Fevralın 5-də Rüstəmov Saleh Məhərrəm oğlu, Rüstəmli Vidadi Valeh oğlu, Məhərrəmov Aqil Əli oğlu, Həsənov Babək Qəzənfər oğlu və Nəsirov Ruslan Şamil oğlunun Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilmiş növbəti baxış iclasında Azər Adamov, Nazim Hüseynov və Ceyhun Şabanov şahid qismində dindirilib.
Məhkəmə iclasında KİV nümayəndələri iştirak edib.
AXC hakimiyyəti dönəmində Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı işləmiş Saleh Rüstəmovun qohumu Azər Adamov məhkəmədə ifadəsində göstərib ki, 2018-ci ilin fevralında Vidadi Rüstəmli Gürcüstanda olarkən ona “whatsapp” vasitəsilə tanımadığı bir mobil nömrəni yazaraq xahiş edib ki, həmin nömrədə olan adamda pul var, həmin pulu götürsün. Vidadinin telefonda göndərdiyi mobil nömrəyə zəng edib həmin şəxslə görüşərək 1000 manat pulu, növbəti dəfə isə 800 manat pulu ondan götürüb Vidadi Rüstəmliyə verib.
Nazim Hüseynov isə məhkəmədə bildirib ki, ötən il mayın əvvəllərində axşam saatlarında Şəmkir rayon Polis Şöbəsinin yanından keçəndə polislər ona əməliyyat tədbiri keçirdiklərini bildirib onu hal şahidi kimi iştirak etməyə dəvət ediblər. O da buna razılıq verib və polislərlə birlikdə Şəmkirdə İstiqlal parkının yaxınlığına gediblər. Təxminən 20 dəqiqə sonra polislər Saleh Rüstəmova yaxınlaşıb özlərini təqdim edib və onun narkotiklə məşğul olmasına dair məlumatlar əldə etdiklərini bildiriblər. Saleh Rüstəmov polislər ondan qanunsuz əşya və maddə olub-olmadığını soruşan zaman əynindəki gödəkçənin cibindən sellofanda olan heroini təqdim edib. Hal şahidi Nazim Hüseynov Saleh Rüstəmova hər hansı təzyiq göstərilmədiyini, S.Rüstəmovun hər hansı etiraz bildirmədiyini vurğulayıb.
Ceyhun Şabanov məhkəmədə ifadə verərkən Nazim Hüseynovun dediklərini təsdiq edib, Saleh Rüstəmovun gödəkçəsinin cibindən heroini çıxarıb polislərə təqdim etdiyinə hal şahidi olduğunu bildirdi.
Məhkəmənin növbəti iclası fevralın 6-na təyin edilib.