Hazırda Qarabağ əhalisi üçün birbaşa təhlükə yoxdur, lakin Ermənistanda artıq işçi qrup yaradılıb və Qarabağdan olan 40 minə yaxın ailənin yerləşdirilməsi planı hazırlanıb.
Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan sosial şəbəkədə canlı yayımda bildirib.
Ermənistanın hökumət başçısı qeyd edib ki, vəziyyətdən asılı olaraq əhalinin evakuasiyasının prioritet məsələyə çevriləcəyini istisna etmir. O, ermənilərin Qarabağda öz evlərində layiqli və təhlükəsiz yaşamasının vacibliyini vurğulayıb. Rusiya sülhməramlı kontingentinin Qarabağda olduğunu xatırladan Nikol Paşinyan mülki şəxslərin müdafiəsinin onların öhdəliyində olduğunu qeyd edərək əlavə edib ki, Yevlaxda atəşkəs və vaxtaşırı görüşlər barədə razılıq əldə olunub.
Olduqca hiyləgər bir açıqlamadır. Azərbaycan Prezidenti reinteqrasiya mesajları verir, Qarabağın erməni əhalisinin təhlükəsizliyinə zəmanətin olacağını deyir, Paşinyan isə 40 min ailənin Qarabağdan qaçmağa hazır olduğunu bəyan edir.
Söhbət 40 min adamdan yox, ailədən gedir. Deməli bu, ortalama 160-200 min erməni deməkdir. Paşinyan bu açıqlaması ilə hazırda Qarabağda yaşayan ermənilərin sayını süni şəkildə 5-6 dəfə artırır. Eyni zamanda, güya Azərbaycanın Qarabağda etnik təmizləmə apardığını dünyaya sübut etmək istəyir. Necə deyərlər, bir güllə ilə iki dovşan vurmaq istəyir.
Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyan tez-tez mövqeyini dəyişən siyasətçi kimi xarakterizə olunur: “Antiterror tədbirləri başlayan kimi Paşinyan bəyan etdi ki, Ermənistan bu məsələyə qarışmır. İndi isə deyir ki, Qarabağdan olan qaçqınları qəbul etməyə hazırdırlar. Bu, dünyaya verilən mesajdı ki, güya Azərbaycan Qarabağdakı erməniləri tam olaraq oradan çıxarır. Azərbaycan isə bəyan edir ki, Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə zəmanət verir. Təbiidir ki, burada söhbət dinc ermənilərdən gedir. Artıq bu gün Qarabağdakı ermənilərə ərzaq yardımı yola salınıb. Ermənilər böyük sevinclə həmin yardımı qəbul ediblər. Nikol Paşinyanın Qarabağın Azərbaycanın tərkib hissəsi olması ilə bağlı açıqlaması bəlkə də Azərbaycanla Ermənistan arasında mümkün müharibənin qarşısını aldı. Hazırda Nikol Paşinyana Ermənistan cəmiyyətində ciddi təzyiqlər var. Ermənistan müxalifəti Paşinyana istefa üçün 36 saat vaxt verib.
Ermənistandakı hökumət binasının qarşısına toplaşanlar isə heç 10 min nəfər olmazdı. Bu qədər az insanla hakimiyyət çevrilişi etmək olmaz. Ermənistan daxilindəki hadisələr Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə də təsir edə bilər. Azərbaycan Prezidenti xalqa müraciətində dünyaya bir daha bəyan etdi ki, biz Ermənistanla yeni səhifənin açılmasında maraqlıyıq. Separatçılığa son qoyulduqdan sonra Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması asanlaşacaq. Düşünürəm ki, Qarabağda normal mövqedə olan ermənilərin özləri Azərbaycan vətəndaşı olmaq seçimini edəcək və Ermənistana kütləvi qaçqın qəbul etməyə ehtiyac da qalmayacaq”.
Məhəmmədəli QƏRİBLİ