Ermənilərin Qafqaza gəlişinin real tarixi və ermənilərin özlərinin saxtalaşdırdığı tarix

"Qafqaz evi"nə yad olan və bu ərazilərə son əsrlər köçürülən ermənilər sığındıqları xalqlara qarşı saxtakar əməllər, məkr və hiylə törədib. Özgə torpağına sahiblənmək iddiası bu "yazıq toplum"un birbaşa qanına işləyib. Tarixdən bəllidir ki, onları hansı dövlət, hansı xalq himayə edibsə, ermənilər bu yaxşılığın əvəzini onlara pislik etməklə, satqınçılıqla, xəyanətlə "ödəyib".
Ermənilərin Cənubi Qafqaza köçürülməsi tarixi bütün dünyaya məlumdur. Dünya özü də erməni saxtakarlığına qarşı mübarizədə aciz qalıb.
Ermənilərin Cənubi Qafqaza köçürülməsi və Azərbaycan ərazilərinə yerləşdirilməsi tarixi faktlarda öz əksini tam çılpaqlığı ilə tapıb. O da məlumdur ki, ermənilər İrandan, Türkiyədən və digər ərazilərdən planlı surətdə Cənubi Qafqaza köçürülüb.
Tarixçi Həyat Məhərrəmli bizimlə söhbətində qeyd etdi ki, ermənilər Cənubi Qafqaza köçürüldükdən sonra əvvəlcə özlərini hədsiz dərəcədə fağır, yazıq toplum kimi təqdim edib, ayaqlarına yer etdikdən, qol-budaq atdıqdan sonra isə bizim torpaqlara açıq şəkildə yiyələnmək iddiasını ortaya qoyublar.
H.Məhərrəmlinin sözlərinə görə, Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin, ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb, erməni-rus münasibətlərinin qanunauyğun nəticəsi idi ki, bu münasibətlərin əsasını, rus və erməni tarixi ədəbiyyatında təbliğ edildiyi kimi, yalnız ticarət əlaqələri deyil, başlıca olaraq Şərqin müsəlman dövlətlərinə, xüsusilə Türkiyəyə, XVIII əsrdən etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdi: "Köçürülmə planlı məqsəd daşıyırdı. Əvvəlcə onu vurğulayaq ki, bu proses Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən I Pyotrun 1724-cü il noyabrın 10-da ermənilərin Azərbaycanın Xəzər dənizi sahillərində, Dərbənd və Bakı, həmçinin, Gilan, Mazandaran və Goran ərazilərində məskunlaşmasını rəsmiləşdirən fərmanından sonra başladı. Mənbələrdə də qeyd edilir ki, bu fərmana görə, ermənilər Rusiya imperiyasının Cənubi Qafqazdan İran körfəzinə kimi geniş əraziləri ələ keçirmək planının həyata keçirilməsində "beşinci qüvvə" rolunu oynayacaqdı. Bu planın bir hissəsi kimi Rusiya generalları Azərbaycan əhalisini, hansı yolla olursa-olsun, yaşadığı yerlərdən didərgin salmaq əmri alıblar. Lakin Rusiyanını Qafqazdakı hərbi uğursuzluqları onun ermənilərin planlı məskunlaşdırılması siyasətini bir müddətə dondurdu. Bilirsiniz ki, onların bura köçürülməsi "Türkmənçay" müqaviləsindən sonra baş verdi. Bu müqavilə nəticəsində torpaqlarımız parçalandı. Təəssüf ki, hələ də ərazilərimizi birləşdirə bilməmişik. Burada, əlbəttə, erməni məkri, saxtakarlığı əsas yer tutur. Bu sahəni dərindən tədqiq edən tarixçilərə istinadən bildirək ki,
Türkmənçay müqaviləsinin nəticəsi olaraq 40000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə isə, Osmanlı imperiyası ərazilərində yaşayan 90000 erməni də Azərbaycanda yerləşdirildi. Onlar əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında məskunlaşdırıldı. Fikir verin, bu torpaqlar əcdadlarımızın yurdudur və ermənilər onları qəsb edib.
