olmadıqda isə təhlükəsiz şəkildə start mövqeyinə və ya əmr edilən koordinatlara qayıda bilər.
Bununla yanaşı, Azərbaycan Hərbi Hava Qüvvələrinin inventarında İsrail istehsalı olan “Orbiter-2M” və “Aerostar” tipli pilotsuz uçuş aparatlarına rast gəlmək olar. 2011-ci ildə ölkəmizlə İsrail şirkətinin birgə qurduğu “AZAD sistemlər” müəssisəsi fəaliyyətə başlayıb. Bu müəssisədə “Orbiter-2” pilotsuz uçuş aparatlarının istehsalı həyata keçirilir. İndinin özündə ordumuzda istifadə edilən “Heron” və “Hermes” tipli pilotsuz uçuş aparatları da İsrail istehsalıdır. Ümumiyyətlə, İsrail yalnız öz ordusuna verdiyi və digər ölkələrin malik olmadığı pilotsuz uçuş aparatlarının istehsalını Azərbaycana etibar edir. Digər tərəfdən, Azərbaycan uzun müddətdir ki, hərbi-siyasi sahədə İsrail dövləti ilə əməkdaşlıq edir və bu əməkdaşlıq nətiəcəsində Təl-Əvivdən təkcə PUA-lar yox, digər döyüş texnikaları da alınıb. Bütün bunlara qarşı Ermənistanın istənilən etirazına İsraildə ümumiyyətlə əhəmiyyət verilmir. Ölkələrimiz arasında genişlənən hərbi əməkdaşlıq isə bundan sonra da İsrailin ən yeni texnikalarının ordumuzun ixtiyarında olacağını deməyə əsas verir.
Nahid SALAYEV