Elşən Mustafayev: “Biz çalışıb Ermənistanı sülh istiqamətində ciddi addımlar atmağa vadar etməliyik” Akif Nağı: “Erməni icmasını təkidlə dialoqa çağırmaq...”
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Tural Gəncəliyev mətbuata açıqlamasında bildirib ki, münaqişənin həlli nəticəsində Ermənistan əhalisi regionda yaranacaq əməkdaşlıq imkanlarından faydalanmaq imkanları əldə edəcək:
“Regionda sülhün bərqərar olmasının gələcək üçün önəmli olduğuna diqqəti çəkərək, biz münaqişənin həlli prosesində maraqlı tərəf olaraq, Dağlıq Qarabağın erməni icması ilə konstruktiv dialoq aparmağa və təmas qurmağa hazır olduğumuzu, müxtəlif müstəvilərdə, o cümlədən iqtisadi və humanitar əlaqələrin bərpa olunmasına töhfəmizi verməyə hazırıq.
Şübhəsiz ki, bunun üçün münaqişənin ədalətli həlli prosesi çərçivəsində Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı, məcburi köçkünlərin, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı əhalisinin doğma torpaqlarına – Dağlıq Qarabağa təhlükəsiz və ləyaqətli şəkildə qayıtması, mülkiyyət hüquqlarından istifadə olunması təmin edilməlidir. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri, suverenliyi və ərazi bütövlüyü çərçivəsində yenidən sülh şəraitində birgə yaşamağa qadir olduqlarına inanırlar”.
Məlumdur ki, Dağlıq Qarabağın mühüm komponentini hər iki icma təşkil edir. Hətta danışıqlar formatında da onlar yardımçı faktor olaraq nəzərə alınır. Ancaq, nədənsə, Dağlıq Qarabağın erməni icması azərbaycanlı icmasının dialoq təkliflərinə müsbət cavab vermir. İndiyə qədər olunan təkliflərdə biz bunu görməmişik. Dağlıq Qarabağın erməni icmasının deyilən formatdakı dialoqdan qaçmasını nə ilə izah edə bilərik?
Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Elşən Mustafayev qəzetimizə bildirdi ki, erməni icmasının belə formatdan yayınmasının kökündə ciddi səbəblər durur: “Onlar özlərini guya Dağlıq Qarabağın “hakimiyyəti” sayırlar. Düşünürlər ki, belə dialoqa getməklə özlərini kiçiltmiş olarlar. Görürsünüz ki, hətta Paşinyan Azərbaycanı gedib həmin icma ilə oturub bərabər tərəf kimi söhbət aparmağa dəvət edir. Belə mövqenin kökündə duran başlıca faktor budur. Erməni icmasını belə dialoqa yalnız Ermənistan hakimiyyəti məcbur edə bilər. Görürsünüz ki, hələlik onların özü də qeyri-konstruktivdirlər. Amma Ermənistan danışıqlara məcbur ediləcəyi təqdirdə, mütləq həmin icma da azərbaycanlı icması ilə təmasa meyllənəcək. Hələlik isə biz çalışıb Ermənistanı sülh istiqamətində ciddi addımlar atmağa vadar etməliyik”.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə qəzetimizə bildirdi ki, erməni icmasını təkidlə dialoqa çağırmaq yanlış təsəvvür yarada bilər: “Onlar bizim torpağımızı işğalda saxlayırlarsa, görüş keçirməyə həmin tərəf maraqlı olmalıdır. Onsuz da erməni icması bu müraciətlərə reaksiya vermir. Belə olan təqdirdə, davamlı şəkildə bunu dilə gətirmək də lazım deyil. Onlar açıq deyirlər ki, biz icma yox, “müstəqil dövlətik”. Buna görə də biz gücümüzü onlara elə göstərməliyik ki, danışığa qaça-qaça özləri gəlsinlər”.
Məhəmmədəli QƏRİBLİ