Onu da vurğulayaq ki, məşhur rus diplomatı, Rusiya imperiyasının İrandakı səfiri A.S.Qriboyedov ermənilərin Cənubi Qafqaza köçürülməsində aktiv iştirak edib. Tarixi mənbələrdə rus diplomatı və yazıçısı Qriboyedovun bir yazısı əks olunub. O yazırdı: "Erməni əhalisi əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdi, onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar. Biz, həmçinin, müsəlman əhalisini düşdükləri çətin vəziyyətlə barışdırmağa və onları inandırmağa çalışmalıyıq ki, bu çətinliklər uzun sürməyəcək və ermənilər müvəqqəti onlara yaşamağa icazə verilən ərazilərdə daimi olaraq qalamayacaq".
Qriboyedov özü açıq şəkildə yazır bu faktları. Bütün dünya bu faktlardan xəbər tutub ermənilərin kim olduğunu, hansı məqsədlər üçün alət edildiyini açıq şəkildə görə bilər. Əslində, dünya bundan xəbərdardır, sadəcə, ermənilər arxalı olduqları üçün və onların məqsədlərinə yarıdığı üçün bunu açıqlamaq, etiraf etmək istəmirlər.
Tarixçilər yazır ki, Rusiya imperiyasının hakim dairələri Cənubi Qafqazda yeritdikləri müstəmləkə siyasətində ermənilərə çox bel bağlayırdı. Bu barədə tarixçilər maraqlı faktlar üzə çıxarıb. Onların yazdığına görə,
amerikalı alim Castin Makkartinin yazılarında Cənubi Qafqazda, daha doğrusu, Azərbaycanda erməni kaloniyalarının yaradılması haqqında fikirlər var: "1828 və 1920-ci illər arasında yerlərdə əhalinin demoqrafik tərkibini ermənilərin xeyrinə dəyişmək siyasəti nəticəsində iki milyondan çox müsəlman məcburi olaraq yaşadıqları ərazilərdən sürgün edilib və dəqiq məlum olmayan sayda insan isə qətlə yetirilib. Ruslar iki dəfə - 1828 və 1854-cü illərdə Şərqi Anadoluya hücum edib, lakin hər iki halda geri çəkilməyə məcbur olub. Geri çəkilərkən onlar özləri ilə 100000 ermənini də Qafqaza gətirib və yurdlarından qovulan və məhv edilən türklərin (azərbaycanlıların) yerlərində yerləşdirib".
Bunu Amerika mənbələri yazır. Erməni saxtakarlığını ifşa edən dəyərli faktlardan biridir.
Tarixçi tarixi mənbələrə istinadən bildirdi ki, 1877-1878-ci illər müharibəsində ruslar Qars-Ərdahan vilayətini zəbt edib, müsəlmanları qovaraq onların yerində 70000 erməni məskunlaşdırıb: "1895-1896-cı illər hadisələrində isə təxminən 60000 erməni Qafqazda məskun edilib. I Dünya Müharibəsi illərində miqrasiya balanslı şəkildə davam edib, Şərqi Anadoludan olan 400000 erməni Qafqazın 400000 müsəlman əhalisinə dəyişdirilib. Amerika akademikinin göstərdiyi rəqəmlərə görə, 1828 və 1920-ci illər arasında Azərbaycana 560000 erməni köçürülüb. Bununla da Şərqi Qafqazın ruslar tərəfindən işğalı nəticəsində Azərbaycan torpaqlarında - Araks çayının şimalında erməni əhalisi sürətlə artmağa başladı. Bununla bağlı diqqətəlayiq bir faktı da Z.Balayanın özü etiraf edib: "Onun (Yerevanın) əhalisi başqa yerlərdən gəlmələrdir. Əslində həqiqi yerevanlı yoxdur". Akademik A.İ. İonisian bu barədə yazır: "Yerevan şəhərinin əhalisinin yalnız dörddə biri ermənilərdir, azərbaycanlılar burada mütləq üstünlük təşkil edir".
