Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov BBC radiosuna müsahibə verib.
Trend xəbər verir ki, Elçin Əmirbəyov müsahibəsində bildirib ki, Qarabağda humanitar vəziyyət getdikcə yaxşılığa doğru gedir, çünki həm Laçın yolu, həm də Ağdam yolu aktiv şəkildə fəaliyyət göstərir.
O xatırladıb ki, dünən ölkənin mərkəzi hakimiyyət orqanları Xankəndiyə qida və gigiyena məhsullarının olduğu dörd yük maşını humanitar yardım göndərib. Bundan əlavə, Rusiya sülhməramlıları da humanitar yardımı çatdırıblar.
“Biz bu əhalinin bütün zəruri ləvazimatlarla təminatını davam etdirmək niyyətindəyik. Yaralıları çıxaran Beynəlxalq Qızıl Xaç Komitəsi ilə aktiv şəkildə işləyirik. Hesab edirik ki, Qarabağın erməni sakinlərinin bütün digər ehtiyacları qarşılanacaq, o cümlədən, elektrik enerjisi və istiliklə təmin ediləcəklər”, - deyə Prezidentin nümayəndəsi qeyd edib.