Ermənilərin Azərbaycandan yanacaq və qida istəməsinin mənası... Maraqlı yozumlar var…

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti əsasında 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov Qarabağın erməni sakinlərinin təmsilçiləri qismində Sergey Martirosyan və David Melkumyan ilə görüşüb. Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildiriblər.
Eyni zamanda, qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər. Görüşün nəticəsi olaraq onların xahişi müsbət qarşılanıb.
Ermənilərin belə bir istəkdə olması gözlənilən idi.
- “Ermənilərin hansı məsələlərlə bağlı ehtiyaclarının olduğu araşdırılacaq və həmin problemin, istəyin həlli istiqamətində lazımi işlər görüləcək”
Siyasi şərhçi Tural İsmayılov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan tərəfi dəfələrlə vurğulayıb ki, Xankəndidə yaşayan ermənilər də bizim vətəndaşlardır: “Onların istənilən ehtiyacını, problemini ölkəmiz həll etməyə hazırdır. Hesab edirəm ki, indiyə qədər Azərbaycanın uzatdığı dost və sülh əlini sabotaj etmək yerinə ölkəmizin müsbət çağırışlarına normal cavab verilsəydi, antiterror əməliyyatları da keçirilməzdi. Bütün məsələlər sülh yolu ilə həll olunardı. Ancaq onlar hər zaman olduğu kimi, sülh yolu ilə razılaşmağa razı gəlmədi. Nəticədə güclü Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində olduğu kimi, antiterror əməliyyatında da öz sözünü dedi: “Bu gün ölkəmiz qazandığı qələbələrlə Ermənistan baş nazirini “Qarabağ Azərbaycandır” deməyə məcbur etdiyi kimi, ordakı separatçıların tərksilah olmasına da nail olundu. Bu qələbə ilə erməni əsilli vətəndaşlarımızın bundan sonrakı problemləri Azərbaycan tərəfindən həll olunacaq”.
Siyasi şərhçi hesab edir ki, bundan sonrakı dövrdə erməni icmasının nümayəndələri ilə görüş baş tutanda Xankəndidə yaşayan vətəndaşların arzuları, istəkləri dinləniləcək. Onların hansı məsələlərlə bağlı ehtiyaclarının olduğu araşdırılacaq. Və həmin problemin, istəyin həlli istiqamətində lazımi işlər görüləcək: “Bu baxımdan hesab edirəm ki, erməni icması ilə Azərbaycan nümayəndələrinin ilk görüşü kifayət qədər perspektiv vəd edir”.
Günel CƏLİLOVA