İsrail-İran atəşkəsinin müddəti barədə ziddiyyətli fikirlər səslənir...

Xaqani Cəfərli: “İranla İsrail arasında atəşkəs elan edilsə də, bu, hərbi əməliyyatların başlanmasına səbəb olan amillərin ortadan qalxması demək deyil”
İyunun 24-də İran və İsrail arasında atəşkəs rejimi qüvvəyə minib. İranın xarici işlər naziri Abbas Əraqçı “X” hesabında paylaşım edərək, ölkəsinin İsrailə qarşı hərbi əməliyyatları yerli vaxtla (24 iyun) 04:00-da (Bakı vaxtı ilə 04:30) dayandırdığını yazıb.
O, həmçinin, İsrailə iyunun 13-dən bugünə qədər davam edən hücumlarda iştirak edən iranlı hərbçilərə minnətdarlığını bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp həmin gün gecə saatlarında etdiyi paylaşımında 6 saat ərzində ilk olaraq İranın, sonra isə İsrailin atəşkəsə başlayacağını bildirmişdi. Onun sözlərinə görə, 24 saat ərzində 12 günlük müharibənin rəsmi sonu olmalıdır.
D.Tramp “Truth Social” sosial şəbəkə hesabında İsrail və İran arasında atəşkəsin artıq qüvvədə olduğunu yazıb və tərəfləri ona əməl etməyə çağırıb: “Atəşkəs rejimi artıq qüvvədədir. Xahiş edirəm, onu pozmayın!”
Buna baxmayaraq, İsraillə İran arasında əldə olunan atəşkəs arada pozulub və hazırda tərəflər sakitliyə riyaət edir.
Bu arada tez-tez müxtəlif fikirlərə də rast gəlirik ki, bu atəşkəs uzun sürməyəcək, hətta “bu mümkün deyil” deyənlər də var.
Ümumiyyətlə, İranla İsrail arasında atəşkəs nə qədər davam edəcək?
“Atəşkəs isə sülh deyil”
Politoloq Xaqani Cəfərli “Bakı-Xəbər”ə bildirdi ki, qarşıda daha böyük qarşıdurma gözlənilir: “İranla İsrail arasında atəşkəs elan edilsə də, bu, hərbi əməliyyatların başlanmasına səbəb olan amillərin ortadan qalxması demək deyil. İsrailin hərbi əməliyyata başlamasının səbəbi İranın İsraili məhv etmək siyasəti və Tehranın nüvə proqramı idi. İran İsraili məhv etmək siyasətindən imtina etmədiyi kimi, nüvə proqramını da davam etdirmək niyyətindədir. Bu isə o deməkdir ki, hərbi əməliyyatlar qaçınılmaz görünür.
Qənaətimcə, Tehran təcavüzkar siyasətindən və nüvə proqramından imtina etmədən Yaxın Şərqdə sülh ola bilməz. Atəşkəs isə sülh deyil. Bunu Azərbaycan xalqı yaxşı bilir”.
X.Cəfərli qeyd etdi ki, sülh yaranması üçün münaqişə tərəflərindən biri münaqişəni davam etdirmək qabliyyətini itirməli, yəni 10 noyabr 2020-ci ildə Ermənistanın təslim olduğu kimi təslim olmalıdır. “İranla İsrail arasında münaqişədə isə tərəflərdən heç biri təslim olmaq niyyətində deyil. Qənaətimcə, bizi daha böyük hərbi qarşıdurma gözləyir. Azərbaycan da bu ehtimalı nəzərə almağa məhkumdur”-deyə X.Cəfərli bildirdi.
İradə SARIYEVA