Elşən Həsənov: “Yeni islahatlar adı ilə Paşinyan, əslində, blef edir”
Ermənistanın yeni formalaşan parlamentində mütləq səs çoxluğuna malik olan Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” adlı fraksiyası ilk gizli toplantısını keçirib. Erməni KİV-lərinin verdiyi məlumat görə, həmin toplantıya əyalət qubernatorları da dəvət alıblar. Toplantıda baş nazir Nikol Paşinyanın özünün də iştirak etdiyi bildirilir.
Qeyd edilir ki, məlum toplantıda fevarlın 12-də keçiriləcək iclasın gündəliyində duran məsələlər və ölkədə həyata keçiriləcək struktur islahatları ətrafında müzakirələr aparılıb. Müzakirələr aparıldığı zaman hətta Ermənistan parlamentində akkreditə olunmuş jurnalistlər belə binadan çıxarılıb.
Əslində, Paşinyanın indi də struktur islahatları aparmaq fikirinə düşməsi ortaya ciddi nəticəni qoyur. Məlumdur ki, bu ilin əvvəlindən başlayaraq Azərbaycanda struktur və kadr islahatlarının aparılmasına start verilib və proses xalq kütlələri tərəfindən böyük rəğbətlə qarşılanır. Bu baxımdan da Paşinyanın deyilən məsələdə İlham Əliyevin apardığı siyasəti kopyalamaq kimi cəhdi aydın şəkildə sezlilir. İkinci amil isə inqilabdan əvvəl xalqa verilən vədlərin yerinə yetirilməməsi ilə bağlıdır. Bu səbəbdən də Paşinyan bu cür gedişləri ilə xalqın diqqətini başqa istiqamətlərə yönəltmək istəyir. Paşinyanın Ermənistanda struktur islahatları aparmaq kimi niyyəti nə dərəcədə səmimidir?
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə bildirdi ki, Paşinyanın bu istiqamətdə atmaq istədiyi addımlar səmimi görünmür: “Bunun adını xalqı aldatmaq kimi təqdim etmək daha yaxşı olar. O, Azərbaycandakı islahatları orada təkrarlamaq istəyirsə, bu absurddur. Çünki ölkələr arasındakı reallıqlar tamamilə fərqlidir. Azərbaycanda struktur və kadr islahatlarının aparılması ilə bağlı tələb, eyni zamanda, hakimiyyətin uzun illərdən bəri bir partiyanın əlində olması ilə bağlıdır. Yəni idarəetmənin nəticələri qaneedici olmasaydı, eyni partiya uzun illər hakimiyyəti əlində saxlaya bilməzdi. Amma idarəetmənin optimallaşması baxımından belə zərurət yaranır. Ermənistandakı situasiya isə tam fərqlidir. Orada inqilab baş verib. Paşinyan, demək olar ki, bu islahatları elə həmin inqilab nəticəsində həyata keçirib. Kadr bazası tam yenilənib, islahatları isə istədikləri kimi həyata keçiriblər. Həm də Paşinyanın bu istiqamətdə iradəsinin də zəif olduğu üzə çıxdı. Məsələn o, Diaspor Komitəsini ləğv etməyə çalışdı, ancaq ciddi müqaviməti görüb geri çəkildi. Deməli, yeni islahatlar adı ilə Paşinyan, əslində, blef edir. O, xalqa ciddi vədlər verib. Hamı bilirdi ki, Ermənistanın həmin nəticələri əldə etməsi mümkün deyil. Bunun üçün Ermənistanın ənənəvi işğalçı siyasətindən imtina etməsi lazımdır ki, Paşinyan da hələlik həmin istiqamətdə heç bir addım atmayıb. İnqilabda verilən vədlərin reallaşmaması səbəbini bir müddət keçid dövrü ilə əlaqələndirdilər. Dedilər ki, hakimiyyət hələ tam əllərində deyil. Seçkilər keçirildi, yeni parlament formalaşdı ki, bu da xeyli vaxt apardı. İndiki məqamda isə vaxtı uzatmağa bir bəhanə yoxdur. Xalq artıq nəticəni tələb edir. Buna görə də Paşinyan struktur islahatı adı ilə xalqın diqqətini başqa səmtə yönəldir. Ermənistanda xalqa çörək lazımdır, Paşinyanın yeni terminləri yoxdur. Heç bir islahat Ermənistanı düşdüyü vəziyyətdən çıxara bilməz. Bunun üçün onların işğaldan əl çəkməsi lazımdır. Bunsuz Ermənistan cəmiyyəti üçün nicat yoxdur”.
Məhəmmədəli QƏRİBLİ