Rus imperatoru I Nikolayın 21 mart 1828-ci ildə verdiyi fərmana görə, Azərbaycanın Naxçıvan və İrəvan xanlığı ləğv olunub, onların yerində rus hakimləri tərəfindən idarə olunan "Erməni mahalı" adlanan yeni inzibati qurum yaradılıb. 1849-cu ildə bu mahalın adı dəyişdirilərək Yerevan quberniyası qoyulub.
Ermənilər hiylə və məkr, saxtakarlıq yolu ilə daha geniş türk ərazilərinə sahib olmaq istəyirdi. Əlbəttə, bu qorxaq toplum bunu aşkar şəkildə edə bilmirdi, özlərini yazıq görkəmə salaraq havadarlarından istifadə edirdilər. Belə ki, ərazilərinin genişləndirilməsi məqsədini güdən ermənilər 1836-cı ildə rusların köməyi ilə Azərbaycanda o zaman fəaliyyət göstərən Alban Patriarxat Kilsəsinin ləğv olunmasına və onun mülklərinin erməni kilsəsinə verilməsinə nail oldular. Bu da olduqca ciddi faktdır və erməni saxtakarlığını sübut edən məsələdir. Onu da vurğulayaq ki, ermənilər bu addımları atmaqla öz tarixlərini də saxtalaşdırıb. İndi onlar bu saxta tarixin kələfini elə dolaşdırıblar ki, ondan özləri də baş aça bilmir. Alban Patriarxat Kilsəsini ləğv etdirib onun mülklərinə yiyələndilər. Çox təəssüf ki, ermənilər bu ərazilərə köçürüldü və onların bura köçürülməsi yerli xalqlara, aborigen əhaliyə baş ağrısı gətirdi.
Tarixi mənbələrdə ermənilərin bu açıq saxtalaşdırma işinə başlaması aşkar şəkildə göstərilir. Məşhur rus tarixçisi V.L.Veliçko bu barədə yazırdı: "Səhvən erməni adlandırılan, əslində isə erməni-qriqorian təriqətini qəbul edən və yalnız üç-dörd əsr əvvəl erməniləşmə prosesinə qədəm qoyan əhali müstəsnalıq təşkil edirdi". Bunu erməni müəllifi B.İşxanyan da öz yazısında təsdiq edir: "Dağlıq Qarabağda məskunlaşmış ermənilərin bir qismi yerli olub qədim alban xalqının nəsilləri, bir qismi isə Türkiyə və İrandan qaçmış və Azərbaycan torpaqlarında sığınacaq tapmış erməni əhalisidir".
Onu da qeyd edək ki, məqsədli şəkildə Cənubi Qafqazda etnik tərkibin süni surətdə dəyişdirilməsi prosesi baş verməyə başladı. Erməni ailələri sürətlə Cənubi Qafqaza köçürülürdü.
Ermənilər Zaqafqaziyaya köçürülərkən onların harada yerləşdirilməsinə xüsusi diqqət yetirilirdi.
A.S.Qriboyedov yazırdı: "Rus ordusunun tutduğu rayonlardan - Təbriz, Xoy, Salmas, Marağadan bütün erməniləri Naxçıvan, İrəvan və Qarabağ vilayətlərinə köçürmək lazımdır". Qriboyedovun bu tövsiyəsi layiqincə yerinə yetirildi.
Şavrov bu haqda belə yazırdı: "Ermənilər erməni əhalisinin cüzi miqdarda olduğu Yelizavetpol (Gəncə - tarixi mənbə) və İrəvan quberniyalarının ən yaxşı xəzinə torpaqlarında yerləşdirildi. Yelizavetpol quberniyasının dağlıq hissəsi (Dağlıq Qarabağ) və Göyçə gölünün sahilləri bu ermənilərlə məskunlaşıb".
