Elçin Mirzəbəyli: “Nəticədə “Milli Şura”nın məlum toplantısı çox biabırçı şəkildə keçirildi”
Uzun illərdir müxalifət partiyaları, eləcə də müxalifətdə olan siyasətçilər arasında narazılıqlar, intriqalar, düşmənçilik mövqeyi hökm sürür. Dəfələrlə olub ki, bir araya gələn müxalifət partiyaları sonda yaratdıqları birlik, hərəkat və ya qurumlardan narazı halda ayrılıblar.
Özlərinə güclü siyasətçi deyən bu şəxslər vahid məxrəcə gəlmək, həmrəylik göstərib uğurlu mübarizə göstərmək əvəzinə, şəxsi ambisiyalarını ortaya qoyublar. Radikal müxalifət partiyaları seçkidən-seçkiyə bir qədər aktiv fəaliyyət göstərmələri ilə də tanınırlar. İlboyu passiv fəaliyyət göstərib ortaya heç bir siyasi konsepsiya qoymayan, təşkilatlanmayan bu partiyalar ya seçki ilində, ya da hansısa əlamətdar gündə boy göstərməyə çalışıblar.
25 ildir seyrələ-seyrələ, cəmiyyətdən uzaqlaşa-uzaqlaşa, sosial dayaqlarını itirə-itirə gələn radikal düşərgə, məlum olduğu kimi, yanvarın 31-də Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin büstü önünə toplanıb. Ancaq tərəfdarlarının çox az olması onların elektorat sarıdan kasıb olduğunu, xalq tərəfindən heç bir dəstək görmədiyini ortaya qoydu. Baxmayaraq ki, radikal düşərgənin əsas qanadı sayılan "Milli Şura"nın sözügedən toplantıdan gözləntisi böyük idi. Ancaq Novxanıda yaşanan o biabırçılıq bütün o gözləntilərin üstündən xətt çəkdi. Ortada olan mənzərə və mövcud reallıq radikalların istək və arzuları ilə uzlaşmadı. Vur-tut 200 nəfər təəsübkeşi ora təşrif buyurdu.
Əslində, "Milli Şura"nın 31 yanvar tədbirinin uğursuz keçəcəyi hardasa məlum idi. Bunu şərtləndirən bir sıra faktorlar var. Əvvəla ona görə ki, 19 yanvar mitinqində iştirak edənlərin sayının azlığı onlara inamın qalmadığını, bu qüvvələrin cəmiyyətə yeni heç nə təklif edə bilmədiklərini ortaya qoydu. Daha dəqiq desək, belə potensiala sahib olmadıqlarını göstərdi. Digər tərəfdən, “Milli Şura”nın 20 Yanvar Ümumxalq hüzn günündən təxribat məqsədilə istifadə etmək cəhdi onları cəmiyyətin, eyni zamanda, radikal müxalifətin təəssübkeşlərinin gözündən saldı. Ən nəhayət, ölkədə aparılan sistemli islahatlar radikallara olan inamı daha da aşağı salıb. Nəticədə radikal müxalifət növbəti addımı ilə potensialının son dərəcə biabırçı vəziyyətdə olduğunu cəmiyyətə nümayiş etdirdi.
Maraqlıdır, bəs siyasi ekspertlər yaranan vəziyyəti necə dəyərləndirirlər? Yuxarıda sadalanan faktorların bunda nə kimi rolu var?
Məsələyə münasibət bildirən politoloq Elçin Mirzəbəyli “Milli Şura”nın məlum uğursuzluğunu bir sıra faktorlarla əlaqələndirdi: “Cəmiyyət gördü ki, 19 yanvar mitinqində və ondan sonra radikal müxalifət ancaq təxribatla məşğul olur. Müxtəlif vasitələrdən öz maraqları naminə sui-istifadə edir. Ona görə də məlum tədbirə gələnlərin sayı çox az oldu. Digər tərəfdən, cəmiyyət gördü ki, hakimiyyət çox ciddi islahatlar aparır. Bu islahatlar bilavasitə Prezidentin siyasi iradəsinə uyğun aparılır. Bu həm də Azərbaycanda sosial qayğıya ehtiyacı olan şəxslərin müdafiəsi istiqamətində görülən işlərlə bağlıdır. Ölkədə şəhid ailələrinə, müharibə əlillərinə və məcburi köçkünlərə xüsusi qayğı var. Cənab Prezidentin şəhid ailələri ilə görüşü və eyni zamanda, bu istiqamətdə bir sıra işlərin görülməsi ictimaiyyətin böyük rəğbətinə səbəb olub. Cəmiyyət görür ki, ölkə başçısı Azərbaycanın inkişafı, əhalinin rifah halının daha da yaxşılaşması üçün ciddi işlər görür. O zaman niyə radikal müxalifətin ardınca getsin ki?! Ona görə də “Məhsul” stadionuna toplaşan 2800 nəfərin əhəmiyyətli hissəsi şahid oldu ki, bu təxribatçıların məqsədi, əslində, dövlətin həyata keçirdiyi bu siyasətin üzərinə kölgə salmaqdır. Eyni zamanda, xaricdən Azərbaycana qarşı həyata keçirilən təxribatlara dəstək verməkdir. Bütün bunlar radikal müxalifəti öz tərəfdarları arasında belə hörmətdən salır. Nəticədə “Milli Şura”nın məlum toplantısı çox biabırçı şəkildə keçirildi”.
Vidadi ORDAHALLI