Erməni mənbələri sentyabrın 21-də Yevlaxda Azərbaycanın mərkəzi hakimiyyət nümayəndələri ilə Qarabağın erməni əhalisinin təmsilçiləri arasında keçirilən görüşü, burada aparılan müzakirələri “Azərbaycan və "Arsax" nümayəndələrinin danışıqları” kimi təqdim edir. Erməni mətbuatı qəsdən Yevlax görüşünün mahiyyətini təhrif edir, dialoqu, müzakirəni “danışıqlar” kimi qələmə verir. Erməni mənbələri niyə məsələnin mahiyyətini təhrif edirlər?
Əlbəttə, erməni mediasının əsas “missiyası” yaxşı işə kölgə salmaqdır. Sözsüz, onlar Qarabağın erməni əhalisinin nümayəndələridir, “Arsax” təmsilçiləri deyil.
“Bir müddət sonra erməni mediası da artıq normal ifadələr işlətməli olacaq”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə bildirdi ki, gündəlik erməni mediasını izləyir və hər dəfə də eyni anormal təqdimatlarla, mənzərə ilə qarşılaşır. “Təkcə bu məsələ deyil, başqa məsələri də yanlış təqdim edirlər. Onlar hələ də xəstə təxayüllərindən əl çəkmək istəmirlər. Hətta dünən (21 sentyabr) erməni mediası qardaş Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin azərbaycanlı həmkarına zəngini və təbrikini belə bir başlıq altında təqdim etmişdilər: "Türkiyə milli müdafiə naziri azərbaycanlı həmkarını Qarabağa hücum etdiyinə görə təbrik etdi". Bu həqiqətən də xəstəlikdir. Hələ də "Arsax", hələ də "Arsax"ın "prezidenti", "naziri" yazırlar. Hələ də Azərbaycanı "təcavüz etməkdə", "işğalçılıqda" ittiham edirlər. Bu xəstəlikdir, sağalmaz erməni xəstəliyidir. Ona görə də, onlar öz istədiklərindən, öz bildiklərindən əl çəkmək istəmirlər. Amma biz bunların təpəsinə döyə - döyə, başlarına vura - vura gerçəkləri anlatmışıq və anlatmağa da davam edəcəyik. Təbiidir ki, bir müddət sonra erməni mediası da artıq normal ifadələr işlətməli olacaq”-deyə bildirən A.Həsrət əlavə etdi ki, erməni təbliğatçıları anormal olmasaydılar Azərbaycanın yer adlarını təhrif etməzdilər. “Cənab Prezidentin sözü ilə desək, özlərinin uydurduqları eybəcər adlarla təqdim etməzdilər. Hələ də Laçına "Berdzor", Ağdama "Akna" deyirlər. Yəni onlar həqiqətən də xəstədirlər. Ona görə də düşünürəm ki bu mərhələ də gəlib keçəcək. Günün birində onlar yavaş-yavaş anlayacaqlar ki, Azərbaycan nə cızıbsa ona uyğun da davranmalıdırlar. Yəni bu saat reallıqlar tamam fərqlidir. Erməni mediasına baxanda elə düşünə bilərsən ki, sanki Qarabağda bir "dövlət" var, sanki bunlar Azərbaycana "dirəniş" göstərir, sanki onları dünya tanımağa hazırlaşır. Amma reallıqlar başqadır. Özləri özlərini aldadırlar, heç nə dəyişməyib, heç nə də dəyişən deyil. Yeri gəlmişkən, dünən gecə mən BMT Təhlükəsizlik Şurasındakı müzakirələrə də baxdım, orada da birmənalı şəkildə hər kəs öz çıxışında anladığını göstərdi ki, (o ifadəni işlətdilər-A.H) əslində "Dağlıq Qarabağ" deyilən bir ərazi vahidi yoxdur. Orada "dövlət", "prezident," status" kimi məsələlər ümumiyyətlə yoxdur. Hamının vurğuladığı bir məsələ var ki, Azərbaycan atəşkəsə əməl etməli, Qarabağdakı erməni əhalinin insan haqlarını təmin etməlidir. Bu da Azərbaycan üçün problem deyil. Azərbaycan mərkəzi hakimiyyəti zatən bəyan edir ki, biz Qarabağdakı erməni vətəndaşlarımızın hüquqlarını ən yüksək səviyyədə təmin edəcəyik, necə ki, başqa vətəndaşlarımızın hüquqlarını təmin edirik. Yəni bu bizim mövqeyimizdir, o da ermənilərin mövqeyidir”-deyə A.Həsrət vurğuladı.
İradə SARIYEVA