Övliya Çələbi 25 mart 1611-ci ildə İstanbulda anadan olub. 1648-ci ildə yüz yaşını aşdıqdan sonra vəfat edən atası Dərviş Məhməd Zilli bəy geniş mədəniyyətə sahib bir sənətkar olub. Məhməd Zilli bəy Fatih Sultan Məhməd xanın mirələmlik xidmətində olan Yavuz Ər bəyin nəvələrindən idi. Yavuz Ər bəy fəth zamanı payına düşən qənimət pulu ilə Unqapı səmtində bir çox əmlak alıb.
Zaman keçdikcə bu əmlaklar Yavuz Ər bəyin nəvəsi Məhməd Zilli bəyə vərasət olub. Övliya Çələbi Unqapıdakı bu evlərdən birində doğulub. Atası dövrün tanınan imamlarından olan Məhməd bəyə çox böyük hörmət hiss etdiyinə görə oğlunun adını Övliya qoyub.
Övliya Çələbinin atası Məhməd Zilli bəy babası Yavuz Ər bəy kimi dövlətə çox önəmli xidmətlər edib. O, Sultan Əhməd zamanında Məkkədə xidmət edib, Sultan Əhməd camisinin naxışlarını işləyib. Belə sənətkar bir atanın övladı olan Övliya Çələbi yaxşı bir təhsil alıb. İlk təhsilini Sıbyan məktəbində alan Övliya Çələbi daha sonra Həmdi bəyin mədrəsəsində yeddi il boyunca təhsilinə davam edib. Bu zamanlar o, müqəddəs kitabımız Qurani-Kərimi əzbərləyib.
Mədrəsə təhsilini tamamladıqdan sonra atasının yanına gələn Övliya o dövrün alim və sənətkarlarının söhbətlərini dinləyib. Məhz bu söhbətlər Övliya Çələbidə gəzmə, görmə və yazma arzusu oyadıb. O zamanın gözəl incəsənət növlərindən hüsnü-xətt və nəqqaşlıq sənətini atasından öyrənib. 1635-ci ildə xalasının həyat yoldaşı Silahdar Əhməd ağanın vasitəsilə Ayasofya camisində Dördüncü Murad xana təqdim edilən Övliya Çələbi yüksək səviyyəli dövlət adamlarının, alimlərin və yüksək rütbəli hərbi şəxsiyyətlərin yetişdiyi Əndərun məktəbinə daxil olub.
Şəhadətnaməsi ilə məşhur olan türk yazıçısı və səyyahı Övliya Çələbi hələ gənc yaşlarından səyahət etmək, yer üzündə yaşayan müxtəlif cəmiyyətləri, qurulan mədəniyyətləri, memarlıq əsərlərini tanımaq arzusunda olub. Atasının Qanuni Süleyman dövründən qalma bir şəxs olması və onun anlatdıqları onsuz da digər ölkələrin insanlarını və yer üzünü tanımağa marağı olan qeyri-adi zövq sahibi Övliya Çələbini gəzib-görməyə daha da həvəsləndirib. Bu fikri necə həyata keçirə biləcəyini düşünən Övliya Çələbi Aşura gecəsi yuxusunda Ahi Çələbi camisində camaatın arasında Peyğəmbər əfəndimizi görüb, onun hüzuruna gəldikdə isə "Şəfaət, ya Rəsulallah" yerinə "Səyahət, ya Rəsulallah" deyib. Peyğəmbər əfəndimiz də təbəssümlə bu gəncə həm şəfaətini müjdələyib, həm də səyahət ehsanını edib. Orada olan Səəd ibn Əbu Vaqqas da Övliya Çələbiyə gəzdiyi yerləri və gördüklərini qələmə almasını tövsiyə edib.
Yuxudan oyandıqda ilk iş olaraq röyasını zamanın məşhur yuxu yozucularından olan Qasım paşa Mövləvidən Şeyx Abdullaha anladıb. Şeyx Abdullah da bu yuxunu gözəlcə yozumladıqdan sonra "Əvvəlcə bizim bu İstanbulu təhlil et" tövsiyəsini edib. Övliya Çələbinin ilk fəaliyyəti olan İstanbul səyahətləri nəticəsində tam bir İstanbul tarixi sayıla biləcək "Səyahətnamə"nin birinci cildi əmələ gəlib. Ancaq atası onun Taşraya çıxmasına qarşı olub, izn verməyib. Fəqət 1640-cı ildə köhnə dostu Oxçuzadə Əhmədlə gizlicə Bursaya gedən Övliya Çələbinin səfəri bir ay çəkib. Səfərdən döndükdə və gördüklərini qeyri-adi ifadələrlə atasına danışdıqda, artıq oğlunu tuta bilməyəcəyini anlayan atası onun səyahətə çıxmasına izn verib. Beləcə, türk-islam dünyasının dünyaca tanınan bir şəxsiyyəti meydana gəlib.
