Məhərrəm Zülfüqarlı: “Sadəcə olaraq, bir qrup insanlar bu məsələdən biznes kimi istifadə edirlər...”
Yanvarın 19-da “Məhsul” stadionunda uzun illərdən bəri iki minlik baryeri aşaraq 2800 adam toplayan radikal müxalifət növbəti addımı ilə potensialının son dərəcə biabırçı vəziyyətdə olduğunu cəmiyyətə nümayiş etdirdi.
10 gündən artıqdır sosial şəbəkələr və başqa vasitələrlə Məmməd Əmin Rəsulzadənin ildönümünü “möhtəşəm aksiyaya” çevirəcəklərini bəyan edən “milli şura” adlı qurum, Müsavat, AXCP və digər partiyalar onun abidəsinin yanına cəmi 200-300 adam yığa biliblər. Halbuki, radikal müxalifət təmsilçiləri iddia edirdilər ki, guya anım tədbirinə gələnlərin sayı qat-qat çox olacaq. Ancaq məlum oldu ki, bu heç də onların dediyi və iddia etdiyi kimi deyil. Gələnlərin sayı olduqca az olub və bununla radikal müxalifət növbəti dəfə iflasa uğrayıb.
Jurnalistlərin müşahidəsinə əsasən, AXCP sədri Əli Kərimli və “milli şura” rəhbərliyi heykəlin yanına 100 nəfərdən bir az artıq adamla gəliblər. Bir o qədər də Müsavat Partiyasının fəalları olub. AXP sədri Pənah Hüseyn abidənin önünə 3 nəfərlə gəlib. Yerdə qalan “möhtəşəm partiya” sədrləri isə tədbirə tək qatılmaq məcburiyyətində qalıblar. Bu faktın özü radikal müxalifətin nə dərəcədə miskin və acınacaqlı durumda olduğunu əyani şəkildə nümayiş etdirir.
Ağızdolusu “xalqın dəstəyi”ndən danışan “liderciklər”, bütün hazırlıqlarına baxmayaraq, öndər hesab etdikləri şəxsin ildönümünə cəmi 200-300 adamla qatıla biliblər. Bundan əvvəl yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edən zaman süni şəkildə qarşıdurma yaratmış Əli Kərimli internet media vasitəsilə onunla xiyabana gələn “on minlərlə” adamın qarşısının necə alınmasından danışırdı. Guya polis qəsdən “milli şura”nın tərəfdarlarını qrup şəklində Şəhidlər xiyabanına buraxırmış ki, az görünsünlər. Belə olan halda sual yaranır, görəsən “milli şura” M.Ə.Rəsulzadənin heykəlinin yanına o 10 minləri niyə aparmayıb və cəmi 120-130 adamla gəlib? Axı polis orada onlara heç bir maneçilik törətməmişdi! Hanı bəs o 10 minlər? Niyə onlardan səs-soraq çıxmadı?
Bütün bunlar göstərir ki, Əli Kərimli, Cəmil Həsənli və digər radikal müxalifət başçılarının dedikləri ağ yalan və ictimaiyyətin çaşdırılmasına yönəlmiş ucuz təbliğatdan başqa bir şey deyil.
Sözügedən məsələni dəyərləndirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının fikrincə, yaranan biabırçı vəziyyət radikal müxalifətin sosial dayaqlarının tükənməsi ilə əlaqədardır: “Əvvəla, Məmməd Əmin Rəsulzadə bütün Azərbaycan xalqına məxsus şəxsiyyətdir. Onu heç kim öz inhisarına ala bilməz. Baş verənlər radikal müxalifət tərəfdarlarının necə az olduğunu göstərir. Bu onu göstərir ki, onların tərəfdarları hər keçən gün azalır, sosial dayaqlaı zəifləyir. Məmməd min Rəsulzadədən istifadə edib özlərinə hansısa imic qazanmaq cəhdinin özü də doğru deyil. Yaxşı olardı ki, onlar gedib Rəsulzadənin ev muzeyini ziyarət etsinlər. Bir məqamı da qeyd edim ki, radikal müxalifət qüvvələrinin zəif olması hamıya bəllidir. Sadəcə olaraq, bir qrup insanlar bu məsələdən biznes kimi istifadə edirlər. Süni şou yaratmaqla nəyəsə nail olmaq istəyirlər. Bu da təəssüf hissi doğurur”.
Vidadi ORDAHALLI