Aydın Hüseynov: “Onun heykəlləri yalnız daşdan qoyulmayıb, o, eyni zamanda, milyonlarla insanın ürəyində heykəl qurmuş adamdır” Vüqar Rəhimzadə: “Bu nə jurnalist əxlaqına uyğundur, nə də siyasi etikaya”
Son günlər sosial şəbəkələrdə həqiqəti əks etdirməyən bir neçə məlumatın paylaşıldığını gördük. Həmin məlumatların birində bildirilirdi ki, guya Salyan rayonunda mərhum Prezident Heydər Əliyevin heykəli uçurulub. Digər məlumatda isə deyilirdi ki, Prezidentin yaxın ətrafına mənsub olan bir nəfərə 12 bıçaq zərbəsi vurulub.
Peşəkar adamlar həmin məlumatların həqiqəti əks etdirmədiyini həmin dəqiqə təxmin etmiş oldular. Ancaq nəzərə almalıyıq ki, yayılan məlumatları yalnız peşəkarlar oxumurlar. Sosial şəbəkələrdə müxtəlif kateqoriyadan olan insanlar təmsil olunduğu üçün, bu qəbildən olan məlumatlara yanaşmalar da fərqli oldu.
Hətta yayılan dezinformasiyalara inanıb onları paylaşanlar da oldu. Sonra məlum oldu ki, həmin informasiyalar hazırda xaricdə yaşayan və AXCP-nın əsas təbliğat ruporu qismində çıxış edən Qənimət Zahid tərəfindən dövriyyəyə buraxılıb. Belə bir etirafı onun özü edib və sosial şəbəkədəki profilində paylaşıb: “Mən bu xəbərlərdən bəzilərini eksperiment olaraq öz hesabımdan paylaşdım ki, reaksiyaları öyrənim. Xəbər mütəxəssisləri o qədər də həyəcanlanmasın gərək. Hərdən belə eksperimentlərlə nələrisə öyrənmək olur”.
Qənimət Zahid həm jurnalistdir, həm də hakimiyyətə qarşı radikal siyasi opponentlik edən müxalif bir partiyanın funksioneridir. Bu cür dezinformasiyaları dövriyyəyə buraxmaqla aparılan mübarizəni həm siyasi etika, həm də jurnalist peşəkarlığı baxımından nə dərəcədə məqbul saymaq olar?
YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Hüseynov qəzetimizə bildirdi ki, belə mübarizə heç bir etikaya sığmır: “Buna nə siyasi mübarizə, nə də jurnalist etikasından irəli gələn yanaşma donunu geydirmək olmaz. Heydər Əliyev Azərbaycan xalqının daim ürəyində yaşayacaq bir siyasi liderdir. Onun heykəlləri yalnız daşdan qoyulmayıb, o, eyni zamanda, milyonlarla insanın ürəyində heykəl qurmuş adamdır. Belə bir tarixi şəxsiyyət barədə dezinformasiya yaymaqla həmin adamlar öz siyasi dayazlıqlarını və mübarizəni əxlaqdan kənar üsullarla apardıqlarını sübut etmiş olurlar. Bununla hansı nəbzi yoxlamaq istəyirlər? Azərbaycan xalqının nəbzinin kiminlə vurduğunu reallıqlar göstərir. Onlar isə Azərbaycanı istəməyən qüvvələrin əlində bir alətə çevriliblər. Əmin olsunlar ki, Azərbaycan xalqı necə Heydər Əliyevi milyonlarla yığışıb hakimiyyətə gətirdiyi kimi, həmin Ümummilli Liderin ruhunun, onun qurduğu dövlətin də müdafiəsinə dayanmağa hər an hazırdır. Həmin dairələr görürlər ki, həqiqətlər onların xeyrinə işləmir, bu səbəbdən də yalanla öz ətraflarına tərəfdar toplamaq istəyirlər. Belə üsullar isə çoxdan fiaskoya uğrayıb”.
“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Bakı-Xəbər”ə bildirdi ki, bu cür yalanları tirajlayanlar ilk növbədə əxlaqdan uzaq hərəkət edirlər: “Belə yalanlarla nəbzi yoxlamaq həmin adamların tərbiyəsindən xəbər verir. Belə bir addımın atılması eyni zamanda cinayətdir. Çünki xalqı çaşdırırlar. Hüquq-mühafizə orqanları bu cür məsələlərə çox ciddi yanaşmalıdırlar. Eyni zamanda, belə yalanlarla bağlı ictimaiyyət ciddi təpki göstərməlidir. Onların kimliyi və nəyə qadir olduqları bu informasiyanı yaymaqlarından bilinir. Bu nə jurnalist əxlaqına uyğundur, nə də siyasi etikaya”.
Məhəmmədəli QƏRİBLİ