Bu yaxınlarda Almaniyada səfərdə olmuş Ermənistanın baş naziri Paşinyan, onu getdikcə hakimiyyətdən devrilmiş sələflərinə oxşadan açıqlamalar verməkdədir.
Belə açıqlamalardan birini Almaniyadan qayıdan kimi verib. Almaniyanı Avropa Birliyində Ermənistanın birinci, dünyada ikinci iqtisadi partnyoru adlandıran Paşinyan deyib ki, Avropa Birliyi bizi geosiyasi seçimə məcbur etmir. Paşinyanın bu cümlə ilə nə demək istədiyi məlumdur. Paşinyandan qabaq bu fikri keçmiş və devrilmiş prezident Sarkisyanın söylədiyini yada salsaq, onun nə demək istədiyi tam aydınlaşar.
2017-ci ildə Sarkisyan Ermənistanın prezidenti olanda Avropa Birliyi ilə əməkdaşlıq sazişi imzalamışdı. Mərasimdən sonra ona sual verilmişdi ki, Ermənistan 2013-cü ilə qədər Avroittifaqla əməkdaşlıq danışıqları aparsa da, imzalanma mərasiminə az qalmış Avroittifaqdan imtina etdi və Rusiyanın Avrasiya İqtisadi Birliyinə daxil oldu. Belə kəskin geosiyasi dönüşün səbəbini Sarkisyan belə izah etmişdi ki, Avropa Birliyi bizi geosiyasi seçimə məcbur etmir. Sarkisyan demək istədi ki, Avropa Birliyi hələ qaçmır, Avrasiya İqtisadi Birliyinə daxil olandan sonra bu məsələyə baxarıq. Sarkisyan faktiki olaraq Rusiya ilə Avropa Birliyi arasında ikili oyun oynamışdı. "Faydasını" bir il çəkmədi gördü...
İndi də Paşinyan, bir əli ilə Avropadan, digəri ilə Rusiyadan tutmaq istəyir.
Ramil