Azərbaycanın antiterror tədbirləri nəticəsində bir gündə Qarabağda bütün mənzərə dəyişdi. Trend xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər “Milliyət”ə müsahibəsində deyib.
Nazir qeyd edib ki, Ermənistan 2020-ci ildə 44 günlük müharibədən sonra imzalanan sənədin şərtlərinə əməl etməli idi.
"Amma belə olmadı. Ermənilər son vaxtlar, demək olar, hər gün təxribat törədirdilər. Xəbərdarlıqlara rəğmən, Ermənistanın ritorikasında heç nə dəyişmədi. Nəticədə 44 günlük müharibədə olduğu kimi, azərbaycanlı qardaşlarımız qarşı tərəfə layiqli cavabı verdi.
Azərbaycan Ordusunun antiterror tədbirləri nəticəsində qarşı tərəf təslim olmağa məcbur oldu. Rusiya tərəfi həmin ərazilərin Azərbaycana aid olduğunu söylədi. Rusiya düzgün mövqe ortaya qoydu. Ermənistan baş naziri Nikol Paşinyan Qarabağdakı qanunsuz hərbi birləşmələrlə əlaqəsinin olmadığını deyir. Elə isə onları kim dəstəkləyir?
İnşallah, baş verənlər sülhün istiqamətində addım olar. Ümid edirəm ki, Ermənistan öhdəliklərinə əməl edər və regiona sülh gələr", - deyə Y.Gülər əlavə edib.
Y.Gülər bildirib ki, doğrusu, ABŞ-Ermənistan birgə hərbi təlimlərini ciddi fəaliyyət kimi qəbul etmədik.
"Amma təbii ki, belə gərgin şəraitdə 25 nəfərin oraya gətirilməsi belə yanlış mesaj kimi qəbul edilə bilər. Ona görə də düşünürəm ki, bütün ölkələrin çox həssas davranması daha yaxşıdır", - deyə Türkiyənin milli müdafiə naziri qeyd edib.