Diplomatik müstəvidə Azərbaycanın işğalçı Ermənistan üzərində əldə etdiyi qələbələr düşmən ölkədə getdikcə daha böyük ajiotaja səbəb olur. Erməni mediası yazır ki, qarşıdakı dövr ərzində vəziyyətin düzəlməsi mümkün deyil və Azərbaycanın bu xüsusda nailiyyətləri daha da artacaq. “Jamanak” qəzeti bunun bir səbəbini də ölkənin diplomatik korpusunda çalışanların sayının azalmasında görür.
Qəzet yazır ki, Ermənistan xaricdəki diplomatik nümayəndəliklərində əməkdaşlarının sayını azaldacaq. Ümumiyyətlə, diplomatik korpuslardakı diplomatların 30%-nin işdən çıxarılacağı bildirilib. Qeyd olunur ki, ixtisarlar dövlət aparatının optimallaşdırılması çərçivəsində həyata keçiriləcək: "Diplomatik korpusdan alınan məlumatlara əsasən, Ermənistandan ixtisara düşəcək əməkdaşların sayına dair məlumat daxil olub. Bu rəqəm 30% təşkil edir". Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan hələ ötən ilin dekabrında hökumətdə struktur islahatlarının aparılmasını, nazirliklərin sayının 17-dən 12-yə düşəcəyini açıqlamışdı. Həmin vaxt baş nazirin müavini olan Ermənistan parlamentinin hazırkı spikeri Ararat Mirzoyan bu ideyanı dəstəkləyərək dövlət aparatının həddən artıq şişirdildiyini vurğulamışdı. Qeyd edək ki, dövlət strukturunda ixtisarlar artıq başlayıb. Dövlət xərcləri üzrə komitədə 128 nəfər, Maliyyə Nazirliyində isə 84 nəfər ixtisara düşüb. “Jamanak” qəzeti yazır ki, belə vəziyyət ölkədə işsizlərin sayını artırmaqla yanaşı, diplomatik sahədə Ermənistanın daha zəif duruma düşməsinə səbəb olacaq. Elə erməni politoloq Ağasi Yenokyan da eyni mövqeni bölüşür. O, Azərbaycanın diplomatik nailiyyətlərinin bu fonda aratcağını da qeyd edir və iki ölkə rəhbərinin Davos görüşündən sonra baş verənləri fikirlərinin real təsdiqi kimi göstərir. Bildirir ki, Azərbaycan məhz diplomatik gedişləri ilə prosesləri öz iradəsinə uyğun idarə edir:
"Məsələn, Əliyev-Paşinyan görüşündə qəribə olan odur ki, bu görüşlər ATƏT-in Minsk Qrupunun formatında keçirilmir". Onun fikrincə, ATƏT-in Minsk Qrupunun müəyyən təsdiqlənmiş gündəliyi vardı, tərəflər addım-addım uğur və ya uğursuzluğa nail olurdular: "Erməni tərəfi 2016-cı ildə baş verən aprel döyüşlərindən sonra monitorinq və təmas xəttində nəzarət mexanizminin tətbiq edilməsinə nail olmaqla qismən istəyinə nail oldu. Lakin indi bu barədə danışılmır. Həmçinin, vaxtilə ATƏT-in Minsk Qrupunun 3 əsas prinsipi - sərhədlərin toxunulmazlığı hüququ, xalqların öz müqəddəratını təyinetmə hüququ, güc və güc təhdidinin tətbiq edilməməsi barədə danışılırdı. İndi bunlardan da danışılmır". Yenokyan, həmçinin, Əliyev-Paşinyan görüşündən sonra Qarabağ məsələsinin müzakirə edilmədiyi haqda şərhlər, müzakirələr və dəyərləndirmələrin aparılmasının da narahatedici amil olduğunu bildirib. O qeyd edib ki, indiyədək Ermənistanın diplomatiya səviyyəsi parlaq deyildi, son dövrlərdə isə səviyyəsi daha da aşağı düşüb. Erməni politoloq Azərbaycan tərəfinin heç olmasa müəyyən açıqlamalar verdiyini, erməni tərəfində isə bunun baş vermədiyini qeyd etməklə erməni cəmiyyətinin həyəcanda olduğunu vurğulayıb: "Hansı formatla, nə ətrafında danışıqlar apardığımızı dərk etmirik. Azərbaycan tərəfi isə nəyin nəyə getdiyini bəyan edir. Ermənistan əsasən bizi qane etməyən və daxili auditoriya üçün edilən yarımçıq bəyanatlar verir". Ekspert diplomatik sahədə vəziyyətin bundan sonra ölkəsinin əleyhinə daha sürətlə inkişaf edəcəyini vurğulayır. Bunun daha bir təsdiqi kimi o, diasporla bağlı durumu göstərir. Xatırladaq ki, Ermənistanın bir dövlət olaraq ayaqda qalmasında mühüm rol oynayan diaspor və lobbi qüvvələri ilə İrəvan arasında son dövrlərdə münasibətlərin əhəmiyyətli dərəcədə pisləşməsi müşahidə olunmaqdadır. Xüsusən də Nikol Paşinyanın parlament seçkilərindən sonra Diaspor Nazirliyinin ləğv edilməsi qərarı fonunda bu hal özünü daha qabarıq şəkildə büruzə verir. Belə ki, Paşinyanın bu mövqeyi diaspor tərəfindən ciddi etirazla qarşılanır.
