Seyid Camal Əzimbəyli: “Bütün bunlarla yanaşı, gənclərin potensialından daha çox istifadə edilməlidir”
Fevralın 1-də Bakıda Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı keçirilib. Prezident İlham Əliyev tədbirdə çıxış edib. Dövlət başçısı Azərbaycanda müasir gənclər siyasətinin 1994-cü ildən başladığını, həmin il Ulu Öndərin o zaman mövcud olan çətinliklərə baxmayaraq, Gənclər və İdman Nazirliyini yaratdığını və bunun da gənclər üçün imkanlar açdığını vurğuladı.
Prezident İlham Əliyev ölkəmizdə gənclərlə bağlı dövlət proqramlarının qəbul olunduğunu, bölgələrdə gənclər mərkəzlərinin, olimpiya idman komplekslərinin açıldığını qeyd edib. Ölkəmizdə gənclərlə bağlı müxtəlif mötəbər beynəlxalq tədbirlərin keçirildiyini bildirib.
Müstəqillik dövründə yaşamağın gənclər üçün böyük xoşbəxtlik olduğunu vurğulayan dövlət başçısı ölkəmizin hərtərəfli inkişafında gənclərin roluna toxunub. Onların cəmiyyətin fəal üzvləri olduğunu deyib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan gəncləri peşəkar olmalı, milli və vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. “Haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”, - deyən dövlət başçısı şəhidlərimizin böyük əksəriyyətinin gənclər olduğunu vurğuladı və qeyd etdi ki, hər bir gəncin əsas vəzifəsi müstəqilliyimizi möhkəmləndirmək olmalıdır.
Bununla yanaşı, Prezident tövsiyə edib ki, dövlət təşkilatlarında gənclərin potensialından daha fəal istifadə edilsin. Onlara bununla bağlı şərait yaradılsın. Bu bir daha ölkədə gənclər siyasətinin mühüm əhəmiyyət kəsb etdiyini və buna ölkə başçısı tərəfindən həssas yanaşıldığını göstərir.
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, İlham Əliyev Prezident seçiləndən sonra dövlətin gənclərlə bağlı siyasəti həmişə öndə olub: “Ötən dövrdə bununla bağlı bir sıra işlər görülüb. Gənclərlə bağlı bir sıra tədbirlər keçirilib. Gənclərin öz potensialından ölkənin inkişafında istifadə etmələrinə şərait yaradılıb. Ən başlıcası, gənclərin xaricdə təhsil alması ilə bağlı Dövlət Proqramı qəbul olunub. Nəticədə minlərlə gənc dünyanın müxtəlif ölkələrində olan nüfuzlu ali məktəblərdə təhsil alıb. Hesab edirəm ki, bunun özü dövlətin gənclərə göstərdiyi ən böyük qayğı və diqqətdir. Son illər aparılan islahatlar zamanı ölkədə yeni qurumlar, təşkilatlar yaradılır. Müşahidələr göstərir ki, orada gənc kadırların işləməsinə xüsusi önəm verilir. Dövlət qulluğu ilə bağlı imtahanlarda uğur qazanan gənclər bir sıra təşkilatlarda çalışırlar. Bütün bunlarla yanaşı, gənclərin potensialından daha çox istifadə edilməlidir. Prezident İlham Əliyev bununla bir daha gənclərə göstərdiyi qayğı və diqqətini ortaya qoydu. Hesab edirəm ki, müvafiq qurumlar ölkə başçısının bununla bağlı tövsiyəsinə ciddi əməl etməlidirlər. Ona görə ki, gənclərin potensialından maksimum dərəcədə faydalanmaq ölkənin inkişafını daha da sürətləndirəcək”.
Vidadi ORDAHALLI