Azər Həsrət: “Məgər, deputatların bu məsələdəki aktivliyi qənaətbəxşdir?”
Bir neçə gündür ki, Azərbaycan dövlətinin təmənnasız olaraq mənzillə təmin etdiyi jurnalistləri müəyyən kampaniyada fəal iştirak etməyə çağırışla bağlı məsələ geniş müzakirə edilir.
Bəzi ictimai-siyasi xadimlərin xaricdən Azərbaycana söyüş söyən mühacirlərə cavabın verilməsinin zəruruliyi haqda səsləndirdikləri təkliflərdən sonra bu mövzu daha da aktuallaşıb. Həmin təkliflərdə haqlı olaraq bildirilir ki, cəmiyyətin bütün kəsimi, xüsusilə də ziyalılar xaricdəki başıpozuq fəaliyyətlə bağlı mövqelərini ortaya qoymalıdırlar. Biz də hesab edirik ki, ölkənin siyasi rəhbərliyini, onun simvollarını ən pis formada təhqir edən və xaricdə mühacir adı ilə gizlədilən şəxslərin cavabı sərt şəkildə, özü də cəmiyyətin bütün təbəqələri tərəfindən verilməlidir. Yəni burada hansısa təbəqəni xüsusi olaraq ayırmaq lazım deyil. Həmin söyüşlərlə bağlı münasibət bildirmək, ortaya vətəndaş mövqeyi qoymaq hər bir azərbaycanlının mənəvi borcudur. Sadəcə, bu mövzu ilə bağlı dövlətdən mənzil alan jurnalistlərin üzərində xüsusilə dayanıldığı üçün, məsələnin bu aspektinə diqqətimizi xüsusilə fokuslamış olduq. Cəmiyyətin məhz bu zümrəsinin ölkəyə xaricdən yağdırılan söyüş kampaniyalarına münasibəti necə olmalı və onlar ortaya hansı mövqeni qoymalıdırlar?
Media məsələləri üzrə ekspert Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan dövləti jurnalistlərə həmin mənzilləri hansısa şərtlər daxilində verməyib: “Araşdırsanız görərsiniz ki, həmin binalarda hakimiyyəti ən kəskin tənqid edən həmkarlarımız da mənzillə təmin ediliblər. Bu baxımdan da kiminsə məhz hansısa mövzu ilə bağlı həmin kateqoriyadan olan jurnalistlərin üzərinə xüsusi öhdəlik qoyması doğru deyil. Jurnalistləri məhz dövlətdən ev aldıqlarına görə hansısa kampaniyada iştiraka səsləmək də yanlışdır. Hesab edirəm ki, həmin məsələyə, digər təbəqənin insanları kimi, ev alan jurnalistlər də reaksiya verməlidirlər. Çünki mən inanmıram ki, ağlı başında olan hansısa adam böyük insan kütlələri qarşısında kimlərinsə küçə söyüşləri ilə söyülməsini təqdir etsin. Ortaya çıxan bu problemlə bağlı məsələdə hər kəs aktiv şəkildə mövqeyini bildirməlidir. Biz ölkədə normal münasibətlər sisteminin qurulmasını istəyiriksə, xüsusilə də siyasi polemikaların ədəb-ərkan çərçivəsində olmasının tərəfdarıyıqsa, jurnalistlər də fəal kəsim kimi həmin istiqamətdə aparılan işlərdən kənarda qalmamalıdırlar. Bu məsələ ilə bağlı düzgün təbliğatın aparılmasında ən ağır yük də elə bizim üzərimizə düşür. Mən fürsətdən istifadə edib, istərdim ki, həmin təklifi daha çox hallandıran şəxslərin diqqətinə bir faktı çatdırım. Niyə həmin adamların gözünə deputatlardan çox, jurnalistlər görünür? Məgər, deputatların bu məsələdəki aktivliyi qənaətbəxşdir? Ən azından deyə bilərlər ki, deputatların da çox böyük əksəriyyəti bu cür mövzulardan yayınır. Çoxu isə gözləmə mövqeyi tutmaqla kifayətlənir. Mən çox istərdim ki, jurnalistləri aktivliyə səsləyən şəxslər bu məsələni də nəzərə alsınlar. Bizim tanıdığımız jurnalistlərin çoxu bu mövzu ilə bağlı fəaldırlar. Deputatların da sırasında fəal olanları var. Amma elələri var ki, biz həmin millət vəkillərinin adını belə eşitməmişik. Bu baxımdan da hesab edirəm ki, həmin çağırışı biz ayrı-ayrı zümrələrə yox, bütün cəmiyyətə etməliyik”.
Məhəmmədəli QƏRİBLİ