İstanbulda dörd il qaldıqdan sonra Yusif paşa ilə Hanya səfərinə qatılan Övliya Çələbi sonra təkrar İstanbula dönüb. Sonrakı il Dəftərzadə Məhməd paşa ilə Ərzuruma gedib. Dəftərzadənin səfərinə qatılaraq Azərbaycan və Gürcüstanı başdan-başa gəzmək fürsətini əldə edən Övliya Çələbi Bakını və Tiflisi də gəzib gördükdən sonra 1647-ci ilin qışını Ərzurumda keçirib.
1650-ci ildə Mələk Əhməd paşanın vəzir təyin olunması ilə Övliya Çələbinin əlinə bir çox yeri gəzmək fürsəti keçir. Vəzir Özi bəylərbəyliyinə təyin olununca Övliya Çələbinin də 23 avqust 1651-ci ildə ilk Rumeli səyahəti başlayır. O, Silistrəyə gedərək, Özi əyalətinin qəsəbə və kəndlərini gəzib-dolaşır. Baba dağı kəndlərində gördüklərini qələmə alır. Bir ara Sofiyaya gedir. Sonra Qara Məhməd paşa ilə Vyanada olur, Trakya, Makedoniya və Teselyanı gəzib-dolaşır. Mora sahillərinə, oradan da Girit adasına keçir, o zamanlar baş verən çox maraqlı hadisələrlə qarşılaşır, gəncliyindən marağında olub görmək istədiyi təbii gözəllikləri görür. Sonralar Övliya Çələbi bütün Anadolunu, Osmanlı imperiyasının Avropada olan bütün torpaqlarını, Suriya, İraq, Misir, Girit, Hicaz, Macarıstan, Transilvaniya, Moldaviya, Polşa, Avstriya, Almaniya, Hollandiya, Dalmacya, Bosniya, Krım, Cənubi Rusiya, Qafqaz, İran... ölkələrini yorulmadan gəzərək gördüklərini qələmə alır. XVII əsrdə nəqliyyat imkanları zəif olan bir zamanda bu işləri görmək asan olmasa da, Övliya Çələbi ömrünün tam əlli ilini səyahətlərə sərf edib.
Övliya Çələbi, ölkə rəhbərlərilə yaxın olmasına baxmayaraq, heç bir zaman yüksək vəzifə arzusunda olmayıb. O, ömrünü dünyanı gəzib-görməyə, yeni insanlar tanımağa, onların yaşayışı və gördükləri işlər haqqında məlumat toplamağa həsr edib. Övliya Çələbi son dərəcə mədəni və qeyri-adi zəka sahibi olması səbəbilə məclislərdə aranan, hər kəs tərəfindən sevilən və hörmət edilən bir şəxsiyyət olub. Övliya sözünün mənası - həyatını Uca Allah yolunda sərf edərək Ona yaxınlaşmağa nail olan təmiz, saf, pak, həlim və gözəl əxlaqa malik müqəddəs şəxs haqqında - "Onda var sanki övliya sifəti" deyirlər. Övliya Çələbinin səmimiliyinə və xoş davranışlarına baxmayaraq, o, gördüyü uyğunsuzluqları açıq bir şəkildə tənqid etməkdən də çəkinməzdi.
Övliya Çələbinin özündən sonrakılara buraxdığı, xüsusilə tarix və coğrafiya sahələrində böyük xəzinə sayılan "Səyahətnaməsi"nin əsli on cilddən ibarətdir. İstanbul kitabxanasında əlyazma nüsxələri vardır.
Səyahətnamədən: "...Həqiqətə görə, türklər Yəfəsin nəvələridir. Qısaca deyə bilərik ki, bütün türk boyları ondan yayılıb, təmiz inamlı, dözümlü, görkəmli və bahadır insanlar olublar. Rum diyarına ilk ayaq basan Səlcuklular 1174-cü ildə Danışmentli bəyləri ilə el və könül birliyi edərək Malatya, Kayseri, Alaniya, Antalya, Karaman, Konya yaşayış yerlərini Rum kayserilərinin əlindən alıb, başlarında buyuran padşah olurlar. Amma onların ilk çıxışları Maveraün çayından olub. Hicrətin 600-cü il (1203/4) tarixində Səlcuklular Turan vilayətinin Mahan şəhəri bəylərindən Süleyman və Ərtoğrulu çökməkdə olan Rum diyarına, Sultan Əlaəddinin yanına göndərirlər. Ərtoğrul bəy Əlaəddinin komandanlarından biri olur. O, oralarda neçə fəthlər həyata keçirir. Əlaəddin öldükdə isə o diyarda liderlərin səsverməsilə Ərtoğrul təkbaşına bəy olur..."
Övliya Çələbi, özünün ifadəsinə görə, ulu Türk elinin piri, Xoca Əhməd Yəsəvinin nəvələrindəndir... Doğrudurmu? Bilmirik. Doğru olmasa belə, o böyük ata ifadəsinin varlığı Övliya Çələbinin fərqliliyini, ucalığını anlatmağa yetər...
