Arzuxan Əlizadə: “Azərbaycan diplomatik müstəvidə də səylərini artırıb”
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyevin fikrincə, Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsilə regionda nəinki hərbi və siyasi təhlükəsizlik və stabillik bərpa olunar, habelə regionun iqtisadi, humanitar və digər sahələrdə inkişafı istiqamətində daha böyük uğurlar əldə edilə bilər.
T.Gəncəliyevin sözlərinə görə, bu müstəvidə, 2019-cu ilin yanvar ayında Brüsseldə aparılmış “Dağlıq Qarabağ münaqişəsinin həllinin Ermənistana və Azərbaycana iqtisadi təsiri” adlı araşdırmanın təqdimatı diqqəti cəlb edib: “Sözügedən araşdırma mənzil-qərargahı Berlin şəhərində yerləşən “BE Berlin Economics GmbH“ konsaltinq şirkəti tərəfindən Avropa İttifaqının maliyyə dəstəyilə hazırlanıb. Araşdırmada vurğulanır ki, münaqişənin tam tənzimlənməsi sərhədlərin açılması, ticarətin yenidən bərpası, əməkdaşlıq potensialı, qaçqınlar və məcburi köçkünlərlə bağlı bütün məsələlərin həlli vasitəsilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına gətirib çıxaracaq. Xülasədə qeyd edilir ki, “Dağlıq Qarabağ münaqişəsinin həlli böyük iqtisadi faydalar gətirəcək və bu, hər iki ölkənin iqtisadi marağındadır. Münaqişənin həllindən 10 il sonra hər iki ölkə daha yüksək inkişaf yolunda olacaq, eləcə də yaşayış standartları nəzərəçarpacaq dərəcədə təkmilləşəcək. Bu xüsusda, sülhün iqtisadi faydaları Dağlıq-Qarabağ münaqişəsinin daimi həllinin tapılmasının lehinə güclü dəlildir”.
Bütün hallarda, Dağlıq Qarabağla bağlı həqiqətlərin, münaqişənin həll olunmasının vacibliyinin beynəlxalq müstəvidə araşdırılması müsbət haldır. Ən azından, belə araşdırmalar sözügedən məsələnin daim gündəmdə saxlanmasına müsbət təsir edir. İstənilən halda, Avropa İttifaqı kimi nüfuzlu bir təşkilatın maliyyə dəstəyilə Dağlıq Qarabağla bağlı araşdırmanın aparılması nəyin əlamətidir?
Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadə bunu bir sıra faktorlarla əlaqələndirdi: “Burada başlıca amil ondan ibarətdir ki, Cənubi Qafqaz Avropa ilə Asiya arasında körpü rolunu oynayır. Burada Avropa İttifaqının dayaqlarının möhkəmləndirilməsi vacib əhəmiyyət kəsb edir. Aİ istəmir ki, bölgədə müharibəni alovlandıra biləcək münaqişə ocaqları mövcud olsun. Gürcüstan, məlum olduğu kimi, Aİ-yə inteqrasiya siyasətini həyata keçirir. Ermənistanda “məxməri inqilab” nəticəsində hakimiyyət dəyişsə də, hələ bir sıra məsələlər açıq qalıb. Nəzərə almaq lazımdır ki, Ermənistan Rusiyanın patronajı olduğu birliklərdə təmsil olunur. Azərbaycan isə öz milli maraqlarından çıxış edərək balanslaşdırılmış siyasət həyata keçirir. Reallıq ondan ibarətdir ki, Cənubi Qafqazda bir sıra böyük enerji və nəqliyyat layihələri həyata keçirilir. Azərbaycan bu layihələrin həyata keçirilməsində orbitr rolunu oynayır. Ancaq Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmaması Cənubi Qafqaz ölkələrinin inteqrasiyasına, bu dövlətlərin bərabər inkişafına mane olur. Həmçinin, münaqişənin həll edilməməsi enerji və nəqliyyat layihələrini hansısa formada təhdid edir. Yəni bu, müəyyən təhdid potensialı yaradır. Bu səbəbdən Aİ maraqlıdır ki, münaqişə öz həllini tapsın və layihələrin əhatə dairəsi genişlənsin. Regionda daha böyük layihələr həyata keçirilsin. Xüsusən də Orta Asiyanın enerji resursları Avropa bazarına çıxarılsın. Hesab edirəm ki, bu səbəbdən Aİ-nin maliyyələşdirdiyi qurum Dağlıq Qarabağla bağlı hesabat hazırlayıb. Ən nəhayət, Azərbaycan diplomatik müstəvidə də səylərini artırıb. Avropa təsisatlarına bildirilir ki, münaqişə nə qədər tez həll edilsə, bu bir o qədər iqtisadi inkişafa öz töhfəsini verəcək”.
Vidadi ORDAHALLI