Kənan Qubadzadə: “Belə bir gündə şəhidlərimizin ruhunun anılması gənc nəslin milli vətənpərvərlik tərbiyəsinin formalaşmasında çox mühüm rol oynayır”
Gənclər siyasəti dövlətin böyük əhəmiyyət verdiyi istiqamətdir. Azərbaycan dövləti çox uğurlu gənclər siyasəti həyata keçirir. Gələcəyimiz olan gənclər dövlətimizin bütün strukturlarında, ictimai, siyasi, elm-təhsil, mədəniyyət sahələrində təmsil olunurlar. Bu gün dövlətimiz gənclərə böyük inam bəsləyir, etimad göstərir.
2 fevral respublikamızda artıq ənənəvi olaraq Gənclər Günü kimi qeyd edilir.
2 fevral - Gənclər Gününə həsr olunan tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib. Prezident çıxışında dövlətimizin həyata keçirdiyi gənclər siyasətindən danışıb, gənclərə tövsiyələrini verib.
Müstəqillik dövründə yaşamağın gənclər üçün böyük xoşbəxtlik olduğunu vurğulayan Prezident İlham Əliyev bildirib ki, ölkəmizin hərtərəfli inkişafında gənclərin rolu böyükdür. O qeyd edib ki, gənclər cəmiyyətin fəal üzvləridir. Dövlət başçısının sözlərinə görə, Azərbaycan gəncləri peşəkar olmalı, milli və vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. “Haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”, - deyən Prezident şəhidlərimizin böyük əksəriyyətinin gənclər olduğunu vurğulaıb. O, həmçinin, gənclərə tövsiyə edib ki, hər bir gəncin əsas vəzifəsi müstəqilliyimizi möhkəmləndirmək olmalıdır.
Gənclər Mərkəzi İctimai Birliyinin icraçı direktoru Kənan Qubadzadə “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycanda gənclər siyasətinin əsası Heydər Əliyev tərəfindən qoyulub. O qeyd etdi ki, H.Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə məqsədyönlü islahatlar həyata keçirilib. 1996-cı il fevralın əvvəllərində Azərbaycan gənclərinin ilk forumu keçirildiyini və bununla da gəncliyin inkişafına dövlət dəstəyi verildiyini bildirən K.Qubadzadənin sözlərinə görə, bununla da gənclər siyasəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Müsahibimiz vurğuladı ki, Heydər Əliyevin 1997-ci ildə imzaladığı fərmanla fevralın 2-si ölkədə Gənclər Günü kimi təsbit olunub. “Məlum olduğu kimi, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasətidir. Azərbaycan Prezidenti İlham Əliyev hər zaman ölkə gənclərinə böyük etimad göstərir. Prezident dəfələrlə ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərin həyata keçirdiyi işləri vurğulayıb və bu işləri dəyərləndirib. Bu gün Azərbaycan gəncliyi öz vəzifələrini yaxşı bilir və Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, dövlətçiliyinin qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Cənab Prezident Gənclər Gününə həsr edilən tədbirdə çıxış edərək gəncliklə bağlı çox dəyərli fikirlər bildirib. Prezident gənclərin milli vətənpərvərlik hisslərinə sahib olmalı olduğunu qeyd edib. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanların əksəriyyətinin gənclər olduğunu bildirən Prezident onların ömür və mübarizə yolunu bizə bir örnək kimi göstərir. Bu gün Azərbaycan dövləti, cənab Prezident şəhidlərin xatirəsini hər zaman uca və əziz tutur. Bilirsiniz ki, şəhid ailələrinin sosial rifahının yüksəldilməsi üçün son günlər ardıcılıq olaraq Prezident tərəfindən bir sıra addımlar atıldı. Belə bir gündə şəhidlərimizin ruhunun anılması gənc nəslin milli vətənpərvərlik tərbiyəsinin formalaşmasında çox mühüm rol oynayır. Gənclər Günündə Prezident tərəfindən həyatdan gənc ikən köçən şəhidlərimizin qəhrəmanlıqlarının xatırlanması və bir örnək olaraq gənclərə göstərilməsi çox əhəmiyyətli bir hadisədir. Şəhidlərimiz ölməyib, onlar hər zaman xatırlanır. Şəhidlərimizin keçdiyi qəhrəmanlıq yolunu Azərbaycan torpaqlarının düşmən tapdağından azad edilməsi naminə hər bir gənc keçməyə hazırdır” - deyə K.Qubadzadə qeyd etdi.
İradə SARIYEVA