Paşinyan Qarabağdakı proseslərin 2 hədəfini görür - baş nazir narahatdır...
.jpg?v=1695398564)
Azərbaycanın Qarabağ bölgəsində, öz ərazisində apardığı lokal antiterror tədbirlərinin əsas mahiyyətini təhrif etməkdən Ermənistanın baş naziri Nikol Paşinyan da qalmayıb.
Belə ki, N.Paşinyan sentyabrın 21-də video müraciətində iddia edib ki, guya Qarabağdakı proseslərin hədəfi Ermənistanda xaos yaratmaq, Ermənistanı hərbi əməliyatlara cəlb etmək olub.
Paşinyan həmçinin qeyd edib ki, Ermənistan Qarabağda baş verənlərə qarışmayıb.
Ermənistanın baş naziri lokal antiterror tədbirlərini tamamilə başqa yönə çəkir, onun mahiyyətini təhrif edir.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Mətin Məmmədli “Bakı-Xəbər”ə “Bu, Paşinyanın növbəti əsassız fikirləridir. Məsələnin əsl mahiyyətini təhrif etməyə yönəlib”-deyə bildirdi.
M.Məmmədlinin fikrincə, ola bilsin ki, Ermənistanın daxilində olan hansısa qüvvələr və xaricindəki hansısa güc mərkəzləri Azərbaycanın Qarabağda keçirdiyi uğurlu antiterror tədbirlərindən Paşinyanyana qarşı istifadə edib. “ Amma Azərbaycanın məqsədi Paşinyanın iddia etdiyi məsələlər olmayıb. Azərbaycanın məqsədi tam aydın idi. Bildiyimiz kimi, bu antiterror tədbirlərinin keçirilməsində məqsəd ondan ibarət idi ki, Qarabağdakı qanunsuz hərbi birləşmələr tərksilah edilsin və ilk növbədə Ermənistan ordusunun qalıqları Qarabağdan çıxarılsın. Onu da qeyd etmək istəyirəm ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 4-cü bəndini, təəssüf ki, Ermənistan 19 sentyabra qədər həyata keçirməyib. Bu da bölgədə əlavə olaraq gərginlik yaradırdı və sülh danışıqlarına, o cümlədən də Qarabağda yaşayan erməni əhalisinin Azərbaycana reinteqrasiyasına ciddi maneə törədirdi. Təbii ki, Azərbaycanın belə bir lokal antiterror tədbirləri keçirməsi ilk növbədə özünün milli təhlükəsizliyini, torpaqları üzərində suverenliyini tam bərqərar etmək istəyindən irəli gəlirdi. Azərbaycanın keçirdiyi antiterror tədbirlərini başqa istiqamətdə təqdim etmək Paşinyanın yenə də ənənəvi auditoriya qarşısında səsləndirdiyi növbəti əsassız, doğru olmayan fikirləridir”-deyə M.Məmmədli qeyd etdi.
İradə SARIYEVA