Bəli, beləliklə, ermənilərin köçürülməsi ilə adları çəkilən ərazilərin etnik tərkibi dəyişdirilməyə başladı.
Tarixçi bildirir ki, 1823-cü il məlumatına görə, Qarabağ vilayətinin (keçmiş Qarabağ xanlığının ərazisi) 20 minə yaxın ailəsindən cəmi 1,5 minini erməni ailəsi təşkil edirdi. Köçürmədən sonra əhalinin etnik tərkibi kəskin şəkildə dəyişdi: "Mənbələrə əsasən qeyd edə bilərik ki,
1832-ci ildə azərbaycanlılar Qarabağ əhalisinin 64,8 %, ermənilər isə 34,8 %-ni təşkil etdi. Bu siyasət məqsədyönlü şəkildə davam etdirilməyə başladı. XIX əsrin 80-ci illərində Şuşa qəzasında əhalinin milli tərkibində azərbaycanlılar 41,5 % ermənilər isə 58,2 % oldu. Rusiyada əhalinin 1897-ci il siyahıya alınmasına görə, bu rəqəmlər 45 və 53 %, 1917-ci ildə isə 40,2 və 52,3 % olmuşdu. 1918-1920-ci illərdə Ermənistan Respublikasının törətdikləri azərbaycanlı qırğınları Qarabağı da əhatə etmişdi.
1923-cü ildə Dağlıq Qarabağ Muxtar Respublikasını təşkil edərkən tarixi ədalətsizliyə yol verildi, Qarabağın dağlıq və aran hissəsi süni şəkildə bir-birindən ayrıldı, erməni əhalisinin konsolidasiyası üçün əlverişli şərait yaradıldı, azərbaycanlıların demoqrafik mövqeyinə ciddi zərbə vuruldu.
1926, 1959, 1970, 1979-cu illərdə keçirilmiş siyahıyaalmalara görə, DQMV-nin azərbaycanlı və erməni əhalisi müvafiq olaraq 10,1 və 89,1 %; 13,8 və 84,4 %; 18,1 və 80,5 %; 23,0 və 75,9 % olub.
Dağlıq Qarabağ erməniləri 1978-ci ildə buraya köçürülmələrinin 150 illiyini qeyd edib, bu münasibətlə Mardakert-Ağdərə rayonunun Marağaşen-Leninavan kəndində xüsusi abidə qoymuşlar. Bu abidə ermənilərin bu ərazilərə köçürülməsinin 150 illiyinə həsr edilmişdi. Sonra o abidəni də yoxa çıxardılar.
Ermənilərin köçürülməsi, qeyd edildiyi kimi, həm Rusiyanın, həm də Ermənistanın siyasi mənafeləri ilə bağlı olub. Onu da qeyd edək ki, iqtisadi mənafe ilə bağlı olan məsələlərdə çox pərgar olan ermənilər bu siyasi oyunların acınacaqlı nəticələrindən dərs ala bilmədi, Rusiya və Ermənistan liderlərinin onlar üçün müəyyən etdiyi fitnə və xəyanət rolunu həmişə canla-başla və amansızlıqla yerinə yetirməkdə davam etdi, hər dəfə də bu əməllərin qanunauyğun nəticəsi kimi milli məğlubiyyət və faciəyə düçar olublar. Bu fitnəkarlığın başlıca obyekti olan Türkiyə və Azərbaycan müəyyən çətinliklərə baxmayaraq, həmişə bu imtahandan uğurla çıxıb. Həmişə sülh və əminamanlığın tərəfində olan Türkiyə və Azərbaycan xalqı erməni fitnəkarlığına qarşı qardaş mövqeyi göstərə bilib".
İradə SARIYEVA