Ermənistanın siyasi hakimiyyətində dərin panikanın əlamətləri görünür. Qarabağ məsələsinə münasibətdə bu görüntü daha aşkardır. Ziddiyyətlər ötəri baxanda da görsənir. Məsələn, ABŞ prezidentinin müşaviri bu günlərdə Prezident İlham Əliyevə və Paşinyana zəng edib.
Prezident İlham Əliyevlə danışıq rəsmi orqanlar tərəfindən bəyan olundu, hətta hansı məsələlərdən danışıldığı da deyildi. Xüsusi qeyd olundu ki, təhlükəsizlik, enerji təhlükəsizliyi və Qarabağ məsələsinin həlli üzrə prosesin gedişi müzakirə olunub. Paşinyan isə konkret dedi ki, Qarabağ məsələsi barədə danışmamışıq. Necə ola bilər ki, regionumuzdakı proseslərin içində olan və MQ-nin həmsədrlərindən biri olan ABŞ prezidentinin müşaviri Paşinyanla Qarabağdan danışmasın? Necə ola bilər ki, İlham Əliyevlə danışsın, ancaq Paşinyanla bi barədə kəlmə də kəsməsin? Demək, Paşinyan kəsinliklə yalan danışır.
Niyə?
Sualların cavabına keçməzdən öncə son həftələrin bir sıra əlaqəli hadisələrini bir daha xatırlayaq. XİN başçıları Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan yanvarın əvvəlində Pekində görüşdü. Sonra Prezident İlham Əliyev Paşinyanla Davosda görüşdü. Paşinyan Davosdan Moskvaya qayıtdı, Moskvada çox şübhəli şəkildə Putin onunla görüşmədi və Paşinyan sadəcə Medvedevlə görüşdü. Hələ Davosda olarkən ABŞ prezidentinin köməkçisi Paşinyanla telefonda danışmışdı. Paşinyan bu görüş haqda sosial səhifəsində yazdı ki, Qarabağ haqqında heç bir müzakirə aparmadıq. Halbuki, Azərbaycan Prezidenti ilə Boltonun arasında Qarabağ məsələsi geniş müzakirə edildi.
Elə iki gün qabaq Paşinyan İrəvanda bildirdi ki, biz prinsipial olaraq Azərbaycanla “sülh əvəzində torpaqlar“ prinsipi ilə müzakirə apara bilmərik, onu da dedi ki, bizim Qarabağ siyasətimiz əvvəlki hakimiyyətlərin Qarabağ siyasətindən tam fərqlidir. Bu iki, belə deyək ki, ən yeni bəyanat həm dolaşıq, həm ziddiyyətli görünür, həm də bəzi nəticələr çıxarmağa əsas verir. “Sülh əvəzində torpaq” prinsipi ilə müzakirə apara bilmərik deyəndə o, əslində torpaqları qaytarmaq istəmədiklərini nümayiş etdirir, bununla da əvvəlki erməni iqtidarlardan prinsipcə heç də fərqlənməyən siyasət apardığını biruzə verir. Belədə, onun “biz əvvəlki hakimiyyətlərdən tam fərqli siyasət aparırıq” deməsi özünü inkardan başqa bir şey deyil. Digər maraqlı mətləblər də var. Bu da Paşinyanın Boltonla telefon söhbətində Qarabağdan danışıldığını birmənalı danması və Moskvada Putinlə görüşə bilməməsidir.
Məlum həqiqətdir ki, bu gün ABŞ da, Rusiya da Qarabağ məsələsində irəliləyiş tərəfdarıdır və bu yöndə artıq Azərbaycan Prezidentinin konstruktiv mövqeyinə stavka edir, əsas problemin Ermənistanla bağlı olduğunu dəqiq bilirlər. Ermənistan rəhbərliyi qeyri-konstruktiv davranışla həm Rusiyanın, həm də ABŞ-ın ürəyincə olmayan mövqe tutur. Deyəsən, Paşinyanın Moskvada Putinlə görüşə bilməməsinin və Boltonla telefon söhbətində “Qarabağdan danışmadıq” deməsinin səbəbi açılır. Belə ki, Putin Qarabağ məsələsində irəliləyiş tərəfdarı olduğuna və Paşinyanda qeyri-konstruktiv mövqe gördüyünə görə onunla görüşməyin həm mənasız olduğunu düşünüb, həm də sadəcə ona dərs vermək istəyib. Mümkündür ki, Paşinyanın Putinin şəxsi dostlarına qarşı repressiya siyasətindən geri çəkilməməsi də Rusiya prezidentini belə qənaətə gətirib. Boltonla telefon söhbətinə gəldikdə isə, burada bir variant üzərində dayanmaq çətindir, ya ötən ilin dekabrında Paşinyana verdiyi Qarabağ tövsiyələrinə uyğun hansısa meyl görmədiyi üçün Paşinyanla daha sərt danışıb və elə bu üzdən də Paşinyan bu mövzuda söhbəti açmaq istəməyib, ya da Paşinyanın Moskva ilə münasibətlərində qeyri-müəyyənlik ABŞ-ı da bir qədər ehtiyatlı mövqe tutmağa vadar edir. Bütün hallarda belə çıxır ki, Paşinyan hazırda əlini gah Moskvaya, gah Vaşinqtona tərəf uzatmış, ancaq heç birindən qarşılıq ala bilmədiyi üçün əli havadan asılı qalmış kimidir. Onun “torpaq əvəzinə sülh prinsipini müzakirə edə bilmərik” sözləri Vaşinqtonun Qarabağa dair siyasəti ilə qətiyyən uyuşmur. Beləliklə, Paşinyan Qarabağ münaqişəsinin həlli üzrə nə Moskvanın, nə də Vaşinqtonun mövqeyinə uyğun siyasət aparmadığı üçün ortada qalıb. Bəlkə, “mənim Qarabağ siyasətim əvvəlki hakimiyyətlərin siyasətindən fərqlənir” bəyanatını verməklə əslində məhz bu cəhətilə sələflərindən seçildiyini göstərmək istəyir?! Ancaq onun Qarabağ siyasətinin Sarkisyan və Köçəryandan fərqli heç bir xüsusiyyəti hələlik görünmür.
İstənilən halda isə bu fərqliliyin ona heç bir siyasi dividend qazandırmadığı ortadadır...
Tahir TAĞIYEV