Həqiqətən, fərqli həyatıyla, fərqli üslubuyla, fərqli əsərləriylə Övliya Çələbi türk millətinin dahilərindən biri olduğunu isbat edib. Onun üslubu o qədər fərqli olub ki, gəzdiyi, gördüyü yerləri, qarşılaşdığı hadisələri və keçirdiyi hissləri özünə xas bir şəkildə anladıb. Bu qeyri-adi anlatmalarda xüsusi bir gözəllik var. Onun "Səyahətnamə"si türk ədəbiyyatında bu mövzuda yazılan əsərlər arasında ən yüksək səviyyəli əsərlərdən biridir. Övliya Çələbi atamız bu əsərilə bizə XVII əsrin Osmanlı torpaqlarındakı həyat tərzini, şəhərləri, əşyaları, yamacları, dağları, təpələri, qısacası - türklüyün bir dövrünü anladıb və bizə bir dərslik kimi yadigar buraxıb.
Bəli, Övliya Çələbi atamızın çox önəmli və fərqli xüsusiyyətlərindən biri də onun qəlbimizi, könlümüzü qürur hissilə dolduran türkçülüyüdür. O, "Səyahətnamə"sində Osmanlı adını bir dövlət kimi qələmə alır və Osmanlı xalqının, xüsusilə də əsgərinin adını "türk" olaraq anır. Bu ifadə XVII əsrin yazıçısı üçün yüksək bir milli şüur ifadəsidir. O, bu möhtəşəm əsərinin "Ağdəniz adaları" və "Girit fəthi" bölümlərində türk olmanın ucalığını öyərək türk adını sevinclə çəkir, yüksəldir.
Biz onun əsərlərini oxuyarkən obrazlı anlatmaları ilə tanış oluruq. Amma bu bədiilik "Övliya Çələbi" anlatımında, həqiqi Övliya üslubundadır. Qış aylarında Ərzurum və ətrafındakı o sərt soyuqları hamımız bilirik. Bu soyuğun şiddətini Övliya Çələbi "bir pişiyin damdan-dama tullanarkən havada donması" ifadəsilə anladır. Dunaydan tutulan balıqların çoxluğunu Çələbi: "Bu balıqlar bütün Avropaya göndərilir", - cümləsilə ifadə edir. Bunları oxuyarkən üzünüzə şirin bir təbəssüm gəlir və siz bu şişirtmələrin içərisindəki xoş niyyəti anlayırsınız.
Övliya Çələbinin həyatı səfərlərdə, ölkələri gəzməklə keçib. O, Osmanlı Sarayına yaxınlığı ilə bilinən və dövlət adamları tərəfindən sevilən bir insan idi. Onun bu nüfuzu çox yer görməsində və gəzməsində təsirli olub. Bildiyimiz kimi, Fatih Sultan Məhməd xandan bəri Övliyanın ailəsi dövlətin himayəsi altında olan şəxslərdən əmələ gəlirdi. Onun babaları dövlətə çox xidmətlər edib.
Övliya Çələbi fərqli bir insan idi. Ailəsindəki bir çox fərdlər kimi o da dövlət əhəmiyyətli xidmətlərdə iştirak edib. Xalası oğlu Məlik Əhməd paşanın sədarət vəzifəsinə gəlməsilə onun komandanlarını, paşaların əzan çəkənlərini, imamlarını əvəz edərdi. O, şirin söhbətləri ilə hər kəsin sevgi və tərifini qazanıb, Anadolu xalqı tərəfindən elə sevilib ki, bu sevgi və heyranlığın zənginliyi qədər başqa bir misal göstərmək mümkün deyil. O, hər baxımdan millətimizi bir-birinə bağlayan mənəvi bir bağ olub. Onda millətimizin daxili quruluşundakı duyğular və dəyər varlıqları olub. Onu unutdurmayan səbəb budur.
Gəncliyindən başlayaraq etmiş olduğu səyahətlər əsnasında tanımadığı millət, görmədiyi mühit qoymayan bu yüksək və zəngin zəkalı atamız çox maraqlı xidmətləri ilə mədəniyyətimizə dəyişik bir ləzzət qatıb. O, yorulmadan, təngə gəlmədən, usanmadan ölkələri gəzib və gördüklərini qələmə alıb. Hər halda, XVII əsrdə nəqliyyat imkanları zəif olan bir zamanda bu işləri görmək o qədər də asan olmayıb. Bir ömrün tam əlli ilini gəzərək keçirmək hər bir insanın həyata keçirə biləcəyi bir iş deyil. İllərcə at üstündə səyahətlər etməsi onun çevik və sağlam bir vücuda sahib olmasını göstərir. Evləndiyi, fəqət övladının olmadığı məlumdur.
Övliya Çələbinin 1682-ci ildə vəfat etdiyi təxmin edilir.
Ruhu şad olsun!
Fazil QARAOĞLU professor