“İrəvan Qarabağın atəşkəslə bağlı mövqeyini dəstəkləyir”. Bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.
Daha sonra erməni XİN rəsmisi əlavə edib ki, Qarabağ və Bakı arasında münasibətləri tənzimləmək üçün beynəlxalq mexanizm lazımdır.
Təəccüblüdür ki, Ermənistan rəsmiləri son proseslərdən sonra yaranan yeni reallıqları heç nə olmamış kimi görməzdən gəlirlər. Məsələ ondadır ki, 19-20 sentyabrda aparılan lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağdakı silahlılar silahı yerə qoyub. O cümlədən, Qarabağın erməni sakinləri ilə birbaşa dialoq başlayıb. Bir sözlə, silahlılar ağ bayraq qaldırıb, Yevlaxda yerli erməni icması ilə dialoq aparılır, bir belə hadisədən sonra yenə rəsmi İrəvan “beynəlxalq mexanizm” deyir. Nə beynəlxalq mexanizm?
“Ola bilsin, ya prosesləri izləmirlər, ya da məqsədli şəkildə belə yanlış rəsmi mövqedən çıxış edirlər”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən millət vəkili Ceyhun Məmmədov hesab edir ki, məlum proseslərdən sonra Ermənistan rəsmilərinin əvvəlki mövqedə qalması anlaşılan deyil: “Əfsuslar olsun ki, biz Ermənistanın bir sıra platformalarda yenə də Azərbaycana qarşı təxribat həyata keçirdiyini görürük. Ölkəmizə qarşı sərsəm fikirlər səsləndirdiklərinin şahidiyik. Məsələn, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın BMT-də olduqca qərəzli, böhtançı mövqedən çıxış etdi. Halbuki, onun səsləndirdiyi fikirlərin heç bir əsası yox idi. Azərbaycan Ermənistan tərəfinin Qarabağ erməniləri ilə danışıqlarda ortaya atdığı “beynəlxalq mexanizm”lə bağlı öz mövqeyini bildirib. Beynəlxalq mexanizm odur ki, Qarabağdakı ermənilər Azərbaycanın idarəçiliyində yaşamalıdılar. Həmçinin beynəlxalq hüquqa əsasən onlarla münasibətlər tənzimlənəcək. Eləcə də Azərbaycanın Konstitusiyasına uyğun olaraq bu prosesin həyata keçirilməsi və davam etdirilməsi nəzərdə tutulur. Qaldı ki, Qarabağla bağlı digər məsələlərə artıq bunlar Ermənistanla müzakirə olunmur. Sözügedən məsələlər Azərbaycanın vətəndaşı olan Qarabağ erməniləri ilə müzakirə edilir. Azərbaycan artıq bu istiqamətdə intensiv işləyir. Yevlaxda erməni nümayəndələri ilə dialoq təşkil olundu. Bir sıra məsələlərlə bağlı onların xahişi nəzərə alınıb. Eyni zamanda, Azərbaycan Qarabağ ermənilərinə yeni humanitar yardımlar göndərib. Ona görə də biz Ermənistana tövsiyə edirik ki, eyni yanlışlıqları təkrarlamasınlar. Tarixdən dərs çıxarıb sağlam məntiqlə hərəkət etmək lazımdır. Çünki eyni yanlışları təkrarlamaq onlara baha başa gəlir. Bunu tarixə baxdıqda açıq görmək olur. Ola bilsin, Ermənistanda ya prosesləri izləmirlər, ya da məqsədli şəkildə belə yanlış rəsmi mövqedən çıxış edirlər. Nəticədə belə bəyanatlar verib bölgədə vəziyyəti gərginləşdirirlər. Bütün hallarda Ermənistan tərəfi belə bəyanatlardan, açıqlamalardan uzaq olmalıdır. Qarabağ Azərbaycanındır, oradakı vətəndaşlar bizimdir. Onlarla bağlı məsələlər bizim daxili işimizdir”.
Vidadi ORDAHALLI