Ermənistanda “məxməri inqilab” nəticəsində hakimiyyət rəhbəri kreslosuna əyləşən Nikol Paşinyanın elə ilk günlərdən Rusiya ilə yaşanan qarşıdurması hələ də davam etməkdədir.
Belə görünür ki, Moskva hələ də Paşinyanın sələfləri kimi Rusiyaya sadiq qalacağına qətiyyən inanmır. Elə bu səbəbdən Kremldən Paşinyana yönəlik xəbərdarlıqların sayı artmaqdadır. Özü də bu xəbərdarlıqlar təkcə media və ekspertlər yox, həm də rəsmi səviyyədə olunur. Qeyd olunan xüsusda Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin Ermənistanda işgüzar səfərdə olarkən səsləndirdiyi fikirlər ayrıca diqqət cəlb edir.
İkitərəfli əlaqələrin perspektivləri barədə danışan Rusiya rəsmisi Ermənistana dolayı yolla yeni xəbərdarlıq edib. Rusiyalı diplomat bildirib ki, Moskva İrəvandan əvvəlki kimi etibarlı və ardıcıl siyasi xətt, həmçinin niyyətinin açıq olmasını gözləyir. Onun sözlərinə görə, tərəflərin bir-birini anlaması üçün bu amillər mühüm rol oynayır: “Ümidvaram ki, Ermənistan ABŞ tərəfindən şantaj və təzyiqə mətanətlə sinə gərəcək və qərarları müstəqil şəkildə qəbul edəcək”. Rusiyalı politoloq Ruslan Puxov bu açıqlamaların təsadüfi xarakter daşımadığını bildirir. Onun sözlərinə görə, Paşinyanın addımları Moskvanın xoşuna gəlmir: “Rusiya İrəvanın Qərbə meyllənməsini həzm etməyəcək. Bu səbəbdən Paşinyana xəbərdarlıqlar edilir. Amma xəbərdarlıqlar nəticə verməsə, Moskva daha sərt üzünü göstərməli olacaq. Paşinyan hələ ki, öz mövqeyindən geri çəkilmir və Rusiya ilə qarşıdurma yarada biləcək qərarlar verir. Çünki onun siyasi təcrübəsi yoxdur və ağlına gələn bütün addımları atır. Görünür, Rusiya belə gedişlə axırda ona başa salmalı olacaq”.
Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin də yenidən bu mövzuya toxunub. O, əslində Kremlin Paşinyana müəyyən xəbərdarlıqlar etdiyini, bəzi təsir rıçaqlarını işə saldığını bildirib və Ermənistana satılan qazın qiymət artımını buna misal kimi göstərib. Bildirib ki, qazın qiymətləri üzrə yeni razılaşma Rusiya ilə onun ənənəvi tərəfdaşı Ermənistan arasında münasibətlərin çətin vaxtlardan keçdiyinin siqnalıdır: “Bütün xəbərdarlıqlara baxmayaraq, Paşinyanın davranışı hələ də qeyri-sabitliyi ilə seçilir. O, Rusiya ilə birlikdə əldə olunmuş çox ciddi razılaşmalardan imtina etməyə başlayır. Bununla Paşinyan öz etibarsızlığını nümayiş etdirir. Həm də Ermənistan baş nazirinin hakimiyyətdə olduğu dövrdə Rusiya ilə münasibətlərdə göstərdiyi bu cür etibarsızlıq halları çoxdur. Paşinyan Ermənistanın tərəfdaşları ilə müxtəlif qarşılıqlı fəaliyyət istiqamətləri üzrə qüvvədə olan razılaşmaların dəyişdirilməsini tələb edib. Ümumilikdə, o özünü hələ düşmən kimi aparmasa da, artıq dost kimi də davranmır”. Ekspertin sözlərinə görə, Paşinyanın Rusiya ilə nəyin mümkün, nəyin qeyri-mümkün olacağı ilə bağlı anlaşılmazlığı son həddə çatıb: “Moskva bunları qəbul etməyəcək. Xüsusən də Paşinyan nəzərə almalıdır ki, Rusiya prezidenti tərəfdaşlar öz öhdəliklərinə əməl etdiyi, onların sözü ilə əməlinin uyğun gəldiyi və etibarlı olduğu təqdirdə sakit davranır. Belə olan halda Putin əsl dost ola və böyük güzəştlərə gedə bilər. Lakin tərəfdaşın sözü ilə əməli düz gəlmirsə, yaxud ümumiyyətlə heç bir sözü yoxsa, Putin bir neçə dəfə xəbərdarlıq edə bilər, lakin sonradan sərt tədbirlər görür. Ermənistanın yeni rəhbərliyi özünün bu cür siyasətini davam etdirsə, bu sadəcə fəlakətlə nəticələnəcək. Hələlik isə, biz əsl həqiqətdə Ermənistanla münasibətlərin pisləşdiyini görürük. Paşinyanın Ermənistanın Qərbin himayəsinə keçəcəyi ilə bağlı Putini şantaj etməsi mümkün olan strategiyaların ən yanlışıdır. Paşinyan Rusiya ilə münasibətlərdə, Avrasiya geosiyasətində açıq-aşkar yanlış mövqedədir. Ola bilər ki, öz mövqeyində düzəlişlər etsin. Mən buna çox ümid edirəm. Lakin hələ ki, bunu görmürəm. Belə hal Ermənistanın özü üçün müsbət nəsə vəd etmir”.
Digər rus politoloq, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markovun fikrincə isə, Qriqori Karasinin ABŞ-la bağlı İrəvana növbəti xəbərdarlığı səbəbsiz deyil. O bildirir ki, Nikol Paşinyanın və onun arxasındakı ABŞ gizli xidmətlərinin mühüm məqsədi Rusiya ilə Ermənistan arasında açıq qarşıdurma müstəvisi yaratmaq və bununla da Ermənistan ictimaiyyətini Rusiyaya qarşı meylləndirməkdir: “ Nikol Paşinyanın ABŞ-a daha çox QULAQ asması Ermənistanı yeni kataklizmlərə doğru sürükləyir. Onun atdığı hər bir addım həm Rusiya ilə münasibətlərdə, həm də ölkənin siyasi səhnəsində gərginliyin artırılmasına əlavə təkanlar verir. Buna görə də Ermənistanda müşahidə edilən proseslər ciddi narahatlıq doğurur”.
Bütün bunlar bir daha qarşıdakı dövr ərzində Rusiya-Ermənistan münasibətlərinin əhəmiyyətli dərəcədə pisləşəcəyini, belə vəziyyətdə İrəvanın Moskvadan yeni zərbələr alacağını göstərir. Aydındır ki, bu hal həm də Ermənistanın regionda zəif mövqelərini daha da sarsıdılmış duruma gətirəcək.
Nahid SALAYEV