ABŞ-dan sonra Rusiya da Kiçik və Orta Mənzilli raketlərin ləğvinə dair Müqavilədə fəaliyyətini dayandırır. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ABŞ-ın qərarından sonra xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu ilə bir araya gəlib.
Putin görüşdə ABŞ-ın razılaşmadan çıxmasına Rusiyanın adekvat cavab verəcəyini bəyan edib: “ABŞ müqavilədə iştiraklarını dayandırdıqlarını bəyan ediblər. Biz də dayandırırıq”.
O, əlavə edib ki, rəsmi Vaşinqton elmi-tədqiqat və təcrübə-konstruktor işləri ilə məşğul olduqlarını açıqlayıb: “Biz də eyni fəaliyyətlə məşğul olacağıq”.
Putinin, ABŞ-ın Rusiyanın silahların ləğvi mövzusunda təkliflərini müxtəlif bəhanələrlə rədd etdiyini deyib: "ABŞ, Avropaya yerləşdirdiyi raketlərlə anlaşmanı pozdu. Bu mövzuda ABŞ-la danışıqlara təşəbbüs göstərilməsinə ehtiyac yoxdur".
Putin həmçinin, ABŞ-la silahların ləğvi ilə bağlı danışıq təşəbbüsü ilə çıxış etməməyi tapşırıb.
Putin həmcinin, Müdafiə Nazirliyi ilə orta mənzilli süpersonik raketlərin istehsalına başlanması ilə bağlı anlaşdıqlarını deyib. Putin Rusiyanın bahalı silah yarışına girməyəcəyini vurğulayıb və bu tədbirlərin mövcud büdcə çərçivəsində həyata keçirilməsilə bağlı Müdafiə naziri Sergey Şoyquya tapşırıq verib.
Xatırladaq ki, ABŞ fevralın 2-də müqavilədə iştirakını dayandırıb. Amerika tərəfi iddia edir ki, buna Rusiyanın müqavilənin şərtlərini sistematik olaraq pozması səbəb olub. Vaşinqton ABŞ-ın şərtlərə əməl etdiyini bildirir. Prezident Donald Tramp bildirib ki, Rusiya şərtləri yerinə yetirməyə başlamasa, müqavilədən çıxmaq 6 aya başa çatacaq. O, silahlara nəzarətlə bağlı Rusiya ilə yeni müqavilə bağlamaq istəyir.
Kiçik və Orta Mənzilli raketlərin ləğvinə dair Müqavilə tərəflərə 500 kilometrdən 5,5 min kilometrə uzaqlığı qədər yerüstü ballistik raket və qanadlı raket əldə etməyə icazə vermir. Moskva və Vaşinqton mütəmadi olaraq bir-birini müqavilənin şərtlərini pozmaqda ittiham edir.