Tahir Abbaslı: “Bizim qanunvericiliyə görə, xarici ölkə vətəndaşlarının Azərbaycandakı siyasi təsisatları maliyyələşdirməsi qadağandır”
Azərbaycanda radikal müxalif mövqedən çıxış edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rusiyadan maliyyələşməsinə dair iddialar və dəlillər ortaya çıxıb. Ən maraqlısı isə budur ki, bu məsələ artıq hüquq müstəvisində öz təsdiqni tapıb.
Məhz Rusiyadan AXCP-yə yardım adı ilə toplanan və qanunsuz bank əməliyyatları vasitəsilə leqallaşdırıldıqdan sonra həmin partiyanın maliyyələşməsinə sərf edilən vəsaitin əldə olunmasında şübhəli bilən bir dəstə ifşa edilib. Həmin şəxslər barəsində aparılan istintaq yekunlaşdığından, iş baxış üçün məhkəməyə göndərilib. Yanvarın 29-da Rüstəmov Saleh Məhərrəm oğlu, Rüstəmli Vidadi Valeh oğlu, Məhərrəmov Aqil Əli oğlu, Həsənov Babək Qəzənfər oğlu və Nəsirov Ruslan Şamil oğlunun Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilmiş növbəti baxış iclasında Elçin Əsgərbəyli, Cavid Məsimli, Tural Mehdixanov və Cavanşir Abışov şahid qismində dindiriliblər.
Məhkəmə iclasında Cəmil Həsənli, Əli Kərimli, ABŞ və Rusiyanın ölkəmizdəki səfirliklərinin nümayəndələri, eləcə də KİV-lərin nümayəndələri iştirak ediblər.
Elçin Əsgərbəyli məhkəmədə ifadəsində göstərib ki, 1992-ci ilin mayından Rusiya vətəndaşlığı alıb: “Sankt-Peterburq şəhərində icarəyə götürdüyüm mağazada işləyərək ailəmi dolandırırdım. 2016-2017-ci illərdə yanıma tez-tez Sabirabad və ya Kürdəmir rayonundan olan Zaur adlı şəxs gəlirdi”.
O bildirib ki, təxminən 2018-ci ilin əvvəllərində Zaur sonradan tanıdığı AXCP-nin üzvü Aqil Məhərrəmovla onu tanış edib: “Aqil söhbət əsnasında AXCP-nin fəaliyyətindən, keçiriləcək mitinqlərdən danışır, partiya üzvü olan və olmayan bütün şəxslərdən maddi yardım topladıqlarını danışırdı. Aqil söhbət zamanı deyirdi ki, ona verəcəyim pul maddi yardım kimi partiya üzvlərinin ailələrinə kömək məqsədilə istifadə ediləcək. Həmçinin, qeyd olunan pul toplanmasını partiya sədri Əli Kərimlinin məlumatı əsasında icra etdiyini deyirdi”.
E.Əsgərbəyli bildirib ki, Aqil ona Rusiyada yaşayan bir neçə şəxsin onlara mütəmadi olaraq maddi yardım etdiyini və həmin pulları da qanunsuz yollarla Azərbaycana göndərdiyini deyib: “Deyirdi ki, Azərbaycana göndərilən pul vəsaitləri, nəzarətdə olduğu üçün, pulu onlar başqa yollarla Azərbaycana göndərirlər. Aqil bildirirdi ki, pul əsasən AXCP-nin mitinqlərində texniki vasitələrin alınmasına xərclənəcək və həmin pullar əsasən Əli Kərimliyə veriləcək”.
E.Əsgərbəyli məhkəmədə bildirib ki, telefonunda olan proqram vasitəsilə özünün “Sberbank” bankında olan hesabına daxil olaraq Aqilin verdiyi bank hesabına 15.000 rubl məbləğində pul köçürüb. Bundan bir müddət sonra Rusiyada yaşayan azərbaycanlılardan, Gədəbəy rayonunun əvvəllər icra başçısı işləmiş Saleh Rüstəmov adlı şəxsin Rusiyada yaşayan azərbaycanlılardan pul toplayıb AXCP və Əli Kərimliyə göndərməsi barədə xəbər tutub.
