Ermənistanda real vəziyyətin təhlili bu ölkədə insan haqları və demokratiyanın daha kobud surətdə pozulduğunu daha aydın şəkildə nümayiş etdirməkdədir. Belə görünür ki, beynəlxalq ictimaiyyətin, xüsusən də Qərb təsisatlarının baş verənlərə biganə qalması vəziyyəti daha da ağırlaşdırır. Məhz belə bir vaxtda bəlli olub ki, Ermənistanın “Armavir” cəzaçəkmə müəssisəsində ömürlük həbsə məhkum edilmiş məhbus Vaqarşak Avetisyan da aclıq elan edib.
Ermənistan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nona Navikyanın sözlərinə görə, Avetisyan aclıq aksiyasına 30 yanvardan başlayıb və hazırda həkim nəzarətindədir. Məlumat üçün bildirək ki, Vaqarşak Avetisyan 2008-ci ilin martında taksi sürücüsünü qətlə yetirməkdə ittiham olunur. Lakin o, günahsız olduğunu və məhkəmənin heç bir dəlilə əsaslanmadan sadəcə bir nəfərin şahidliyi ilə ona ömürlük azadlıqdan məhrumetmə cəzası verdiyini bildirir. Avetisyan, həmçinin, məhkəmələrdəki özbaşınalıqdan, hakimlərin pulla satın alınmasından və hökumətin məhbusların taleyinə biganəliyindən şikayətçidir. O da qeyd edilir ki, Avetisyan 2018-ci ilin avqustunda da aclıq elan etmiş, həmin aksiya zamanı intihara cəhd etmişdi. Bundan əlavə, Ermənistan mediası yazır ki, Vaqarşak Avetisyanın saxlandığı “Armavir” cəzaçəkmə müəssisəsində hələ cəmi 3 gün bundan əvvəl 61 yaşlı Aram adlı məhbus, 20 yanvar tarixində isə Saak Saakyan adlı digər məhbus dünyasını dəyişib. Onların ölümünə səbəb həbsxana nəzarətçilərinin məhbuslarla pis davranışı, qeyri-sağlam qidanın verilməsi və həkim nəzarətindən kənarda qalmaları olub. Erməni mediası isə son zamanlar Ermənistan həbsxanalarındakı həm siyasi, həm də digər məhbuslar arasında aclıq edənlərin sayının artmasına və aksiyanın ölümlə nəticələnməsinə diqqət çəkir. Ən son nümunə isə “Nubaraşen” həbsxanasında saxlanan “Ermənistan qartalları - Vahid Ermənistan” partiyasının sədr müavini, hökumət əleyhinə çıxdığına görə həbs olunan Mqer Yeqiazaryanın 44 günlük aclıq aksiyasından sonra yanvarın 26-da ölməsidir. Parlamentin keçmiş vitse-spikeri Mqer Yeqiazaryanın “Nubaraşen” həbsxanasında keçirdiyi 44 günlük aclıq aksiyası nəticəsində ölümündə yeni hökuməti günahlandırıb. Hüquq müdafiəçiləri isə bu hadisənin yaxşı nəticə verməyəcəyini deyir. Vurğulanır ki, hökumət keçmişdə hakimiyyətdə olan şəxsləri təqib etməkdən əl çəkməlidir. Amma hazırda tamam əks proses yaşanır. Məsələn, Respublika Partiyasının sabiq nazirlərinə qarşı yeni cinayət işi qaldırılıb. Cinayət işində sabiq parlament spikeri və baş nazir Ovik Abramyan, nəqliyyat və rabitə naziri Qaqik Beqlaryanın da adı keçir. Onlarla yanaşı, Ermənistan İstintaq Komitəsi ölkənin keçmiş polis rəisi Alik Sarkisyana qarşı da cinayət işi qaldırıb. Onların hamısı vəzifə səlahiyyətlərini aşmaqda və fırıldaqçılıqda ittiham olunur. Ermənistanın “Avazaatik” dağ-mədən kombinatının direktoru müstəntiqlərə sözügedən vəzifəli şəxslərin şirkətin payının 60 faizini tələb etdiklərini deyib. Sabiq baş nazir Ovik Abramyan, qardaşı Conik Abramyan, keçmiş polis rəisi Alik Sarkisyan və parlamentin üzvü Mqer Sedrakyana qarşı qanunsuz kreditlər yolu ilə külli miqdarda dövlət vəsaitini talamaq ittihamı da irəli sürülüb. Əleyhinə cinayət işi qaldırılan şəxslərin ölkədən çıxışı qadağan edilib. Təqiblərin miqyası davamlı olaraq genişlənir.
