Ermənistanda ötən ilin mayında baş tutan məlum hakimiyyət dəyişikliyindən sonra baş nazir Nikol Paşinyanla Qarabağdakı qondarma rejimin rəhbərliyi arasındakı münasibətlər gərgin məcraya düşüb. Son vəziyyətin təhlili isə bu gərginlyin əhəmiyyətli dərəcədə artdığını göstərir.
Belə görünür ki, Paşinyana qarşı çıxan “Qarabağ klanı” separatçı rejim vasitəsilə baş nazirə qarşı yeni cəbhə açmağı düşünür. “Qarabağ klanı”nın “xaç atası” hesab edilən keçmiş prezident Robert Köçəryanın həbsindən sonra isə separatçı rejim daha radikal hərəkət etmək qərarına gəlib və bu xüsusda ona Ermənistanda müəyyən qüvvələr də açıq şəkildə yardım göstərir. Məhz bu durumda separatçı rejimlə Ermənistan hakimiyyəti arasında münasibətlər daha sürətlə gərginləşməyə başlayıb. Bu durumda Paşinyan Qarabağ separatçılarının başına öz adamını gətirmək istəyir. Çünki qondarma rejimin rəhbəri Bako Saakyan keçmiş prezident Serj Sarksiyanın adamı sayılır. Eyni zamanda, Saakyan Robert Köçəryana da çox yaxındır. Paşinyan bu durumda “Qarabağ klanı"na son zərbəni vurmaq üçün separatçı rejimi də tam nəzarət altına almaq məcburiyyətində olduğunu yaxşı başa düşür. İndilikdə “Qarabağ klanı"nın Ermənistanda əsas dayaqları sıradan çıxarılıb. Ermənistanın bütün güc strukturları bu klandan demək olar təmizlənib. Biznes sferasında da “Qarabağ klanı"na qarşı müvafiq addımlar atılır, onların maliyyə dayaqları sıradan çıxarılır. Amma Paşinyan anlayır ki, “Qarabağ klanı" ilə mübarizədə həlledici qələbə üçün Azərbaycanın işğal edilmiş ərazilərindəki separatçı rejimə də nəzarəti ələ keçirməlidir. Məhz bu vəziyyətdə Qarabağ separatçılarının da fəalalşması, Ermənistanda müəyyən qüvvələrin onlara dəstək verməsi müşahidə olunur.
“Jamanak” qəzeti yazır ki, “Çiçəklənən Ermənistan" partiyasının nümayəndə heyəti belə bir vaxtda işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə yollanıb. Qəzet səfərdə əsas məqsədin qondarma rejimin hökumətinə dəstək nümayiş etdirmək olduğunu yazıb. Qeyd edək ki, “Çiçəklənən Ermənistan" Partiyasına iş adamı Hagik Tsarukyan rəhbərlik edir. Tsarukyan Moskva və Robert Köçəryanla sıx əlaqələrə sahibdir. “Çiçəklənən Ermənistan" partiyası ilə yanaşı, Serj Sarksiyanın sədri olduğu Respublika partiyası və “Daşnaksütyun” da separatçı rejimə dəstək verərək Paşinyana qarşı çıxır. Daşnakların son qurultayı da məhz Dağlıq Qarabağda keçirilib.
Respublika partiyası və “Daşnaksütyun” həm də Ermənistan daxilində Paşinyana qarşı fəal iş aparır. Respublika partiyasının mətbuat katibi, parlamentin keçmiş vitse-spikeri Eduard Şarmazanov bu fonda Paşinyanın xarici və daxili siyasətini kəskin tənqid edib. Onun sözlərinə görə, baş nazir Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlarda ATƏT-in Minsk Qrupunun həmsədrlərinə deyil, Azərbaycan prezidenti İlham Əliyevin sözlərinə istinad edir: “Təsadüfi deyil ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin son aylar verdiyi bəyanatlarda xalqların öz müqəddəratını təyinetmə hüququna dair prinsiplər barədə bir söz də yoxdur”. Şarmazanov iddia edib ki, Paşinyan Azərbaycanın dövlət başçısının siyasəti qarşısında aciz qalıb. “Daşnaksütyun” partiyası bürosunun sədri Armen Rustamyan da keçirdiyi mətbuat konfransında yeni hökumətin danışıqlar prosesində Azərbaycana məğlub olduğunu vurğulayıb. O, Paşinyanı keçmiş prezident Levon Ter-Petrosyanın siyasi xəttini davam etdirməkdə və Dağlıq Qarabağ məsələsində Bakıya güzəştə getməkdə ittiham edib. Rustamyan əlavə edib ki, bütün müxalif siyasi qüvvələr baş nazirin təslimçi siyasətinə qarşı birləşməlidir: “Hakimiyyət əraziləri qaytarmasa, onunla sıx əməkdaşlıq etməyə hazırıq, lakin bunun əksi olacaqsa, ən sərt müxalifət olacağıq. 90-cı illərdə Levon Ter-Petrosyanın bəyanatını hamı xatırlayır. “Serj, nə qədər ki, Qarabağ münaqişəsi həll olunmayıb sən yaxşı yaşamayacaqsan”, Petrosyan belə deyirdi. Ermənistanın inkişafı üçün güzəştə getməli olduğu deyilir. Lakin biz hesab edirik ki, Qarabağ məsələsi bizim üstünlüyümüzdür, güzəştə getməməliyik”. Rustamyan qeyd edib ki, onların bundan sonrakı fəaliyyəti seçkilərlə bağlı deyil: “Parlamentin tərkibində olacağıq, ya yox, bunun fərqi yoxdur, biz fəaliyyətimizi davam etdirəcəyik. Ermənistan indi yolayrıcındadır. Ermənistan inkişaf etməlidir, lakin bu, Qarabağ məsələsində və erməni-türk münasibətlərində güzəşt hesabına olmamalıdır”.
Ekspertlər bildirir ki, Qarabağ məsələsini bu şəkildə ortaya atmaqla daşnaklar və Respublika partiyası ölkə daxilində Paşinyanın mövqeyini sarsıtmağı düşünür. Eyni zamanda, Qarabağ separatçılarını da Paşinyana qarşı qaldırmağa çalışırlar. Erməni hərbi ekspert Vaan Ambarsumyan bildirir ki, bu vəziyyət Azərbaycanın lehinədir və hətta durum gərginləşsə, Bakı hərbi əməliyyatlara da başlaya bilər: “Hər şey ona doğru gedir ki, bu ilin yazında və ya yayda Bakı Dağlıq Qarabağda tammiqyaslı müharibəyə başlaya bilər”. Ekspertin iddiasına görə, 2018-ci ilin aprelindən bu yana Azərbaycan təmas xəttində quru qoşunlarını toplayır və təkmilləşdirir. Ambarsumyan Azərbaycanın Ermənistanla sərhəddə Sərhəd Qoşunlarını yerləşdirməsini də bu planın tərkib hissəsi kimi qiymətləndirir və etiraf edir ki, bu qoşun növləri də ayrılıqda böyük gücə sahibdir.
Nahid SALAYEV