“Böyük Britaniyanın buna yardım göstərmək istəyi müsbət əhəmiyyət kəsb edir”
İngiltərənin Azərbaycandakı səfiri Karol Krofts mətbuata açıqlamasında bildirib ki, Böyük Britaniya maliyyə sektorunda Azərbaycanla əməkdaşlıq etməyə və ölkənin regionun maliyyə mərkəzinə çevrilməsinə yardım etməyə hazırdır. Səfir qeyd edib ki, fevralın 20-də Bakıda Cənub Qaz Dəhlizi Məsləhət Şurasının (SGC) iclasında keçiriləcək. Tədbirdə Britaniya Baş nazirinin xüsusi nümayəndəsi Baronessa Emma Nicholsonla bu sahədə əməkdaşlıq müzakirə ediləcək. Qeyd etmək lazımdır ki, Cənubi Qafqazın iqtisadi potensialının 75 faizinə malik olan Azərbaycan Böyük Britaniyanın regiondakı ən böyük investisiya və iqtisadi tərəfdaşı hesab olunur. Böyük Britaniya Azərbaycan iqtisadiyyatında ən böyük xarici investordur. Britaniya şirkətlərinin ölkə daxilindəki ümumi sərmayəsi 27 milyard dollardan çoxdur. Böyük Britaniya şirkətləri tərəfindən qoyulan investisiyaların əksəriyyəti Azərbaycanın neft-qaz sektorundadir. Bununla yanaşı, qeyri-neft sektorunda əməkdaşlığı genişləndirmək üçün danışıqlar aparılır. Ümumən Azərbaycan regional maliyyə mərkəzi olması üçün bir sıra addımlar atır. Azərbaycanın malik olduğu iqtisadi, logistik, geosiyası və digər imkanlar ölkənin regionun maliyyə mərkəzinə çevrilməsinə imkan verir. Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirir?
Məsələyə münasibət bildirən millət vəkili Aydın Hüseynovun fikrincə, Azərbaycanın sahib olduğu potensial ölkənin regional maliyə mərkəzinə çevrilməsinə imkan verir: “Əvvəla, Böyük Britaniya dünyada, o cümlədən Avropada iqtisadi mərkəzlərdən biridir. Dünya iqtisadiyyatını təmsil edn ölkələrdəndir. Bununla belə, hər bir ölkə iqtisadi tərəfdaş axtarır. Eyni zamanda, öz öhdəliklərinə əməl edən ölkə ilə əməkdaşlığa can atır. İstəyir ki, iqtisadiyyatı dinamik inkişaf edən ölkə ilə əməkdaşlıq etsin. Bu baxımdan Azərbaycanın imkanları böyükdür. Cənubi Qafqaz iqtisadiyyatının 75 faizi Azərbaycana məxsusdur. Eləcə də böyük enerji və nəqliyyat layihələrinin müəllifidir. Ona görə də Böyük Britaniyanın Azərbaycanla əməkdaşlığı məntiqlidir. Azərbaycan hər cəhətdən regional maliyyə mərkəzinə çevrilmək potensialına malikdir. Böyük Britaniyanın buna yardım göstərmək istəyi müsbət əhəmiyyət kəsb edir”.
Vidadi ORDAHALLI