Məhz bu durumda da Mqer Yegiazaryanın ölümü ictimai-siyasi qarşıdurmanı artırıb. Bir daha xatırladaq ki, “Nubaraşen” həbsxanasında keçirdiyi 44 günlük aclıq aksiyası nəticəsində ölən Mqer Yeqiazaryan ötən ilin dekabrında həbs olunub. 51 yaşlı siyasətçi 2014-2018-ci illərdə fırıldaqçılıq yolu ilə hərbçiləri işlə təmin etmək, yaxud xidməti vəzifəsini yüksəltmək adı ilə külli miqdarda - 4 milyon 775 min dram vəsait mənimsəməkdə ittiham edilirdi. O özü isə ittihamları rədd edərək, həbs olunmasını siyasi səbəblərlə əlaqələndirirdi. Məhbusun ölümündən sonra oğlu Vazgen Yegiazaryan Ermənistanın baş naziri və parlamentin bir qrup deputatına açıq məktub ünvanlayaraq, onları atasının ölümünə bais olmaqda günahlandırıb. Siyasi məhbusun ölümü erməni cəmiyyətində narazılıqları artırıb. Narazı vətəndaşlar hakimiyyəti onları rahat buraxmağa çağırır. Erməni sosioloq Aqaron Adibekyan isə siyasi məhbusun ölümünün utancverici hal olduğunu açıqlayıb. Onun sözlərinə görə, hökumət insanları təqib etməkdə davam edərsə, etiraz dalğası daha da güclənəcək. Onsuz da Ermənistanda insan haqları kobud şəkildə pozulur. Avropa parlamentariləri, beynəlxalq qurumlar isə buna göz yumur. Ermənistanda elə bir sahə yoxdur ki, orada problem yaranmasın. Bir daha qeyd edək ki, Ermənistan hakimiyyəti və müvafiq dövlət orqanları, hüquq-müdafiə təsisatları aclıq aksiyası keçirən Yeqiazaryana münasibətdə beynəlxalq norma və sənədlərlə müəyyənləşən addımları atmayıb və hüquqlarının pozulması ilə bağlı şikayət və müraciətlərinə məhəl qoymayıblar. Eyni zamanda beynəlxalq təşkilatlar, xüsusən Avropa İttifaqı və Avropa Parlamenti bu məsələyə laqeyd qalıb. Xüsusən də Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən Avropa Parlamenti 44 gün aclıq aksiyası keçirən Mqer Yeqiazaryanın ölməməsi üçün vəziyyətə adekvat addımlar atmayıb. Məsələ burasındadır ki, Azərbaycanda aclıq aksiyası keçirməyə təşəbbüs edən bloqqer Mehman Hüseynovla bağlı göstərilən fəallıq - kampaniyaların təşkili, açıqlama və bəyanatlar, qətnamələrin qəbulu Yeqiazaryana münasibətdə müşahidə olunmadı. Başqa sözlə, Avropa Parlamenti bu halda ikili standartdan çıxış edib. Elə bunun nəticəsidir ki, Ermənistanda siyasi motivlə həbslər artır, həbsə atılanlara qarşı isə ən ağır metodlar, işgəncələr tətbiq edilir.
Nahid SALAYEV