“Rusiya, fürsət yaranan kimi, əvvəlki “Qarabağ klanı”nı yenidən hakimiyyətə gətirməyə səy göstərəcək”
Ermənistanın Baş naziri Nikol Paşinyanın fevral ayında İrana rəsmi səfər edəcəyi məlum olub. Bu barədə Paşinyan Almaniyada yerli erməni icmasının nümayəndələri ilə görüşündə bildirib. O qeyd edib ki, 27 fevral tarixində rəsmi səfərlə İran İslam Respublikasına səfər edəcək. Səfərdə iki ölkə arasında bir sıra məsələlərin müzakirə olunacağı gözlənir. Görünən odur ki, Paşinyan bir sıra ziddiyətli siyasi gedişlər edir. Bu da böyük dövlətlərin xoşuna gəlmir. Əvvəla, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton ötən il Ermənistana səfəri zamanı bildirmişdi ki, İrana qarşı sanksiyalar məsələsi də müzakirə olunub və bu ölkə ətrafında halqa getdikcə daralır. Bundan sonra Ermənistandan da bu sanksiyalarda iştirak etmək tələb olunsa da, Paşinyan bu məsələdə oyun oynayır. Paşinyana edilən telefon zəngində Dağlıq Qarabağ məsələsi müzakirə mövzusu olsa da, Paşinyan cığallıq edərək Qarabağ erməniləri adından danışmaq səlahiyyətinin olmadığını bəyan edib. Hətta Boltonla olan telefon danışığında Dağlıq Qarabağ məsələsinin müzakirə olunduğunu mətbuata açıqlamasında danıb. Başqa bir tərəfdən, Paşinyanın apardığı siyasət Rusiya tərəfindən də yaxşı qarşılanmır. Bunun nəticəsidir ki, Paşinyan Davos Forumundan Moskvaya səfər etsə də, prezident Vladimir Putin onu qəbul etməyib. Belə bir situasiyada Paşinyanın İrana səfəri ABŞ-a və Rusiyaya qarşı getmək anlamına gəlir. Maraqlıdır, Paşinyanın bu provokativ siyasəti Ermənistanı hara aparır? Məsələyə münasibət bildirən VİP-in sədr müavini Ramil Hüseynovun sözlərinə görə, belə siyasət Ermənistanı uçuruma apara bilər: “Paşinyan ötən ilin dekabrında parlament seçkilərində qalib gələndən sonra hakimiyyətdə mövqelərini bir qədər möhkəmlətdi. Müşahidələr göstərir ki, son aylar o, ikili oyun oynamaq siyasətini bir az da artırıb. Məsələ ondadır ki, onun bütün səylərinə baxmayaraq, Qərbdən gözlədiyi maliyyə yardımını hələ ala bilmir. Baxmayaraq ki, ötən müddət ərzində bir sıra ölkələrə səfər edib, beynəlxalq tədbirlərdə müəyyən görüşlər keçirib və s. Qərb ondan konkret islahatların aparılmasını, Rusiyadan mərhələ-mərhələ uzaqlaşmasını və ən nəhayət Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini artırmasını istəyir. Ancaq bu istiqamətdə səylərini artırmaq əvəzinə, Ermənistan baş naziri İrana səfər etməklə Qərbi şantaj edir. Düzdür, Rusiya amilinə görə Qərb Paşinyanın üzərinə hələlik çox getmir. Çünki Rusiya, fürsət yaranan kimi, əvvəlki “Qarabağ klanı”nı yenidən hakimiyyətə gətirməyə səy göstərəcək. Həmin siyasi qüvvələr də böyük həvəslə Rusiyanın vassalı olmağa hazırdır. Ancaq Paşinyan İrana doğru siyasi reveranslarını artırsa, o zaman Qərbin dəstəyindən məhrum olacaq. Çünki ABŞ bütün resurslarını işə salaraq İranı tam təcrid etmək istəyir. Bu baxımdan Paşinyanın İran məsələsində ikili oyun oynaması Ermənistanı fəalakətə apara bilər. Çünki Ermənistan zəif ölkə olmaqla yanaşı, hər hansı strateji önəmi də yoxdur”.
Vidadi ORDAHALLI