Məhəmməd Əsədullazadə: “Daxili auditoriyaya hesablanan bu fikirlər əsasən təzyiqlərdən yayınmağa hesablanıb”
"Qarabağa dair heç bir gizli razılaşma yoxdur. Bu baxımdan ictimaiyyət panik əhval-ruhiyyəyə düşməməlidir". Bu fikirləri erməni mətbuatına açıqlamasında Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan bildirib.
Qeyd edək ki, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşünün yekunlarına dair bəyanatda göstərilən - hər iki ölkənin xalqının və cəmiyyətinin sülhə hazırlanması müddəası erməni cəmiyyətində müxtəlif söz-söhbətlərin yaranmasına səbəb olub.
Bununla yanaşı, Mnatsakanyanın açıqlamalarında təzad doğuran məqamlar var. Çünki Mnatsakanyan bildirib ki, hazırda sülh prosesinin reallaşması mexanizmi aydın deyil: “Sizin bilmədiyiniz heç bir şey yoxdur. Bizim üçün vacib olan məsələlər ətrafında dialoq gedir. Cəmiyyətdə bizim nəyisə itirməyimiz və ya güzəştə getməyimizə dair söhbətlər məni təəccübləndirir. Bu əhval-ruhiyyə haradan qaynaqlanır? Belə bir şey mövcud deyil və bizim mövqeyimizdə heç bir geriçəkilmə yoxdur. Bizim etdiyimiz və ictimaiyyəti məlumatlandırmadığımız heç bir şey yoxdur”.
Onun sözlərinə görə, rəsmi İrəvan münaqişənin Minsk Qrupu çərçivəsində, yalnız dinc yolla həll olunması mövqeyindən dönməyib: "Erməni tərəfi üçün prioritet olaraq status-kvo və təhlükəsizlik məsələləri qalır".
Nazir onu da vurğulayıb ki, BMT tərəfindən də səsləndirilən hər iki xalqı və cəmiyyəti sülhə hazırlamaq tezisi yeni deyil. Onun fikrincə, bu barədə dəfələrlə danışılıb: “Xalqları sülhə hazırlamaq bir neçə funksiyanı nəzərdə tutur və buna dair dəqiq bir formul yoxdur. Bizim qətiyyətimiz şübhə altına alına bilməz. Sadəcə olaraq, sülhün alternativi yoxdur, sülhün alternativi fəlakətdir”.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar uzun illərdir ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə danışıqlar gedir. Ötən illər ərzində münaqişənin həlli ilə bağlı müxtəlif həll variantları gündəmdə olub. Son illər isə münaqişənin həlli ilə bağlı substantiv danışıqlar gündəmdədir. Hansı ki, real nəticələrə hesablanmış müxanizmi özündə ehtiva edir. Belədə Mnatsakanyanın “hazırda sülh prosesinin reallaşması mexanizmi aydın deyil” açıqlaması nə deməkdir?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə kontekstdən yanaşdı: “Ermənistanla Azərbaycan arasında Mnatsakanyanın nə deməsindən asılı olamayaraq, danışıqlar gedir. Məhz bu danışıqlar ərazilərin qaytarılmasına hesablanıb. Azərbaycan yoxsa belə bir məntiqsiz danışıqlara getməzdi. ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Ermənistan və Azərbaycan rəhbərlərinə zəngi məhz münaqişənin həllinə hesablanıb. Ermənistanda hazırda “Qarabağ klanı” və digər qüvvələrin Qarabağla bağlı hakimiyyətə yönəlik tənqidləri, təzyiqləri artıb. Ona görə də daxili auditoriyaya hesablanan bu fikirlər əsasən təzyiqlərdən yayınmağa hesablanıb. Hesab edirəm ki, Mnatsakanyan nə qədər bu kimi fikirlər səsləndirsə də, hazırda danışıqlar Azərbaycanın istədiyi siyasətə uyğun aparılır. Yoxsa, rəsmi Bakı bu kimi danışıqlara getməzdi. Qeyd edim ki, indiki situasiyada Paşinyan iqtidarı manipulyasiya siyasəti apara bilməz. Çünki ABŞ bu məsələdə münaqişənin həllində İrəvana konkret təlimatlar verir. Mnatsakanyanın bu kimi açıqlamaları danışıqların ruhuna ziddir. Ermənistan rəhbərliyi öz xalqını sülhə hazırlamalı, konkret danışıqlara getməlidir”.
Vidadi ORDAHALLI