Müxtəlif ölkələrdə yaşayan erməni diaspor nümayəndələri Paşinyanın mövqeyinə sərt reaksiya göstərməkdə davam edir. Məsələn, Argentinadakı erməni diasporu Paşinyanı buna görə kəskin tənqid edib. Argentina erməni diasporu narahatlığını ifadə edərək buna səssiz qalmayacağını elan edib. Argentina ilə yanaşı, Livan və ABŞ-dakı erməni diasporu təşkilatları tərəfindən təşkil olunan etiraz aksiyalarında baş nazirin qərarı ilə bağlı ciddi narahatlıq ifadə edilib. Baş verənləri şərh edən “Daşnaksütyun“ partiyasına yaxın olan “Aztağ” qəzetinin redaktoru, Livan erməni diasporunun rəhbəri Şahan Kandaharyan bildirib ki, belə bir qərar xarici ölkələrdə yaşayan ermənilərlə birgə keçiriləcək toplantı zamanı verilməli idi. Onun fikrincə, bu mövzuda mütəxəssislərin fikirlərinə diqqət etmək vacib məsələdir. ABŞ-dakı “Asbarez” qəzetinin redaktoru Vaçe Brudyan da Paşinyanın bu qərarının tələsik verildiyini bildirib. O bəyan edib ki, Diaspora Nazirliyinin yaxşı işləyib-işləmədiyi haqda müzakirələrin aparılması normal yanaşma olardı: “Bu nazirlik Ermənistanın xarici ölkələrdə yaşayan ermənilərlə bağlı bir siyasətinin olduğunun göstəricisi idi. Bu nazirlik açılıb-bağlanacaq kimi bir şirkəti açıb-bağlamaq məsələsi deyil”. Erməni mənşəli fransız tarixçisi Maksim Qauin də yeni baş nazirin diasporla bağlı qərarının anlaşılmaz olduğunu bildirib. O əlavə edib ki, diaspor təmsilçiləri Ermənistan parlamentində deputat yerlərindən məhrum olublar və yaşadıqları ölkələrdə də çətin vəziyyətlə qarşılaşırlar.
Onu da qeyd edək ki, Diaspor Nazirliyinin əməkdaşlarının özləri də qurumun ləğv edilməsi qərarına qarşı çıxır. Onlar yenidən hökumət binasının qarşısına toplaşaraq müddətsiz etiraz aksiyasına başlayıblar. Diaspor Nazirliyinin əməkdaşları baş nazir Nikol Paşinyanla görüş tələb edirlər. Bildirilir ki, ötən ilin sonlarında Diaspor Nazirliyi ləğv edilərək səlahiyyətləri Xarici İşlər Nazirliyinə verilib və nəticədə 700 nəfər işsiz qalıb. Onlar diaspordan aldıqları dəstəklə Paşinyana təsir göstərə biləcəklərini düşünürlər. Artıq Kilikiya katolikosu birinci Aram və erməni jurnalistlər də bu məsələ ilə əlaqədar Paşinyana etiraz məktubu göndəriblər. Burada bildirilir ki, diasporla bağlı baş verənlər Azərbaycana qarşı ermənilərin dünya boyu müqavimətinin daha da zəifləməsinə gətirib çıxaracaq.
Tahir TAĞIYEV