Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda sentyabrın 19-dan bəri davam edən etiraz aksiyaları ilə bağlı çıxış edib.
Paşinyan canlı efirdə deyib: “Bəziləri tərəfindən zorakılıq tətbiq etməkdə məqsəd asayiş keşikçilərini hövsələdən çıxarmaq və küçələrdə qan tökməkdir”.
Nikol sərt, lakin qanun çərçivəsində, polad mandata uyğun hərəkət edəcəkləri barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, İrəvandakı kütləvi iğtişaşların təşkilatçılarından biri Ermənistanın keçmiş rəhbərlərindən birinin oğludur. Qalanları Qarabağın yüksək rütbəli dairələri ilə əlaqəsi olan tələbələrdir.
Paşinyanın adını konkret olaraq çəkmədiyi şəxs sabiq prezident Robert Köçəryanın oğlu Levon Köçəryandır. O, Paşinyana qarşı aksiyaların keçirilməsində fəal iştirak edir.
“Paşinyan üçün o zaman ciddi təhlükə yarana bilər ki, Qarabağdakı etnik ermənilər...”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, Levon Köçəryanın timsalında Paşinyana qarşı ciddi problemin yaranacağı real deyil: “Əvvəla, L.Köçəryan hansısa lider xüsusiyyətlərinə malik olan şəxs deyil. Bütövlükdə, revanşist düşərgə Paşinyanı devirməyə can atır ki, onların da arxasında Rusiya dayanır. Revanşistlərin sosial bazası güclü olmasa da, maliyyə və media resursları güclüdür. Məsələ ondadır ki, Köçəryan-Sarkisyan cütlüyü 20 il Ermənistanda hakimiyyətdə olarkən ölkəni talayaraq böyük var-dövlət əldə edib. Topladıqları vəsaitlərin bir hissəsi xarici banklarda, digər hissəsi Rusiyanın əmlak sektorunda və digər sahələrdədir. Bunun nəticəsidir ki, revanşist qanada məxsus müxalifətin mətbuatı davamlı olaraq Paşinyan hakimiyyətini tənqid edir. Onlar indiyə qədər elə bir nəticə əldə edə bilmədilər. Çünki erməni cəmiyyəti bu düşərgənin kriminal keçmişini və onların hakimiyyəti dönəmində yaşanan ədalətsizlikləri yaxşı bilir. Bunun nəticəsidir ki, 44 günlük müharibədə ağır məğlubiyyətə uğramalarına baxmayaraq, 2021-ci ilin iyununda keçirilən parlament seçkilərində Paşinyana səs verdilər. Çünki əvvəlki hakimiyyətdən boğaza yığılmışdılar. Düzdür, son bir neçə ayda Paşinyanın reytinqi xeyli aşağı düşüb. Bu, sentyabrın 17-də İrəvanda keçirilən mer seçkilərində də özünü göstərdi. Hakim partiya qalib gəlsə də, səsləri azalıb. Ancaq nə qədər zəif olsa da, revanşistlərdən güclüdür. Üstəlik, Rusiya öz qüvvələrini yenidən Ermənistanda hakimiyyətə gətirməsin deyə, Qərb də Paşinyana yardım edir. Mitinqləri təşkil edən L.Köçəryan da polis tərəfindən saxlanılıb. Bu baxımdan revanşistlərin Paşinyanı devirəcəyi o qədər də real görünmür. Bunun bir səbəbi də mitinqlərə qatılanların elə də çox olmaması ilə bağlıdır. Paşinyan üçün o zaman ciddi təhlükə yarana bilər ki, Qarabağdakı etnik ermənilər Ermənistana köç etməklə bağlı qərar versinlər. O zaman Paşinyanın hakimiyyəti üçün ciddi təhlükə yarana bilər”.
Vidadi ORDAHALLI