O qeyd edib ki, Aqil Məhərrəmova yalnız bir dəfə 15.000 rubl məbləğində pul verib və Adilə Məhərrəmovanın adına olan “Sberbank” hesabına göndərib. Həmin pulu verməkdə məqsədi isə ehtiyacı olan ailələrə kömək etmək olub.
Şahid qismində dindirilən digər şəxslər də pulların onlardan eyni qaydada toplandığını təsdiqləyiblər. Burda maraqlı məqam ortaya çıxır. Bəllidir ki, AXCP partiya olaraq daim Qərbə meylli olub. Özünü demokrat sayan həmin partiyanın rəhbərliyi hətta mütəmadi şəkildə siyasi təsisatın kursuna zidd olaraq, anti-Rusiya bəynatları verməklə də yaddaşlarda qalıb. Təsadüfi deyil ki, AXCP-nin zaman-zaman məhz Qərbdəki donorlar tərəfindən maliyyə aldığına dair iddialar səslənib. Birdən-birə partiyanın maliyyələşmə məsələsində vektoru kəskim dəyişməsi maraqlı görünür. O da məlumdur ki, hazırda Azərbaycan hakimiyyəti ilə Rusiyanın hakim dairələri arasındakı münasibətlər olduca yaxındır. Yəni Rusiyanın hakim dairələrinin Azərbaycandakı hansısa radikal müxalif partiyaya maliyyə ötürülməsində maraqlı olmaları inandırıcı görünə bilməz. Belə olan halda, Rusiyadakı hansı maliyyə və ya siyasi qruplar AXCP ilə belə əməkdaşlığa meyllənə bilər və onların bu məsələdəki maraqları nədən ibarət ola bilər?
İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məsələyə bir qədər obyektiv mövqedən yanaşmalıyıq: “Gəlin etiraf edək ki, istənilən siyasi partiya maliyyə vəsaitlərinin əldə olunmasında maraqlıdır. Amma biz bilirik ki, bu maliyyələşmə də şəffaf şəkildə həyata keçirilməlidir. Azərbaycanlılar hazırda dünyanın bir çox ölkəsinə səpələnib. Rusiyada da bizim böyük diasporumuz var. Milyonlarla soydaşımızın içindən kiminsə hansısa partiyaya simpatiya bəsləməsi də mümkündür. Bu, iqtidar partiyası da ola bilər, müxalifət partiyası da. Lap götürək ki, hansısa fərdin AXCP-yə simpatiyası var. Onun göndərdiyi vəsait partiyaya ianə məqsədilə olsa, buna heç bir qadağa ola bilməz. O, bunu poçt vasitəsilə həmin partiyanın bank hesabına da göndərə bilər. Amma bu əməliyyatlar gizli, qeyri-leqal yolla aparılırsa, təbii ki, qanunvericiliyin pozulması anlamına gəlir. Mən inanmıram ki, hazırda Rusiyanın hansısa ciddi siyasi dairəsi və ya dövlət qurumu AXCP ilə əməkdaşlıqda maraqlı olsun. Çünki onlara mövcud hakimiyyətlə əməkdaşlıq daha maraqlı və əlverişlidir. Bu baxımdan da belə maliyyələşmənin Rusiyanın ciddi siyasi və ya maliyyə qaynaqlarından olunduğuna inanmıram. Ola bilər ki, bazarda işləyən bir neçə sahibkardan bu adla pul toplanıb. Hətta görürsünüz ki, məhkəmədə bəzi adamlar deyirlər ki, onlar Orxan Zeynalov üçün bu vəsaiti veriblər, sonra hansısa partiyaya yönəldiyi məlum olub. Bu artıq bir fırıldaq metodudur. Hesab edirəm ki, istənilən partiyanın maliyyələşməsi leqal üsullarla aparılsa, belə vəziyyət yarnmaz. Bir də bizim qanunvericiliyə görə, xarici ölkə vətəndaşlarının Azərbaycandakı siyasi təsisatları maliyyələşdirməsi qadağandır. Buna görə də belə məsələlərdə diqqətli olmalıyıq. Ola bilər ki, əslən azərbaycanlı olsun, lakin Rusiyanın vətəndaşlığını qəbul etsin. Həmin adamın hətta leqal şəkildə siyasi partiyaya maliyyə ötürməsi qadağandır”.
Məhəmmədəli QƏRİBLİ