Ermənistana Dağlıq Qarabağ problemi ilə bağlı beynəlxalq təzyiqlərin elə bir həddə çatdığı hiss olunmağa başlayıb ki, hətta ölkənin ən yüksək siyasi rəhbərliyi bu kontekstdə etirafa bərabər sayıla biləcək açıqlamalar verir. Bu mənada, Almaniyada səfərdə olan Nikol Paşinyanın bu ölkədəki erməni diasporu ilə görüşdə səsləndirdiyi bəyanat çox diqqət çəkir.
Paşinyanın qarşısında diaspor nümayəndələrinin qaldırdığı “Ermənistana hansı mövzularda beynəlxalq təzyiqlər var” sualına baş nazir guya çox saymazyana, ancaq daxili narahatlıq hissi ilə cavab verib:”Mən bir dəfə xarici işlər naziri Zoqrab Mnatsakanyanı çağırıb soruşdum ki, deyirlər bizə təzyiqlər var. Bəlkə həqiqətən var, ancaq biz hiss etmirik? Ona görə də təəssürat yaranır ki, biz Ermənistanda Qarabağ məsələsi ilə bağlı ən məlumatsız adamlarıq”.
Paşinyan öz aləmində bunu təkzib edib və bunun sadəcə diaspor nümayəndələrinin gözündən daha çox düşməmək, onların həvəsdən düşməsinin qarşısını almaq məqsədilə edildiyi aydındır. Ancaq Ermənistana Qarabağ problemi ilə bağlı təzyiqlər ABŞ-dan, Rusiyadan və müstəqil ekspert çevrələrindən o qədər açıq mətnlə edilir ki, dünyada kimsə, elə erməni diasporu da bunu hiss etməyə bilməz. Diasporun bu məsələni Paşinyanın qarşısında konkret qaldırması o deməkdir ki, diaspor bu təzyiqin həqiqətən olduğunu hiss etmiş durumdadır. Bu mənada Paşinyanın guya təzyiqlərin olmaması barədə diaspor fəallarını inandıra bilməsi mümkün deyil. Aşkar görünür ki, Azərbaycan diplomatiyası Qarabağ məsələsində Ermənistanın ətrafında blokada və təcrid dairəsini elə sürətlə sıxlaşdırır ki, nəinki Ermənistanın özündə, hətta dünya erməni diasporu fəalları da bu təzyiqi aşkar hiss edir. Prezident Əliyevin “torpaqlarımız işğalda qaldıqca Ermənistanın təcridini davam etdirəcəyik” bəyanatının real nəticələrini erməni diasporunun Paşinyana Almaniyada verdiyi sual aydın ifadə edir. Söz yoxdur ki, Paşinyanın bunu danması həm də Ermənistanın daxili auditoriyasına hesablanıb. Belə ki, verdiyi vədləri yerinə yetirə bilməyən Paşinyan üstəlik “xaricdən təzyiq” faktorunun Ermənistan cəmiyyətini ona qarşı daha da aqressivləşdirə biləcəyini yaxşı başa düşür. Paşinyanın Almaniya səfərinin ilginc məqamlarından biri budur. Lakin Ermənistanın hökumət KİV-lərinin Paşinyanın Almaniya səfəri ətrafında “fil yaratmasına” baxmayaraq, səfərin ilginc məqamları bununla bitmir.
Bakıdakı Qərb diplomatik mənbələrindən birinin çox maraqlı ehtimallarından biri Paşinyanın Merkellə söhbətinin gündəliyinə aiddir. Mənbənin ehtimalına görə, Merkel – Paşinyan görüşünün əsas mövzularından biri Almaniyadakı erməni mafiyası, onun dövlət orqanlarına sızmaq cəhdi və Ermənistanın siyasi hakimiyyəti ilə gizli işbirliyində ola bilməsidir. Mənbənin dedikləri:”Necə ola bilər ki, xanım Merkel bu mövzuya toxunmasın? Keçmiş yaxın aylarda məlumat Almaniyanın özünün rəsmi KİV-də yayıldı. Almaniyanın dövlət orqanları ölkədə kriminal erməni mafiyasının fəaliyyəti və dövlət orqanlarına təsir göstərmək səyləri barədə hesabat hazırlamışdı”. Mənbə Paşinyanın Merkel tərəfindən Almaniyaya çağırılmasının konkret bununla bağlı olduğunu da istisna etmir.
Həqiqətən də belə bir hesabat var və hətta erməni mafiyası, öncədən anonsların verilməsinə baxmayaraq, Almaniya televiziyasında həmin hesabatın efirə verilməsini məhkəmə qaydasında dayandıra bildi. O zaman bunun müvəqqəti məhdudlaşdırma olduğu deyilsə də, üstündən aylar keçməsinə baxmayaraq, Alman televiziyalarında həmin hesabat hələ də efirə getməyib. Demək, buna nail olan qüvvələr var. Ehtimal etmək olar ki, Almaniya siyasi hakimiyyəti Paşinyanın bu ölkəyə səfərini çoxdan gözləyirmiş və sözügedən hesabatın efirə verilməsini Paşinyanla üz-üzə açıq müzakirəyədək təxirə salmağı münasib sayıb. Hər halda, nə iqtisadi, nə də geosiyasi mənada Almaniya və bütün Avropa üçün heç bir tutarlı gərəkliyi olmayan Ermənistan kimi dövlətin yeni baş nazirinin Almaniyaya dəvət olunmasının ilginc pərdəarxası məqamlarının olması daha realdır.
Nahid SALAYEV