Qarabağda müqavimət göstərənlər məhv, təslim olanlar amnistiya ediləcək... Dövlət adından söz...

Azərbaycan Qarabağda silahı yerə qoyan erməni döyüşçülərə amnistiya tətbiq etməyi nəzərdə tutur". Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Reuters" agentliyinə açıqlamasında deyib.
H.Hacıyev qeyd edib ki, hətta keçmiş hərbçi və yaraqlılar barəsində də, əgər onları belə adlandırmaq mümkündürsə, amnistiya tətbiq edilməsi və yaxud bu məsələnin gözdən keçirilməsi nəzərdə tutulur.
H.Hacıyev onu da əlavə edib ki, bəzi ayrı-ayrı qruplar və zabitlər bizim şərtlərimizi qəbul etməyəcəkləri və müqavimət göstərməkdə davam edəcəkləri barədə açıq bəyanatlar verir.
Maraqlıdır, təslim olmayan, müqavimət göstərən hərbçilərin taleyi necə olacaq?
“Azərbaycan dövlətinə tabe olmaq istəməyən ermənilər gedərkən özləri ilə silah-sursat apara bilməyəcək, buna qarşı çıxanlar hüquqi yolla cəzalarını çəkəcəklər”
Siyası şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan dövləti antiterror əməliyyatına qədər də ermənilərə dəfələrlə çağırış edib ki, silahlı qarşıdurmalardan çəkinsin, dinc quruculuq dövlətinə keçilsin. Belə olan təqdirdə Azərbaycan dövləti amnistiya tətbiq etməyi düşünür: “Hadisələrin bu cür inkişafından sonra dövlətimiz yenə də humanizm nümayiş etdirir, çağırırlar edir. Onların terror əməli ilə məşğul olmasına baxmayaraq, yenə də ermənilərə əfv etmək imkanı irəli sürülür. Əfsuslar olsun ki, Azərbaycanın məlum çağırışlarını Qarabağdakı məlum şəxslər qulaqardına vura biləcəklərini düşünür, hətta bəyanatlar belə verirlər ki, biz silahı tərk etməyəcəyik. Təbii ki, onların Azərbaycan dövləti ilə döyüşmək imkanı yox dərəcəsindədir. Sadəcə olaraq, onların məlum bəyanatı emosianal çıxışdır. Nəzərə almaq lazımdır ki, ölkəmiz Qarabağda yaşayan ermənilərə qarşı nə qədər səbrli olsa da, bu bir yerə qədərdir. Onlar bizə qarşı çıxmağa davam etsələr amnistisiyadan belə söz gedə bilməz”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycan dövlətinə tabe olmaq istəməyən, üçrəngli bayrağın altında yaşamaq istəməyən ermənilər seçimlərini etməlidir. Azərbaycan dövlətinə tabe olmaq istəməyən ermənilər gedərkən özləri ilə silah-sursat apara bilməyəcək. Buna qarşı çıxanlar hüquqi yolla cəzalarını çəkəcəklər: “Onlar ancaq öz canlarını götürüb ərazilərimizi tərk edə bilərlər. Bunun üçün onlara şərait belə yaradılıb”.
Günel CƏLİLOVA