Daşdəmir Əliyev: “Sübut olundu ki, Azərbaycan əhalisi və onun əsgəri işğal faktı ilə heç vaxt barışmayacaq”
Ermənistanın bizimlə bütün cəbhələrdə müharibə apardığı məlumdur. Xüsusilə də informasiya sahəsində onların apardıqları təbliğatdan işğalçı ölkənin nələrdən daha çox narahat olduğunu aydın şəkildə sezmək olur.
Məsələn, bu günlərdə Prezident İlham Əliyev şəhid ailələri ilə görüşdə bizim ermənilərdən bütün sahələrdə olduğu kimi, eyni zamanda, döyüş meydanında da güclü olduğumuzu sübut edən fikirlər işlətməsi düşmən ölkənin mediası tərəfindən qıcıqla qarşılanıb. Prezident həmin fikirləri bu şəkildə ifadə edib: “Biz sübut etdik ki, döyüş meydanında da düşməndən üstünük. Biz ermənilərin, Ermənistan rəhbərliyinin uzun illər ərzində yaratdıqları mifi tamamilə darmadağın etdik. Onlar sübut etməyə çalışırdılar ki, hərbi cəhətdən bizdən üstündürlər və buna görə də 1990-cı illərin əvvəllərində bizim torpaqlarımızı zəbt edə biliblər. Bu işğalın səbəbləri haqqında Azərbaycan ictimaiyyəti yaxşı bilir. Onun başlıca səbəbi o vaxt Azərbaycan rəhbərliyində təmsil olunan xəyanətkar, satqın, səriştəsiz, biliksiz adamlardır. Onlar öz aralarında mübarizə, müharibə apararaq imkan verdilər ki, düşmən torpaqlarımızı zəbt etsin.
Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan güclü dövlətdir, Azərbaycan əsgəri, zabiti qorxmaz zabit və əsgərdir, peşəkardır. Göstərdi ki, ölkəmizin güclü ordusu var və onu göstərdi ki, Azərbaycan xalqı heç vaxt bu işğalla barışmayıb və barışmayacaq. Aprel döyüşlərindən iki il sonra uğurlu Naxçıvan əməliyyatı keçirildi. 2016-cı ilə nisbətən daha böyük, bir neçə dəfə böyük ərazi nəzarətimizə keçdi, işğalçılardan azad edildi. Bu gün biz Ermənistan ərazisindən keçən strateji yollara, kommunikasiyalara nəzarət edirik. Biz bundan sonra da öz hərbi gücümüzü artıracağıq. Biz münaqişəni sülh yolu ilə həll etmək istəyirik”.
Erməni mediasının İlham Əliyevin bu fikirlərindən ciddi narahat olmasının səbəbi nədir?
Hərbi ekspert Daşdəmir Əliyev qəzetimizə bildirdi ki, ermənilərin keçirdiyi narahatlıq başadüşüləndir: “Sizi əmin edirəm ki, ölkə başçısının şəhid ailələri ilə keçirilən görüşdə səsləndirdiyi fikirlərdən yalnız erməni mediası narahatlıq keçirmir. Bu, Ermənistan ordusu və hakimiyyətində olan narahatlığın bir ifadəsidir ki, özünü media vasitəsilə bürüzə verir. İlham Əliyevin fikirlərindən bu nəticəyə gəlinir ki, Azərbaycandakı döyüş ruhu çox yüksəkdir. Ordunun mənəvi-psixoloji durumu arzuolunan səviyyədədir. Ermənilər daim əldə etdikləri müvəqqəti uğurları öz qəhrəmanlıqları kimi qələmə verirdilər. Amma sonrakı proseslər göstərdi ki, biz onlardan döyüş meydanında da güclüyük. Prezident bunu faktlara, konkret olaraq əldə olunan zəfərlərə əsaslanaraq deyir. Ermənistan rəhbərliyi və ordusu gözəl anlayır ki, artıq çıxış yolları qalmayıb. Ya dinc yolla torpaqları qaytarmalıdırlar, ya da müharibə olmalıdır. Belə olan təqdirdə isə Azərbaycanın qarşısında duruş gətirə bilməyəcəklər. Bizim hərbi meydanda da ermənilərdən güclü olduğumuzu sübut edən dəlillərin məhz Prezident tərəfindən ortaya qoyulması həmin fikirlərin mahiyyətini bir qədər də artırmış olur. Ermənilər bilirlər ki, Prezidentin həqiqətə söykənən bu fikirləri onların onuz da bərbad gündə olan ordularının psixoloji durumuna da təsir edir. Buna görə də hər vəchlə həmin fikirləri təkzib etməyə çalışırlar. Həqiqətən də ordumuzun son illər ərzində qazandığı uğurlar bir daha göstərdi ki, Azərbaycandakı milli ruh əvvəlkindən də yüksəkdir. Sübut olundu ki, Azərbaycan əhalisi və onun əsgəri işğal faktı ilə heç vaxt barışmayacaq. Erməniləri daha çox bu detallar narahat edir”.
Məhəmmədəli QƏRİBLİ