“Ermənistanla əlaqələrdə problemlər fonunda Bakı-Moskva əməkdaşlığında problem yoxdur”
“Bizim münasibətlərimiz qonşular arasında münasibətlərə nümunə ola bilər”. Bunu Prezident İlham Əliyev Bakıda Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill ilə görüşü zamanı bildirib.
Ölkə başçısının sözlərinə görə, Azərbaycan və Rusiya arasında qarşılıqlı etimad səviyyəsi prezidentlərdən başlamış, adi vətəndaşlara qədər bütün səviyyələrdə çox yüksəkdir. Onun fikrincə, keçən il rekord sayda – 900 minə yaxın rusiyalı Azərbaycana səfər edib: "Bu onu göstərir ki, insanlar və ölkələr arasında münasibətlər ən yüksək səviyyədədir. Ona görə ki, onlar özlərini evdəki kimi hiss edir, buraya yaxşı niyyətlərlə gəlir və burada onlara doğma münasibət bəsləyirlər.
Həmçinin, qeyd etmək istərdim ki, keçən il Rusiya və Azərbaycan prezidentləri arasında altı görüş olub. Düşünürəm ki, bu da bizim münasibətlərimizin mahiyyətini və xarakterini, yaxınlığımızı əks etdirən rekord göstəricidir. Əlbəttə, Vladimir Vladimiroviçin Azərbaycana səfəri və mənim Rusiyaya səfərim bizim münasibətlərimizin daha da möhkəmlənməsi işində çox mühüm rol oynayıb. Düşünürəm ki, bizim münasibətlərimiz qonşular arasında münasibətlərə nümunə ola bilər. Bizi tarixi baxımdan bağlayan səbəblər çoxdur və bu gün - biz bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqə saxladığımız bir vaxtda bu əməkdaşlıq, əlbəttə, bizim regionda, Qafqazda sülhün möhkəmlənməsi işində xüsusi əhəmiyyət kəsb edir”.
Bu gün Azərbaycan-Rusiya münasibətləri bütün müstəvilərdə inkişaf edir. Siyasi-iqtisadi, mədəni, humanitar və s. Bütün bunlar qarşılıqlı anlaşma çərçivəsində inkişafdadır. Baxmayaraq ki, bəzən müəyyən dairələr iki ölkə münasibətlərinə kölgə salmağa çalışırlar. Ancaq buna nail ola bilmirlər. Bu baxımdan, Azərbaycan-Rusiya münasibətləri qonşular arasında münasibətlərə nümunə ola bilər.
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Rusiya-Azərbaycan əlaqələri qarşlıqlı və birgə etimad müstəvisində inkişaf edir: “Eyni zamanda, rəsmi Bakı daim maraqlıdır və çalışır ki, iki ölkə əlaqələri yüksək səviyyədə inkişaf etsin. Qeyd edim ki, Azərbaycan Prezidenti ilə Rusiya Prezidenti Vladimir Putin arasında ötən il ikitərəfli əlaqələrin inkişafı üçün siyasi-iqtisadi və hunanitar istiqamətləri əhatə edən müqavilələr imzalanıb. Bu müqavilələr iki ölkənin gələcəkdə əməkdaşlığının təməl prinsipləridir. Rəsmi Bakı çalışır ki, bu istiqamətdə əlaqələr qorunub saxlansın. Bu gün Azərbaycan-Rusiya əlaqələrinin inkişaf etməsini məhz rəsmi Bakının apardığı siyasətin nəticəsi kimi qiymətləndirmək lazımdır. Çünki Azərbaycan Rusiyanın regionda müəyyən maraqlarını nəzərə alır və Ermənistan kimi Moskvanın regionda geosiyasi maraqlarına qarşı siyasət aparmır. Bu baxımdan, iki ölkə arasında dinlərarası münasibətlərin də yüksək səviyyədə olduğu qeyd edilməlidir. Çünki dini məsələ hazırda regionun ümumi təhlükəsizliyi baxımından mühüm faktordur və Moskva-Bakı əməkdaşlıq oxunda hər hansı bir problemin yaranmaması üçün daim dini rəhbərlər görüşür, əməkdaşlıq edirlər. Rusiya Patriarxı İkinci Kirillin ölkəmizə səfəri, ölkə başçısı tərəfindən qəbulu dinlərarası dialoqun nəticəsidir. Eyni zamanda, Rusiya-Azərbaycan əlaqələrinin dinamikliyi, səmərəsi baxımından xüsusi mahiyyət kəsb edir. Hesab edirəm ki, Prezident İlham Əliyevin Rusiya-Azərbaycan əlaqələrini digər qonşu ölkələrə nümunə kimi qeyd etməsi Moskvaya Azərbaycanın dostluq və qarşılıqlı əlaqələrin inkişafında səmimi olmasının mesajıdır. Bu gün Gürcüstanın Rusiya ilə münasibətləri yaxşı deyil. Ukrayna da həmçinin. Ermənistanla əlaqələrdə problemlər fonunda, Bakı-Moskva əməkdaşlığında problem yoxdur. Məhz ölkə başçısı bunu deməklə, Moskvanın öz siyasətində, xüsusilə Qarabağ siyasətində Azərbaycana tam dəstək verməsini sətiraltı qeyd edir”.
Vidadi ORDAHALLI