Bəlli olduğu kimi, sentyabrın 19-20-də Qarabağda keçirilən lokal antiterror tədbirləri çərçivəsində mülki obyektlər, mülki əhali hədəf olmadı. Yüksək dəqiqlikli silahlardan istifadə edilməklə yalnız hərbi obyektlər vuruldu. Əsgərlər peşəkarlıq göstərərək mülki şəxslərlə bağlı son dərəcə həssas davrandılar.
Çox nadir nümunədir ki, bu miqyasda tədbirlər zamanı mülki əhali demək olar zərər görmədi. Hətta BMT əməliyyatlarında belə mülkilər arasında itki olur. Erməni kanalları, xaricdəki ermənilər 2 gün ərzində davamlı olaraq mülki obyektlərin, insanların vurulduğunu desələr də, bircə fakt ortaya qoya bilmədilər. Hətta Ermənistan baş naziri Nikol Paşinyan özü etiraf etdi ki, sosial şəbəkələrdə Qarabağ əhalisi arasında kütləvi insan tələfatı ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil: “Qarabağda mülki ermənilərə birbaşa təhlükə yoxdur, ermənilərin Azərbaycan ordusu tərəfindən kütləvi öldürülməsi kimi iddialar yalandır”.
“Bütün dünya gördü ki, bizim mülki ermənilərlə heç bir problemimiz yoxdur”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən “Yeni Xətt” Müstəqil Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov bunu bir sıra amillərlə əlaqələndirdi: “Əvvəla, bu bizim xalqımızın humanistliyi ilə əlaqədardır. Nə Birinci Qarabağ müharibəsində, nə İkinci Qarabağ müharibəsində Azərbaycan hərbçiləri mülki şəxsləri hədəf aldı. Ancaq bizdən fərqli olaraq, ermənilər uşaq, qoca demədən hamını qətlə yetirirdilər. İkincisi, lokal xarakterli antiterror tədbirləri həm peşəkarcasına hazırlanmışdı, həm də onun konkret hədəfləri müəyyən olunmuşdu. Bu, genişmiqyaslı hücum əməliyyatı deyildi. Bu, Azərbaycanın suverenliyini tam təmin etmək və sıravi erməni sakinləri xuntanın təsirindən çıxarmaq üçün aparılan lokal antiterror tədbiri idi. Mülki obyektlər, şəxslər vurulsaydı Ermənistan, erməni lobbisi bunu bütün dünyaya car çəkərdi. Ancaq bu mümkün olmadı. Çünki belə bir fakt yox idi. Xüsusən də Paşinyanın Qarabağda mülki ermənilərə birbaşa təhlükənin olmamasını etiraf etməsi ciddi effekt verdi. Məlum oldu ki, həqiqətən də bir sıra dairələrin bununla bağlı apardıqları təbliğat kampaniyası yalandır. Ən əsası faktdır. Ortada fakt yoxdusa, deməli, deyilənlərin heç bir əsası yoxdur. O üzdən hesab edirəm ki, Azərbaycan bu sınaqdan uğurla çıxdı. Bütün dünya gördü ki, bizim mülki ermənilərlə heç bir problemimiz yoxdur. Problem separatizm dalğasında insanları girov saxlayan xunta rejimi idi ki, onlar da ağ bayraq qaldırmağa məcbur oldular. Bundan sonra əsas iş Qarabağdakı etnik ermənilərlə dialoqu genişləndirmək, inteqrasiyanı təmin etməkdir. Bu məsələ də həllini tapacaq”.
Vidadi ORDAHALLI