Rumıniya Avropa İttifaqını (Aİ) ikili standart siyasətində ittiham edib. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Rumıniya baş naziri Viorika Dansila Avropa İttifaqını insan hüquqları və demokratiya məsələlərində digər ölkələrə, hətta Şərqi Avropadakı Aİ dövlətlərinə qarşı ikili standartlar sərgiləməkdə günahlandırıb.
“Politico” nəşrinə müsahibə verən Dansila, Aİ liderlərini, ölkəsindəki korrupsiya və hökumətə qarşı etirazlara ikili standartla yanaşmaqda ittiham edib.
Avropa İttifaqı Şurasına sədrliyi təhvil alan Rumıniyanın xanım baş naziri Dansila İttifaqın ikili standart siyasəti yürütdüyünə dair konkret fakt da göstərib. Baş nazir, Fransada “sarı jiletlilər”in keçirdiyi aksiyalar zamanı polisin etirazçılara qarşı güc tətbiq etdiyini, lakin Avropa liderlərinin buna səssiz qaldığını deyib.
Rumıniyaya başqa ölkələr kimi davranmağa icazə verilmədiyini deyən baş nazir daha sonra bildirib: “Fransada “sarı jiletlilər”in keçirdiyi etirazlarda nələrin baş verdiyini, polisin qeyri-insani davranışını hamımız gördük. Ancaq kimsə Avropa Parlamentinə gəlib Fransa haqqında qərar çıxarılmasını istəmədi. Bu, ikili standartdır”.
Aİ-nin Rumıniya, Bolqarıstan və Polşa kimi ölkələrə qarşı ədalətli davranmadığını deyən Dansila, ölkəsi və Bolqarıstan üçün korrupsiyaya qarşı mübarizəyə dair sənədin imzalanmasının məcburi olduğunu ifadə edib: “Niderland, Fransa və Almaniyada da korrupsiya var. Lakin heç kim bu ölkələrə qarşı da oxşar mexanizmin tətbiqini zəruri görmür”.
Qeyd edək ki, son zamanlar Rumıniya korrupsiya məsələsi ilə əlaqədar Avropa Komissiyası və Avropa Parlamentinin tənqid hədəfinə çevrilib, ölkə rəhbərliyi liberal demokratiyadan uzaqlaşmaqda günahlandırılıb.